Elvin Dadaşsoy: “Biznesin əvvəlində nə qədər çox sıxıntı çəksən, o qədər sürətli böyüyərsən”
Deyir ki, işin sistemsizliyi, düzgün kadrların seçilməməyi uğursuzluqla nəticələnə bilər. İş quran şəxs ilk növbədə şirkətinin xarakterini müəyyən etməli və ona uyğun kadr seçməlidir. Biznes fəaliyyəti dövründə kifayət qədər pullar itirib, müəyyən sıxıntılar çəkib. Düşünür ki, nə qədər çox sıxıntı çəksən, o qədər sürətli böyüyərsən.
“Biznes” rubrikamızın budəfəki qonağı “Panda School” berindinin yaradıcısı, biznes-təlimçi Elvin Dadaşsoydur.
– Sosial şəbəkədə “Biznes” rubrikamız üçün müsahib axtaranda bir neçə nəfər sizin adınızı qeyd etdi. Görünən odur ki, biznes dedikdə, həmin insanların ağlına Elvin Dadaşsoy gəlib. Sizcə, bu, nəyin nəticəsidir?
– Söhbət biznesdən gedirsə, özümü çox da uğurlu saymıram. 29 yaşım var, bu yaşda həm ölkəmizdə, həm xaricdə daha böyük işlərə imza atan şəxslər görmüşəm. Sadəcə, bir çoxları sosial şəbəkədə aktiv deyil. Yaxşı işlər görən adamlar var, amma başqalarının bundan xəbəri olmur. Ya da həmin adamlar işlərini paylaşmaq istəmirlər. Amma mən paylaşmaqdan, öyrətməkdən zövq alıram. Çox az insan var ki, bildiklərini insanlarla bölüşür. Məsələn, hər il 1000-2000 arası tələbə auditoriyası ilə görüşüb, biznes haqqında seminarlar keçirəm. İstər-istəməz, həmin tələbələr bundan təsirlənib gedib başqalarına danışırlar. Beləcə, bizi əhatə edən insan halqası genişlənir. Çox istərdim ki, bütün biznesmenlər təcrübələrini gənclərlə bölüşsünlər, pulları qazanıb sandıqda gizlətməsinlər (gülür).
– Müsahibələrinizin birində qeyd edibsiniz ki, hərbi xidmətdən qayıtdıqdan sonra biznes qurmaq üçün 1 qəpik belə pulunuz olmayıb, bu səbəbdən nədən və necə başlayacağınızı bilməyibsiniz. Maraqlıdır, illər əvvələ qayıtsaq, bugünkü təcrübə ilə nədən və necə başlayardınız?
– Bugünkü təcrübə ilə çox güman ki, təhsil biznesindən başlamazdım. Məsələn, daşınmaz əmlak, tibb, kosmetologiya bizneslərini seçərdim. Yəni gəlirlilik baxımdan bu sahələr daha əlverişlidir. Amma təhsil biznesinin məmnunluq tərəfi var ki, heç bir biznes insana o qədər rahatlıq gətirmir. Minlərlə insanın həyatının dəyişməsində rolun olduğunu bilmək, mənəvi rahatlıq verir.
– “1 qəpiksiz biznes qurmaq” ifadəsi nə dərəcədə realdır?
– Çox realdır. Əgər sizin biliyiniz varsa, necə olursa olsun, lazım olan maliyyəni tapacaqsınız. Biznesdə əsas məsələ bilikdir. Bilik varsa, pul da var. Pul varsa, bilik yoxdursa, əlində olanı da itirəcəksən.
– Günümüzdə bir çox gəncin biznes-planı var, amma bu planlar ya fikirdə, ya da kağız üzərində qalır. Sizcə, bu biznes-planların reallaşmama səbəbi nədir?
– Düşünürəm ki, insanın həyatında dəyişiklik edib addımı atması üçün 3 nüans olmalıdır. İnsan rahat mühitdədirsə, o dəyişikliyə meyilli olmur. Ona görə də, ilk nüans hazırkı vəziyyətindən narazı olmaqdır. Yəni loru dildə desək, insan özünə baxıb “mən nə gündə yaşayıram” deməlidir. O qədər narazı olmalısan ki, bu, səni silkələyib, addım atmağa məcbur etməlidir. İkinci nüans, gedəcəyin yeri dəqiq bilməlisən, xəyalın aydın olmalıdır. Belə baxanda, hazırkı vəziyyətindən narazı olanlar var, amma hara gedəcəyini bilmir. Narazı olub, hara gedəcəyinizi bilmirsinizsə, yenə də dəyişiklik olmayacaq. Üçüncü nüans isə kiçik addımların atılmasıdır. Yəni həm yerindən narazısan, həm də gedəcəyin nöqtəni bilirsən, amma bunun üçün kiçik addımlar atmırsansa, yerində qalacaqsan. Bu sadaladığım 3 nüans yerinə yetirilərsə, bütün işlər reallaşa bilər.
