Dərsi mənimsəməyin yeni üsulunu yaradan müəllim- Startap

Date:

Paylaş:

Günel Əhmədova: “Texnoloji yenilikləri fürsətə çevirmək lazımdır” 

“Tarix elə bir fəndir ki, bunun üçün kitaba baxmağa ehtiyac yoxdur. Yəni bu riyaziyyat deyil ki, uşaq mütləq misalı görməlidir. Məncə, dinləyərək də tarixi öyrənmək olar. Həmçinin, kitab oxumaq üçün mütləq sakit bir mühit olmalıdır. Hətta ən kiçik səs belə, insanın fikrini dağıda bilir. Ona görə də uşaqlara evdə, yolda, parkda, istədiyi vaxt dərsini təkrarlamaq şansı yaratdıq” – Bu sözləri bizimlə söhbətində yenicə istifadəyə verilən “Tarapp” layihəsinin ideya müəllifi və rəhbəri Günel Əhmədova söylədi.  

Pedaqoji Universitetin tarix fakültəsini bitirən həmsöhbətim deyir ki, iki il əvvələ qədər Bakıdakı məktəblərin birində tarix müəlliməsi işləyib: “Eyni zamanda, repetitorluqla da məşğul idim. İşlədiyim dövrdə müşahidə edirdim ki, uşaqlar dərsi dinləməyə daha çox üstünlük verirlər, nəinki oxumağa. Bəzi uşaqların valideynləri də mənə deyirdi ki, biz dərsi oxuyuruq, onlar dinləyir. Bir neçə dəfə universitetə hazırlaşan uşaqların, səsimi diktofona yazdığını gördüm. Bunun səbəbini soruşduqda dedilər ki, belə daha yaxşı yadımızda qalır. Hazırlığa gəlməzdən əvvəl yolda dərsi dinləyərək təkrar edirik. Başa düşdüm ki, belə bir şeyə tələbat var. Həm də indiki dövrdə tələbələr və şagirdlər dinamik həyata meyllidir. Texnoloji yenilikləri onlar üçün bir fürsətə çevirmək lazımdır. Həmin vaxt bu layihənin ideyası yarandı. Fikirləşdim ki, əgər alınsa, bu layihə uğurlu olacaq”.

Günel deyir ki, layihənin tam olaraq hazırlanması iki il çəkib: “Əvvəlcə daha uğurlu və keyfiyyətli bir iş ərsəyə gətirmək üçün öz istəyimlə ərizə yazaraq işdən çıxdım. Həmçinin, repetitorluq fəaliyyətimi də dayandırmalı oldum. Buna görə məni qınayan az olmadı. Hamı deyirdi ki, hazır dövlət işindən çıxmaqla ağılsızlıq edirsən. Layihəm haqda heç kimə deməmişdim. İşdən çıxdığıma görə, ailə büdcəsinin bir hissəsi də kəsildi. Həmin vaxt müəyyən maddi sıxıntılarımız oldu. Demək olar ki, bu mərhələdə təkbaşına idim. Ən böyük dəstəkçim isə həyat yoldaşım oldu. Yalnız o işdən çıxanda məni qınamadı, əksinə, anlayışla qarşıladı. Təkcə bu layihədə deyil, həmişə mənə dəstək olmağı bacarıb. Məncə, onun dəstəyi olmasaydı, bu qədər qınaqlara və tənqidlərə dözə bilməzdim”.

 

Daha sonra səsyazma prosesinə başlayan müsahibim ev şəraitində hazırladığı konspektləri audio versiyaya çevirib: “Lazımi materialları toplayaraq səsyazmaya başladım. Təzə başlayanda bu işin belə çətin olacağını düşünməmişdim. Adi bir səsə görə dəfələrlə pozub yenidən yazmalı olurdum, çünki studiya şəraitim yox idi. Məcbur olub qapıları, pəncərələri sıx örtürdüm. Hərdən nahar vaxtı küçədə o qədər səs-küy olurdu ki, saatlarla oturub gözləməli olurdum. Həmçinin, əsas məqamlardan biri də düzgün səsləndirmədir. Səsin tonuna da diqqət etmək lazımdır. Çünki deyiliş tərzindən çox şey asılıdır. Dərsi uşağa elə formada izah etməlisən ki, tam aydın olsun”.

