Artıq məlumdur ki, Huawei şirkəti Mate 30, Mate 30 Pro və Mate 30 Lite smartfon modelləri üzərində çalışır. İndi isə bu seriyadan olan Mate 30 Pro barəsində ilkin məlumatlar ortaya çıxıb. Bu barədə QQ.com saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən Mate 30 Pro smartfon modeli iki versiyada təqdim olunacaq: 4G və 5G dəstəkli.
Mate 30 Pro 6.71 düym OLED ekranla təchiz olunacaq. OLED ekranları isə BOE şirkəti istehsal edəcək. Ekran üzərində çıxıntı hissənin olub-olmayacağı barəsində heç bir məlumat yoxdur. Smartfon yeni Kirin 985 prosessoru ilə təchiz olunacaq. Məlumata əsasən həmin prosessor Kirin 980 modelindən 10-20% daha yüksək performans sərgiləyəcək.
Smartfon həmçinin dörd ədəd arxa kameraya sahib olacaq. Kamera özəllikləri barəsində məlumat verilməsə də çox güman ki, onlar P30 Pro modelindəki kimi olacaqlar. Smartfon həmçinin 55 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4200 mAh enejri tutumlu batareya ilə də təchiz olunacaq. Mate 30 Pro modelinin bu ilin payız fəslində satışa çıxacağı gözlənilir.