– Heç müşahidə edibsinizmi ki, gənclər biznes qurarkən hansı səhvlərə yol verirlər?
– Səbəblər çox ola bilər. Məncə, ən birinci amil nəticəni çox tez gözləməkdir. Bəzən işin sistemsizliyi, düzgün kadrların seçilməməyi də uğursuzluqla nəticələnə bilər. İş quran şəxs ilk növbədə şirkətinin xarakterini müəyyən etməlidir. Şirkətin xarakterini işçilərin öhdəsinə buraxmaq olmaz. Qeyd etdiklərim biznesin dəyərlər sistemini formalaşdırır. Yəni bu işdə şirkət rəhbərinin rolu böyükdür. Elə olur ki, biznes rəhbəri hara gedəcəyini, nə iş görəcəyini bilmir. Dəfələrlə şahidi olmuşam ki, şirkət rəhbərləri işçilərin, 1 ildən artıq qalmadığını qeyd ediblər. Bunun səbəbi işçinin rəhbərə etibar etməməyidir. Belə bir deyim var, işçilər işlərini yox, rəhbərlərini tərk edirlər. Nəticə etibarilə demək olar ki, biznesin qurulmasında və inkişafında rəhbərin xarakteri böyük rol oynayır.
– “Biznesdə dəyərlər sistemi” ifadəsini işlətdiniz. Bu ifadəni bir az geniş izah edə bilərsiniz?
– Bu, çox önəmli məqamdır. Kadr seçiminə xüsusi diqqət etməliyik. İşçi yeni komandaya gəldikdə onların hər ikisinin xarakteri üst-üstə düşməlidir. Rəhbər işinin xarakterini bilib, ona uyğun kadr seçimi etməlidir. Xarakteri bilməyən rəhbər yanlış insanı seçir və bir müddət sonra işçidə səhv tapır. Halbuki, ən böyük səhv özündədir ki, yanlış adamı işə götürüb. Amma bu o demək deyil ki, həmin şəxs tamamilə yanlışdır. Bir iş üçün doğru olmayan biri, digər iş üçün uyğun kadr sayıla bilər.
– Günümüzdə izlədiyiniz və uğurlu olduğunu düşündüyünüz bizneslər var?
– Əlbəttə, uğurlu işlər çoxdur. Ümumiyyətlə, mən çox adamı izləmirəm, izlədiklərimin əksəriyyəti də ictimai şəxslər, biznesmenlər və elmi səhifələrdir. Düşünürəm ki, insan var olduqca, uğurlu bizneslər də çox olacaq. Yəni insan mövcud olduğu müddətcə, geyinəcək, yeyəcək. Bu o deməkdir ki, həmişə uğurlu geyim və restoran biznesləri olacaq.
– Bəs, yerli biznes adamlarından kimləri izləyirsiniz?
– (Gülür) “Modern Group Companies” in rəhbəri Anar Bayramovu çox sevirəm, müəllimim olub. İnsan resursları üzrə mütəxəssis Xəqani Səfərovun üslubunu bəyənirəm, ən çox izlədiklərim arasındadır. Kənan Hüseynli, Sənan Nəzərov, Şəmsi Bayramzadə, Orxan Rzayev, Tamerlan İsmayılov var hansı ki, izləyirəm və işlərini bəyənirəm.
– Dəstək göstərdiyiniz və ya dəstək ola biləcəyiniz startaplar hansılardır?
– Açığı, hələ ki heç bir startap layihəsinə dəstək olmamışam. Çox tələbələr fərqli ideyalarla yanıma gəlib, amma hiss etmişəm ki, bu sadəcə, ideyadır, kobud səslənsə də, “quyruğu qapı arasında qalanda” qaçacaq. Yəni qarşı tərəfdən əmin olmamışam. Lakin ciddi olduğunu görsəm, məni buna inandırsa, biznes planından əmin olsam, dəstək olaram.
– Sizə hansı sahədə olan startaplar maraqlı gələ bilər?
– Geyim, daşınmaz əmlak, tikinti, təhsil sahələri maraqlıdır. Amma qida maraqlı deyil. Çünki o sahədə elə də xoş təcrübəm yoxdur, 2 ilə yaxın kofe məkanım olub. Çox incə sahədir. Orada yanlışlıq etmə ehtimalı var və həmin yanlışlıq bir insanın həyatına son qoyar. Bu isə sənin bütün fəaliyyətinin üstündən xətt çəkə bilər.
– “Öz biznesinə başla” təlimləri keçirsiniz. Maraqlıdır, ora gələn tələbələrin sonrakı fəaliyyəti ilə maraqlanırsınız, ya təlim bitdikdən sonra heç bir əlaqə olmur?
