Müasir smartfonların çoxları artıq ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunurlar. Lakin bu cür texnologiyaya yalnız OLED ekranlara sahib cihazlarda rast gəlmək olar. OLED ekranlar isə adi maye kristallik ekranlardan daha baha başa gəlir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, çinli mühəndislər hətta IPS matrisalı büdcəli smartfon modellərində ekrana inteqrasiya edilmiş barmaq izi skanını reallaşdırmağa imkan verəcək texnologiya üzərində işi bitirdiklərini elan ediblər. Bu barədə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib.
Biometrik sensor texnologiyasının OLED ekranlara quraşdırılmasının əsas səbəbi həmin ekranların yaxı işıq keçiriciliyinə sahib olmaları idi. Belə ki, yaxşı işıq keçiriciliyi sayəsində sistem birbaşa ekran modulu vasitəsilə istifadəçinin barmaq izinin fotosunu çəkə bilir. Bugün isə Fortsense şirkəti elan etdi ki, o, uğurlu şəkildə maye kristallik ekranlar üçün optik barmaq izi skanı texnologiyasını yaradıb. Mühəndislərin sözlərinə əsasən onlar LCDekranın işıqlandırma sxemini dəyişərək uğurlu şəkildə sensorun konstruksiyasını təkmilləşdirə biliblər.
Şirkət həmçinin bildirib ki, o, barmaq izinin sürətli skanı və əldə olunmuş məlumatların optimizasiya olunması üçün deep learning funksiyasına sahib neyroşəbəkə əsasında xüsusi alqoritm də hazırlayıb. Məlumatda qeyd edilib ki, yeni texnologiyanın reaksiya sürəti rəqib şirkətlərin texnologiyalarında olan reaksiya sürəti ilə eynidir. Şirkət yeni skanerlərin irimiqyaslı istehsalat tarixi barəsində heç bir məlumat verməyib. Çox güman ki, IPS ekranlarda bu texnologiya artıq 2020-ci ildə reallaşdırılacaq.