Son illərdə Azərbaycanda bir çox xidmətlər elektronlaşdırıldı ki, vətəndaşlar daha rahat şəkildə əməliyyat apara bilsin. Bunun bəzi sahələrdə müəyyən müsbət nümunəsini də görmüşük.
“ASAN Xidmət”in fəaliyyətə başlamasından sonra həm vaxt baxımından, həm də ənənəvi “məmur süründürməçiliyi”ndən azad olduğumuzu deyə bilərik.
Lakin, hələ də bəzi sahələrdə boşluqlar var. Belə ki, Azərbaycanda hələ də şirkət qurmaq və ləğv etməklə bağlı məsələlər sadələşdirilməyib. Bütün dünyada belə əməliyyatların bir neçə saatda icra olunduğu bir zamanda, bizdə sadəcə sənədləri toplamaq üçün günlərlə vaxt sərf olunur. Şirkətin yaradılmasındakı problemlərdən və sürünüdürməçilikdən ötən günlərdə Orxan Məmmədov köşə yazısında ətraflı yazmışdı.
İndi isə şirkətin ləğvetmə prosesi ilə bağlı vətəndaşların şikayətlərini nəzərinizə çatdıracağıq. Məntiqi baxımdan bir qurum ləğv edilərkən proses daha rahat və tez başa çatmalı olsa da, bizdə isə əksinə olaraq yaradılmasından daha da əziyyətli olur. Həmin sənədlərin hazırlanması, yığılması kifayət qədər yorucu prosesdir.
Mülki Məcəllədə hüquqi şəxsin ləğv olunması ilə bağlı şərtlərə nəzərə yetirək. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində hüquqi şəxsin aşağıdakı sənədlərini qeydiyyat orqanına təqdim etməlidir:
– ərizə (“Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında” Ərizə)
– ləğvetmə barədə qərar;
– ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;
– hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd;
– möhür.
Bundan sonra isə vergi orqanı tərəfindən müəyyən məlumatların yoxlanılmasına başlanır.
Vergi ödəyicilərinin uçot məlumat bazasında dövlət qeydiyyatı və vergi uçotu ləğv edilən hüquqi şəxslər barədə aşağıdakı halların mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır:
– qeydiyyatı və uçotu ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin mövcudluğu;
– hüquqi şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması;
– hüquqi şəxsin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotunda olub-olmaması;
– hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə Pos-terminalının qeydiyyatda olub-olmaması;
– hüquqi şəxsin aktiv bank hesablarının olub-olmaması;
– hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;
– hüquqi şəxsin təqdim edilməmiş bəyannamələrinin (hesabatlarının) olub-olmaması.
– Qeyd olunan hallardan biri olduqda hüquqi şəxs tərəfindən həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər (Aktiv uçot vahidlərinin bağlanılması ilə əlaqədar ərizə və sənədləri, təqdim edilməmiş bəyannamələri təqdim etmək, dövlət büdcəsinə vergi borcunun ödənilməsi və s) görülməlidir.
Təsəvvür edin ki, “ASAN Xidmət”lə müsbət təcrübə olsa da, yuxarıda qeyd edilən məsələ ilə bağlı sadələşmə yoxdur. Vergi sistemində də belə bir xidmətin təşkili vacib və zəruridir. O halda hər hansı süründürməçilik hallarına yol verilməyəcək.
Hüquqşünas Əlövsət Allahverdiyev BAKU.WS-ə açıqlamasında qeyd edib ki, qanunvericilik prosesinin özü belə sadələşdirilməlidir:
“Nəzərə alsaq ki, çox hallarda qanunvericilikdə göstərilməyən tələblər də olur. Bu, yolverilməzdir. Xidmət elektronlaşdırıldığı halda vətəndaşların müxtəlif şöbələrə yönləndirilməsi süründürməçilikdən başqa bir şey deyil. Bu proses qısa bir zamanda həll olunmalıdır. Necə ki, kommersiya tipli hüquqi şəxslərin qeydiyyatı 3 gün ərzində həyata keçirilə bilirsə, ləğvi də asan həyata keçirilməlidir. Məsələ burasındadır ki, belə hallarla qarşılaşan vətəndaşların təklif və istəyi nəzərə alınmır. Sanki onların qoyduğu tələb dəyişilməzdir, qanundan üstündür. Bununla bağlı şikayət olunduğu halda da onu qanuni əsaslandırmağa çalışırlar. Odur ki, ilk növbədə qanunvericilik sadələşdirilməlidir”.
Ə.Allahverdiye sözlərinə əlavə edib ki, daha bir çatışmazlıq vergi ödəyicisi olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin üzləşdiyi problemlə bağlıdır:
“Əgər sahibkar faəliyyətini həmişəlik dayandırmaq istəyirsə, onun vergi şəhadətnaməsini müvəqqəti (5 illik) dayandırırlar, onu vergi uçotundan çıxarmırlar. 5 ildən sonra avtomatik olaraq vətəndaşın VÖEN-i yenilənir, vətəndaş da bundan xəbərsiz olur. 3 ildən sonra olan bildiriş gəlir ki, “4 min borcun var”. Maraqlıdır, vətəndaş fəaliyyətini dayandırmaq istədiyini bildirirsə, niyə ona izah olunmur ki, sənin fəaliyyətin 5 illik dayandırılır sonra avtomatik yenilənəcək və ya niyə onu vergi uçotundan çıxarmır?”