Biznes plan nədir? Biznes plan necə yazılır?

    0
    247

    Biznes plan nədir? Biznes plan necə yazılır?

    Son zamanlar ölkəmizin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar olaraq çox tez-tez «biznes» sözünü eşidir, müxtəlif yazılarda ona rast gəlirik. Biznesin planlaşdırılmasından, Biznes-Plandan da söhbət gedir.

    Bəs biznes nədir? Terminologiya lüğətlərində «biznes» – «gəlir əldə etməyə yönəldilmiş iqtisadi fəaliyyət» kimi izah edilir, yəni bizneslə məşğul olmaq, gəlir əldə etmək deməkdir, biznesin məqsədi isə gəlir əldə etməkdir. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada adamlar əvvəlcədən özlərinin Biznes-Planlarını tərtib etmədən işə başlasınlar. Bu tamamilə aqrobizneslə, yəni kənd təsərrüfatı, emal sənayesi və onların xidmət sahələri ilə məşğul olan iş adamlarına da aiddir.

    Biznes-Plan iki hissədən: görüləcək işin ideyasından, məqsədindən və bu ideyanın, məqsədin həyata keçirilməsindən, təşkilindən ibarətdir. Başqa sözlə dedikdə Biznes-Planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək əqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır.

    Biznes-Planın tərtib edilməsinin üç mühüm əhəmiyyəti vardır:

    • 1. Biznes-Plan – biznesin, yəni gəlir əldə etməyin idarə olunmasının əsaslarını hazırlamaqda istifadə edilə bilər.
    • 2. Biznes-Plan elə bir alətdir ki, iş adamı onun köməkliyi ilə təsərrüfatın müəyyən dövr ərzində faktiki fəaliyyətinin nəticələrini qiymətləndirə bilər.
    • 3. Biznes-Plan – təsərrüfatın inkişafına pul vəsaitinin cəlb edilməsinin, «tapılmasının» vasitəsidir.

    Qeyd olunanlar bir daha onu sübut edir ki, hər bir iş adamı üçün əvvəlcədənBiznes-Planın tərtib edilməsi olduqca vacibdir və əksinə, bunsuz işə başlamaq kompassız okeana çıxmağa və tanımadığın bir ölkəyə xəritəsiz səyahətə getməyə bənzəyir. Elə buna görədir ki, ölkəmizdə sahibkarlığın inkişafına kömək etmək istəyən xarici ölkə sərmayədarları və ya iş adamları burada olarkən ilk növbədə sahibkarlıqla məşğul olmaq istəyən adamların Biznes-Planlarının olub-olmaması ilə maraqlanırlar. Əgər bu plan yoxdursa onlar belə əməkdaşlıqdan imtina edirlər.

    Biznes-Plan müqəddimədən, yəni girişdən və iki fəsildən ibarət tərtib edilir: Birinci fəsildə biznesin təsviri, ikinci fəsildə isə maliyyə planı verilir. Lakin bilmək lazımdır ki, bu fəsillər bir-biri ilə üzvü surətdə bağlıdır və biri – digərini tamamlayır. Yəni maliyyə planını hazırlayarkən hökmən biznesin təsviri fəslində müddəalara əsaslanmalıdır.

    Müqəddimə. Burada müəssisə (təsərrüfat) haqqında ətraflı məlumat verilir, təhsilinizi, sənətinizi, nə vaxtdan indiki işlə məşğul olmağınızı göstərirsiniz. Sonra biznesin hansı forması ilə (əkinçiliyin, heyvandarlığın konkret sahələri, tədarük-ticarət, texniki xidmət, emal və s. ) məşğul olmaq istədiyinizi göstərməli və bunu əsaslandırmalısınız. Nə üçün siz bu bizneslə məşğul olmaq qərarına gəlmisiniz, bunun nə kimi əhəmiyyəti var? Siz öz bilik, bacarıq və həyat təcrübəniz, maddi imkanınız ilə bu biznesin inkişafına nail ola biləcəksinizmi? Sonra isə aşağıdakı fəsilləri və bölmələri yazmalısınız.

    Biznesin təsviri

    1) Ehtiyatlar. Bu bölmədə biznesi aparmaq üçün mövcud ehtiyatlarınızı göstərməlisiniz. Yəni nə qədər torpaq sahəniz, bina, maşın, avadanlıq və işçi qüvvəniz vardır? Avadanlığınız nə vəziyyətdədir, onu qaydaya salmaq üçün nə etmək lazımdır? Əlavə istehsal vasitələrinə ehtiyac varmı və onlar necə və haradan alınacaqdır və ya icarəyə götürüləcəkdir.