– Əslində, həmin təlimlərə hobbi olaraq başladım, zamanla biznesə çevirdim. Təbii ki, maraqlanıram, əlaqələrimizi davam etdiririk. Təxmini, tələbələrimin sayı yüzü keçib və mütəmadi olaraq danışırıq. Təlimlərimin çox gözəl nəticələri olur. Elə tələbələrim var ki, işindən çıxıb özünə biznes qurub və indi məndən çox pul qazanır (gülür). Məsələn, havalandırma biznesi quran bir tələbəm var, onunla fəxr edirəm. Belə nümunələr çoxdur.
– Biznesin qurulması və inkişaf etdirilməsində maliyyənin idarə olunması biliyi nə dərəcədə önəmlidir?
– Təbii ki, çox önəmlidir. Biznesmenlər görə bilərsiniz ki, fəaliyyətə başladığı ilk dönəmlər böyük məbləğdə pullar qazanır, amma bir müddət sonra çöküş baş verir. Çünki əldə etdikləri pulu idarə edə bilmirlər. Buna görə pulun idarə olunmasını öyrənmək çox vacibdir. Biznesi, açdığın başla idarə edə bilməzsən. Biznes açdığın başı inkişaf etdirib, biznesi idarə edə biləcək baş səviyyəsinə qaldırmalısan.
– Qeyd edibsiniz ki, uğurlu biznes üçün zamanında gələn ideya lazımdır. Maraqlıdır, hər ideyanı uğurlu biznesə çevirmək olar?
– Əlbəttə, əksər ideyanı uğurlu biznesə çevirmək mümkündür. Məncə, biznesin uğurlu olması ideyadan çox, onu reallaşdıran insandan asılıdır. Dəfələrlə olub ki, çox yaxşı ideyalarla rastlaşmışam, düşünmüşəm ki, bu, niyə mənim ağlıma gəlməyib. Amma 6 ay sonra görmüşəm həmin biznes batıb. Həmçinin tam əksi də baş verib. Elə ideyalar olub ki, gəlirli olacağını düşünməmişəm, bir müddət sonra rəhbərinin yaxşı pul qazandığını görmüşəm. Demək ki, ideyadan çox, həmin biznesin rəhbəri önəmlidir.
– İşlərinizin birində 6 min itirdiyinizi qeyd edibsiniz. Həmin an bu itkini necə qarşıladınız, hansı hissləri keçirdiniz?
– Həmin hadisə universitet dövründə olub. Amma deyim ki, biznes fəaliyyətimə başladığım dövrdə də nə qədər 6 minlər itirmişəm. Ən birinci dəfə itirəndə çox pis olmuşdum, düşünürəm ki, həmin dövrdə nə əcəb infarkt olmamışam (gülür). Üstəlik də ailəmin kasıb vəziyyətdə yaşadığı, işimin olmadığı bir vaxtda bu cür situasiya ilə qarşılaşmaq çox pisdir. Amma başqa cür də inkişaf etmək, böyümək olmaz. Məncə, biznesin əvvəlində nə qədər çox sıxıntı çəksən, o qədər sürətli böyüyərsən.
– Qeyd etdiniz ki, son 6 ildə də nə qədər 6 minlər itiribsiniz. Maraqlıdır, bu itkilərin səbəbi nədir?
– Təbii ki, yanlış qərarlar. Yanlış yerdə biznes qurmaq, yanlış adamı işə götürmək. Bütün yanlışlar itkilərə səbəb olur.
– Biznes haqqında kitab yazsaydınız, ön sözünü kimin yazmağını istəyərdiniz?
– Əlbəttə ki, Anar Bayramovun (gülür). Anar Bayramov və Xəqani Səfərovun yeri mənim üçün tamam başqadır. Ümumiyyətlə, biznes fəaliyyətimi Anar və Xəqani bəyi tanıyana qədər və onları tanıdıqdan sonrakı dövr olaraq iki yerə bölürəm. Onu da qeyd edim ki, hazırda sıfırdan biznes qurmaqla bağlı kitab yazıram, adı “Kapitalsızdır” və ön sözünü Anar müəllimin yazmağını istəyəcəyəm.
– Son olaraq biznesə başlamaq istəyən gənclərə məsləhətiniz nələrdir?
– Mənə elə gəlir ki, günümüzdə bir çox gəncin həyatında onlara doğru yolla getməyə imkan verməyən, zamanını alan detallar var. Misal üçün, sosial şəbəkədən həddindən artıq istifadə etmək, zamanı orada boşa keçirmək, doğru karyera yolunu seçməmək və s. İlk olaraq həyatımızda nələrin yanlış olduğunu müəyyənləşdirib onları ixtisar etməliyik. Əgər bir insan gününün 4-5 saatını sosial mediada əsas səhifəni yeniləməklə keçirirsə, o, necə uğurlu ola bilər? Düşünürəm ki, böyük xəyallar qurmaq, ona çatmaq üçün öz üzərində işləmək və heç vaxt yolundan dönməmək, insanı təsəvvür belə etmədiyi yerlərə gətirib çıxara bilər.