Huawei” noutbuk və smartfonlarında “Windows” və “Android” əməliyyat sistemlərini öz əməliyyat sistemi ilə əvəzləyə bilər.
Bu barədə CNBC yazır.
Şirkət bildirib ki, yalnız ABŞ hökuməti onun məhsullarında “Google” və “Microsoft” sistemlərindən istifadəyə qadağa qoyacağı təqdirdə, belə bir addım atacaq. “Huawei” rəsmiləri gələcəkdə də “Google” və “Microsoft”la əməkdaşlığı davam etdirmək istədiklərini vurğulayır.
Telekanalın məlumatına görə, Çin bazarı üçün nəzərdə tutulmuş əməliyyat sistemi artıq bu il hazır olacaq, beynəlxalq bazarlara isə 2020-ci ilin əvvəli və ya ortalarında çıxarıla bilər.
Qeyd edək ki, Çinlə ABŞ arasında ticarət müharibəsinin gərginləşməsi fonunda, mayın 16-da ABŞ Ticarət Nazirliyi Çinin “Huawei” şirkətini qara siyahıya salıb və onun ABŞ hökumətinin icazəsi olmadan Birləşmiş Ştatlara aid avadanlıq və proqram təminatı almasına qadağa qoyub. Vaşinqton şirkəti Çinin xeyrinə casusluqda ittiham edir.