    2) Məqsəd. Bu bölmədə aşağıdakı suallara cavab verilməlidir:

    • Siz başlamaq istədiyiniz biznesi necə təsəvvür edirsiniz?
    • Siz onun inkişafını necə təmin edəcəksiniz: əqlinizlə, fiziki əməyinizlə, maliyyə vəsaitinizlə?
    • Nə vaxt bu biznesdən gəlir götürmək fikrindəsiniz?
    • Siz bu işlə nə qədər (neçə il) məşğul olmaq istəyirsiniz?
    • Bu biznesdən əldə edəcəyiniz gəliri təsərrüfatın (müəssisənin) inkişafına sərf etmək fikriniz varmı və yaxud başqa bir işə yönəltmək istəyirsiniz?

    3) Təsərrüfatın (müəssisənin) yerləşəcəyi yer. Siz öz bisnesinizlə harada məşğul olacaqsınız? Təsərrüfatın (müəssisənin) yerləşdiyi sahə biznesin inkişafına təminat verirmi? Təsərrüfatın yerləşdiyi sahənin infrastrukturu (su, elektrik enerjisi və nəqliyyatla təminatı) müştərinizlə əlaqə yaratmağa imkan verirmi?

    4) Məhsul və ya xidmət. İstehsal etdiyiniz və ya edəcəyiniz məhsul (xidmət) barəsində ətraflı yazın. Sizin məhsulunuzun alınmasına (və ya göstərəcəyiniz xidmətə) olan ehtiyacı əsaslandırın, ətraflı şərh edin. Bu maddəni yazmağa başlayarkən özünüzə aşağıdakı sualları verin:

    • Mən insanları necə inandıra bilərəm ki, onlar mənim istehsal etdiyim məhsulu alsınlar və ya mənim xidmətimdən istifadə etsinlər?
    • Bu məhsul və ya xidmət istənilən olacaqmı?
    • Hazırda bu məhsulu alacaq və ya bu xidmətdən istifadə edəcəklərmi?
    • Mənim müştərilərim üçün bu məhsul zəruridirmi, yoxsa bundan bir zövq, ləzzət və ya şöhrət üçün istifadə edəcəklər?
    • İqtisadi inkişaf bu məhsula və ya xidmətə necə təsir edəcəkdir?
    • Bu məhsula və ya xidmətə olan ehtiyac davam edəcəkmi?
    • Yeni texnologiyanın inkişafı bu məhsulu və ya xidməti köhnəldə bilərmi?

    5) Rəqabət. Sizin seçdiyiniz fəaliyyət sahəsi nə dərəcədə rəqabətlidir? Bu fəaliyyətlə çoxmu adam məşğul olur? Siz öz məhsulunuzu və ya xidmətinizi necə hamıdan yaxşı edəcəksiniz? Siz məhsulunuzun qiymətində, nadirliyində, keyfiyyətində rəqabət edəcəksinizmi?

    6) Bazar. Sizin alıcılarınız kimlərdir? Onların gəlirləri, maraq və ehtiyacları nədən ibarətdir? Sizin məhsula bənzər məhsulları onlar necə (tez-tezmi, gecmi) alırlar? Sizin daimi müştəriləriniz barədə ətraflı məlumatınızın olması, bazarınızın həcmini müəyyən etməkdə sizə kömək edər.

    7) Qanunlar və qaydalar. Sizin işinizi və sahənizi tənzimləyən hansı qanunlar və qaydalar vardır? Siz təsərrüfatınızın, müəssisənizin, ümumiyyətlə biznesinizin inkişafında və müdafiəsində bu qanun və qaydalara necə əməl edəcək və onlardan necə istifadə edəcəksiniz?

    8) Marketinq planı. Bu bölmənin şərhindən əvvəl marketinq anlayışını izah etmək lazımdır. Marketinq bizneslə məşğul olanların, biznesmenlərin istehsal və satış prosesinə fəal təsirlərini əks etdirən bir anlayışdır. Bazarın kompleks təhlilinə əsaslanaraq məhsulu, xidmətə təlabatı məqsədyönlü formalaşdırmaq vasitəsilə, məhsul satışı probleminin həllinə yönəldilmiş, istehsal və satışın idarə edilməsi sisteminə marketinq deyilir.

    Belə bir misal: Bir nəfər əla məhsul istehsal edirdi, lakin hələ təkcə əla məhsul istehsal etmək ona heç bir müvəffəqiyyət vermirdi. Nə qədər ki, adamlar onun əla məhsul istehsal etməsindən xəbərsiz idilər o, məhsulunu nə sata və nə də ondan mənfəət götürə bilirdi. Bu adam çıxış yolu tapdı. O öz məhsulunu təbliğ etməyə, tanıtmağa başladı: adamlara öz məhsulu barədə məlumat verdi, qəzetlərdə elanlar dərc etdi, dükanlarda və bazarda məhsulunu əks etdirən plakatlar asdı və s. Bir müddətdən sonra onu hamı tanıdı və bu məhsulun satışı artdı. İstehsalın və satışın artması onun gəlirini də artırdı.

