Almaniyada ən yüksək əmək haqqı olan peşələrin siyahısı hazırlanıb.
Gehalt.de portalı 2018-ci ildə Almaniyada işçilərin maaşları haqqında böyük həcmdə məlumatları analiz edərək bu siyahını açıqlayıb.
Araşdırmaya görə, Almaniyada ən yüksək maaşları səhiyyə və maliyyə sahəsində çalışanlar alır. Böyük həkim (Almaniyada belə bir vəzifə var) ildə orta hesabla 115 320 avro, şirkətlərin birləşməsi və udulması üzrə mütəxəssis 99 640 avro, fond meneceri 83 640 avro, tibb mütəxəssisi 80 720 avro, mühasib 75 670 avro, satış üzrə regional menecer 74 530 avro, aktuari (sığorta riyaziyyatı üzrə mütəxəssis) 71 040 avro, satış idarəçisi 67 700 avro, birja treyderi 64 780 avro, biznes-developer 62 550 avro qazanır.
Almaniyada ən aşağı maaşı isə restoran və otellərin mətbəxində işləyənlər alır. Araşdırmaya görə, belə işlərdə işləyənlərin orta illik gəliri 21 910 avrodur. Sonrakı yerləri qadın və kişi bərbərləri (ildə 23 200 avro), ofisiantlar (23 620 avro), kol-sentr işçiləri (25 200 avro), resepşndə oturanlar (25 370 avro), kassirlər (26 570 avro), aşpazlar (27 200 avro), stomatoloq köməkçisi (27 990 avro), tərbiyəçilər (28 000 avro) və sürücülər (28 440 avro) tutur.