Keçən ay Xiaomi Mi Band 4 fitnes qolbağının iki versiyası Bluetooth SIG-də sertifikatlaşdırmadan keçmişdi. İndi isə sözügedən qolbaq Tayvanın NCC adlı agentliyinin məlumatlar bazasında aşkar edilib. Agentliyin saytında qolbağın tam və hissələrə ayrılmış şəkildə fotoları ortaya çıxıb. Bu barədə Droidshout saytına istinadən 4pdasaytı xəbər verib. Mi Band 4 qolbaqlarını Huami şirkəti istehsal edəcək. Bu şirkət həmçinin Xiaomi üçün bütün daşınıla bilən cihazların istehsalı ilə məşğuldur.
Dünyanın ən məşhur fitnes qolbağının dördüncü nəsli xarici görünüşcə Mi Band 3-dən heç də fərqlənməyəcək. Mi Band 4-də əsas fərqlilik ondan ibarət olacaq ki, qolbağın sensor düyməsinin altında dərinləşmə olmayacaq. Yeni qolbağın ekran ölçüsü barəsində heç bir məlumat yoxdur. Lakin vizual olaraq o, Mi Band 3-dəki kimidir. Qolbağın arxa tərəfində həmişəki kimi ürək döyüntülərinin ölçülməsi ötürücüsü var. Mi Band 4 qolbağının ortaya çıxmış fotolarında həmçinin qolbaq üçün nəzərdə tutulmuş şarj stansiyası da əks olunub.
Həmin şarj stansiyası əvvəlki qolbaq modellərində olan şarj cihazlarından fərqlənir. Fotolardan belə qənaətə gəlmək olar ki, yeni nəsil Mi Band qolbağını şarj etmək üçün onu şarj stansiyasının daxilinə yerləşdirmək lazım gələcək. Heç istisna deyil ki, yayılmış fotolardakı qolbaq final versiya deyil. Məlumdur ki, Mi Band 4 Bluetooth 5.0 Low Energy əldə edəcək və iki variantda satışa çıxacaq. NFC modul ilə olan variant və NFC modulsuz olan variant. Mi Band 4 haqqında hələki digər bir məlumat yoxdur.