Həmsöhbətim deyir ki, yerli platformalarla əməkdaşlıq baş tutmadığına görə, xarici platformaya müraciət edib: “Səsyazma mərhələsindən sonra layihəni hər hansı bir platformada yerləşdirməli idim. Əvvəlcə yerli platformalara, ilk olaraq “Applab” İnnovasiya Mərkəzinə müraciət etdik. Biz layihəni təqdim etdiyimiz zaman çox müsbət qarşılandı. Amma onlar layihəni komanda şəklində qəbul etdiyinə görə, əməkdaşlığımız alınmadı. Başqa bir platformaya müraciət etdikdə isə layihəni əvvəlcə mobil tətbiqetməyə yükləyib sonra müraciət etməli olduğumuzu bildirdilər. Amma bunun üçün isə bizim komandada proqramçı yox idi. Proqramçı ilə işləmək isə böyük məbləğ tələb edirdi və buna imkanımız çatmırdı. Beləcə, beynəlxalq platformalar haqda araşdırmalar etdik. “Audible” platformasına müraciət etdik. Amma bu platformanın ödəniş qaydası çətin olduğuna görə, fikirləşdik ki, istifadəçilərə çətinlik yarada bilər. Nəhayət “Udemy” platformasına müraciət etdik. Bu platforma isə video formatı tələb edirdi. Biz də məcbur olub görüntü olsun deyə, səsləri montaj etdik. Təqribən 300-ə yaxın video-material hazırlandı. Nəhayət, bu mərhələ başa çatdıqdan sonra platforma, layihəmizi qəbul etdi”. Daha əvvəl belə bir layihə olmadığını deyən Günel qeyd etdi ki, fənlərlə bağlı qısa videomateriallar var. Amma dərsliklərim vahid formada səs yazı versiyası yoxdur: “Video materiallara baxmaq üçün kompüterə və ya telefona köklənməli olursan.  Bizim əsas məqsədimiz odur ki, uşaqlar yorulmadan, daima bir yerə bağlı şəkildə qalmadan dərsi mənimsəyə bilsinlər. Hal-hazırda uşaqların əksəriyyəti eynəkdən istifadə edir. Fikirləşdim ki, bu üsulla onlara kömək edə bilərəm. Uşaqlar indi bu tətbiqetməni yükləyərək istədikləri vaxt dərsi dinləyə bilir. Ucqar bölgələrdə yaşayan insanlarda belə mobil telefon var. Hər kəs sosial şəbəkə istifadəçisidir. Ona görə də, layihəni daha çox sosial şəbəkə üzərindən tanıtmağa çalışırıq ki, hər kəs xəbərdar olsun. Ödəmə sistemini elə qurmuşuq ki, istənilən kart üzərindən etmək mümkün olsun. Pensiya, tələbə, təqaüd, maaş, yəni istənilən kartla ödəniş etmək mümkündür. İstifadəni asanlaşdırmaq üçün video-çəkiliş edib öz “facebook” səhifəmizə yerləşdirdik. İndi hər kəs istədiyi vaxt bu dərsliyi əldə edə bilər. İOS və Android əməliyyat sistemlərindən rahatlıqla endirmək olar.  İstifadəçilər kupondan istifadə edərək endirimlər qazana bilər. Bunun üçün sosial mediada nümunələr yerləşdirmişik ki, əvvəlcə dinləyə bilsinlər. Azərbaycan və dünya tarixi üzrə dərsliklər vahid formaya salınıb. Ayrı-ayrılıqda hər birinin  qiyməti 20 manatdır”.  

Layihə üzərində işləyərkən bir sıra çətinliklərlə qarşılaşan müsahibim deyir ki,  hər şey insanın özündən asılıdır: “Nəyisə əldə etmək üçün qarşıdakı maneələri keçməyi bacarmalısan. “Edə bilmərəm” ifadəsini işlətmək olmaz. Məncə, qarşısına məqsəd qoyan hər kəs öz istəyinə çata bilər. Layihənin uğurlu olacağına inanıram. Çünki biz onu təqdim etdikdən qısa müddət sonra artıq bir neçə nəfər alıb.

Hazırda maraqlananların sayı da çoxdur. Çünki tarix elə bir fəndir ki, bunun üçün kitaba baxmağa ehtiyac yoxdur. Yəni bu riyaziyyat deyil ki, uşaq mütləq misalı görsün. Dinləyərək tarixi öyrənmək olar. Həmçinin, kitab oxumaq üçün mütləq sakit bir mühit olmalıdır. Kiçik səs belə, insanın fikrini dağıda bilir. Amma belə olan halda uşaq qulaqcıq taxaraq dərsi rahat dinləyə bilir. Evdə, yolda, parkda istədiyi vaxt dərsi təkrarlamaq olar. Bu layihə həm də müəllimlərin istifadəsi üçün faydalıdır. Çünki tarix elə bir fəndir ki, daim təkrarlamaq lazımdır. Həmçinin, əksər universitetlərdə birinci kurs tələbələri Azərbaycan tarixindən imtahan verir. Tələbələr üçün də istifadəsi əlverişlidir. Üstəlik, xarici ölkədə yaşayan vətəndaşlarımız da bundan yaralanmaqla dilimizi və tariximizi unutmayacaq. Onların öz övladlarına Azərbaycan tarixini ana dilimizdə öyrətmək şansı var. Digər tərəfdən, görmə məhdudiyyəti olan şəxslər üçün istifadəsi məqsədə uyğundur”.  

Sonda müsahibimə uğurlar arzulayıb gələcək planları haqda soruşduq: “Özüm ingilis və rus dillərini bilirəm. Layihəni gələcəkdə genişləndirərək bu iki dildə səsləndirməyi fikirləşirəm. Həmçinin, təkcə tarix yox, digər humanitar fənləri səsləndirmək haqda da düşünürəm. Bu fənlər üzrə kitabların audio versiyasını hazırlamaq niyyətim var. Amma bu işə başlamazdan əvvəl araşdırmalar edəcəyəm. Tələbat olub-olmadığını öyrənəcəyəm. Hələlik layihənin formatına dəyişiklik etmək niyyətim yoxdur. Gələcəkdə tələbat olarsa, bunu edə bilərəm”.  

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...