    Bu bölmədə siz öz reklam planlarınızı geniş şərh edin. Öz nüfuzunuzun artması üçün nə edəcəksiniz? Siz daha çox nəyə əhəmiyyət verəcəksiniz – keyfiyyətə, yaxud qiymətə?

    9) İşçilər. Siz kimlə işləyəcəksiniz, ailə üzvlərinizlə, yoxsa əlavə işçilər də tələb olunacaq? Neçə nəfər? Siz işçiləri hansı əlamətlərinə görə seçəcəksiniz?

    10) İdarəetmənin təşkili. Siz öz təsərrüfatınızı, müəssisənizi tək, yaxud şərikli idarə edəcəksiniz? İzah edin; şəriklik nə əsasda həyata keçiriləcək, kimin payına nə düşəcək?

    11) Maliyyə planı. Bu sizin planınızın çox mühüm hissəsidir, biznesə başlamağın ən məsuliyyətli və çətin məqamıdır. Çünki, elə bir adam yoxdur ki, işin əvvəlində maliyyə çətinlikləri ilə rastlaşmasın. Siz hesablamalısınız ki, nəzərdə tutduğunuz təsərrüfat fəaliyyətini (biznesi) həyata keçirmək üçün sizə nə qədər pul lazımdır.

    Deməli maliyyə planında biznesinizi həyata keçirmək üçün sizə lazım olan pulun məbləğini göstərirsiniz. Sonra özünüzün maliyyə imkanlarınıza baxırsınız, nə qədər nağd pulunuz var? Bunu da planda göstərirsiniz. Bundan başqa mülkiyyətinizdə elə bir əşya, vasitə vardırmı ki, (əşya, avadanlıq və s. ) onu satıb çatışmayan xərcinizi ödəməyə istifadə edəsiniz? Bunlar hamısı sizin maliyyə planınızın aktivini, yəni maliyyə imkanlarınızı təşkil edir.

    Əgər sizin aktiviniz biznesə başlamağa imkan vermirsə, bu zaman siz maliyyə köməyi almaq üçün kiməsə müraciət etməlisiniz. Biznesdə yenicə işə başlamaq istəyən üçün bu o qədər də asan iş deyildir. Sizə banklar, dostlarınız və başqaları müəyyən faizlərlə maliyyə köməyi göstərə bilərlər. Bundan başqa təsərrüfat fəaliyyətinizdə lazım olacaq maşın, avadanlıq və s. də maliyyə mənbəyi kimi nisyə olaraq müəyyən faiz ödənişi ilə ticarət təşkilatlarından, aqroservis müəssisələrindən ala bilərsiniz. Beləliklə alacağınız borc pul (faizi də hesablanmaqla) və nisyə maşın, avadanlıq və s. (pul ifadəsində, faizi də hesablanmaqla) sizin passiviniz, yəni borcunuz olacaqdır. Bu da maliyyə planında göstərilməlidir. Lakin maliyyə planının bu hissəsini hazırlayanda siz yaxşı götür-qoy etməlisiniz. Yəni elə maliyyə mənbəyi axtarıb tapmalısınız ki, bu sizin üçün əlverişli olsun.

    Sonra hesablamalısınız ki, sizin biznesinizin nə vaxtdan başlayaraq gəlir gətirəcəkdir? Bundan sonra hər ay və bütünlüklə il üçün və sonrakı aylar və il üçün büdcənizi, gəlir və çıxarınızı (əmək haqqı, vergilər, təsərrüfat və icarə xərcləri və s. ) müəyyən edib bunlara əsasən maliyyə planınızın gözlənilən balansını çıxarmalısınız. Beləliklə hər ayın sonuna alınan balans gələcək ayın əvvəlinin balansı olacaqdır.

    Unutmaq olmaz ki, siz biznesinizin inkişafına nail olmaq istəyirsinizsə, gəliriniz çıxarınızı üstələməlidir. Əks həlda bu, müflisləşməyə səbəb ola bilər. Belə bizneslə məşğul olmaq səmərəli deyil. Deməli planın başqa, əlverişli variantı tərtib edilməlidir. Bir neçə variantda biznes plan işlənildikdən sonra, bu variantların ən səmərəlisi seçilir və gələcəkdə istifadə olunmaq üçün qəbul edilir.