Uğur qazanan insanların 15 sirri

Date:

Paylaş:

Bu yaxınlarda maraqlı bir yazı oxudum, tərcümə edib bloqumda yazmağı özümə borc bildim. Düzdür, bu tipli yazılardan uzağam və əslində uğursuzluqlardan ibrət götürməyin daha düzgün olduğuna inanıram. Bu yazıda xoşuma gələn o cəhət oldu ki, uğur qazananlar əslində bunun səbəbini uğursuzluqlardan dərs çıxardıqlarına borclu olduqlarını deyirdilər. İş həyatının başında olan tələbə və ali məktəb məzunlarına faydalı olmaq ümidilə yazını sizə təqdim edirəm.

James Altucher 11 uğurlu kitab müəllifi sahibkar, 20-dən çox şirkətə yatırım etmiş investordur. Öz bloqunda o, davamlı olaraq məşhur biznesmelərdən və yaradıcı insanlardan müsahibələr alır. 80-dən çox müsahibələrin nəticəsində o, uğur qazanan şəxslərin 15 ortaq cəhətini ortaya qoydu. Gəlin bu cəhətlər ilə daha yaxından tanış olaq:

1.Uğur asta yanan ocaq kimidir.

Soyuq havada, qaranlıq meşənin ortasında heç kim bu odun alışıb qısa zamanda yanıb bitməsini istəməz. Buna görə də ocaq asta-asta yanmalı, sizi və ətrafınızdakıları qızdırmalıdır. Gördüyünüz iş də bu ocaq kimidir. İndi, bu saat gəlir gətirmək üçün özünü fəda etmək yanıb kül olmağa bənzəyir.

2. Uğura gedən yol asta addımlardan ibarətdir.

Bu yolda hər gün az da olsa addım atmaq lazımdır. Məqsədə nail olmaq üçün tələb olunan işləri yorulmadan, usanmadan hər gün icra etmək sizə uğur qazandıracaqdır.

3. Əzmkar olmaq fokuslanmaqdan daha vacibdir.

Nə qədər bir işə fokuslansanız da əzmkarlıq olmasa bir nöqtədə qırılacaqsız. Dünyada ən yumşaq maddə sudur, amma damcı-damcı daşları şəkilləndirmək gücünə malikdir.

4. Verməyi bacarmaq alacaqlarından daha vacibdir.

Öz qazancınızı düşünmədən bölüşməyi bacarın. Şəxsi məqsədlər sizi uzağa aparmayacaq. Bu kainatda qoyulan qanun odur ki, ancaq başqalarına yardım və dəstək olmaqla uğur qazanmaq mümkündür.

5. Çətin problemləri həll etmək məğlubiyyəti aşmaqdan daha vacibdir.

Uğurun yolunda əlbət ki, məğlubiyyətlər olacaq. Amma onları aşmaq məqsəd olmamalıdır, onlar qarşınıza qoyduğunuz məqsədə nail olmaq üçün bir vasitədir. Məşhur alim Dan Ariely-in bədəninin böyük hissəsi yanmışdı, bu çətin imtahanda o, ağrı psixologiyasını öyrənib nəticədə davranış psixologiyası üzrə Nobel mükafatına layiq görüldü.

6. Uğur qazanmaq üçün həyatınıza bütöv bir şəkil kimi baxın.

Ayrı-ayrı nöqtələri birləşdirmək bir qabiliyyət tələb edir: sizi siz edən kiçik hadisələr, keçirdiyiniz hisslər, emosiyalar, bəyəndikləriniz, oxuduqlarınız. Bütün bunları analiz edib vahid bir şəkil yaradın. Sizin bu şəkliniz sizdən sonrakı nəsillərə qalacaq. Onu necə etmək sizdən asılıdır.

7. Gördüyünüz iş sadəcə biznes deyil, şəxsidir.

İtalyan mafiyasının məşhur deyiminin əksinə gördüyünüz işdə hər şey şəxsi münasibətlərə dayanır. İnsanlar bir-birinə yardım və etibar etməklə, yol göstərib öyrətməklə uğur yolunda addımlayır. Biznesdə sizə uğur qazandıran tərəfdaşlarınız, müştəriləriniz, işçilərinizdir – onlarla şəxsi, etibara dayanan münasibət qurun.

8. Uğura heç kim zəmanət vermir, sizdən tələb olunan bacardığınızı tam ortaya qoymaqdır. 

Allahdan başqa heç kim gələcəyi görə bilməz, amma Allah insanlara gördüyü işə, göstərmiş olduğu əzmkarlığa və arzularına görə verir. Gələcəkdə nə qədər qazanacağınızı düşünməyin, indi, bu gün öhdənizə düşəni tam olaraq yerinə yetirin.

9. Bəxt var, amma o daha çox çalışanlara qismət olur.

Əksər uğurlu bizneslər bəxt üzərində qurulub desək yanılmarıq: bu bəxt insanların lazımı yerdə, lazımı anda olmasıdır. Amma harda və nə vaxt olmağı bilmək üçün çox çalışmaq lazımdır.

10. Hər kəsin öz doğru yolu var.

Scott Adams Dilberti çəkənə qədər 20-dən çox peşədə çalışmışdı. Judy Joo Wall-Street-dən ayrılıb aşbaz olanda hamı şok olmuşdu – hazırda isə o, qida kanalının baş aşbazıdır. Uğura gedən yol hər kəs üçün unikaldır. Başqalarının sizin üçün tikdiyi həbsxanalara girməyin, onların qoyduğu məhdudiyyətlərə görə həyatınızı şəkilləndirməyin. Şəxsi azadlıq içinizdən başlayır, daha sonra divə dönüşərək sizə uğur qazandırır.

11. Kiçik də olsa yaxşılıqlar edin.

Başqasına biliyinizi verib təcrübənizi bölüşməklə öz dünyanızı genişlətmiş olursuz. Sabah bu sizə yaxşılıqla geri dönəcək. Qazanacağınız uğuru keçmişdə, uzun müddət ərzində etdiyiniz yaxşılıqlara borclu olduğunuzu görəcəksiniz.

12. İlk öncə özünüzə qayğı göstərin.

Təyyarədə qəza halında hava maskasını ilk öncə özün taxmalısan. Özün-özünə yardım etməsən heç kim sənə yardım etməz. Həyata pozitiv bax – ətrafında daha çox müsbət enerjinin yaranacağını görəcəksən. Uşaqlar gün ərzində ortalama 300 dəfə gülür, orta yaşlı insan isə cəmi 5 dəfə. Neqativi azaltmağın bəlkə də yeganə yolu gülümsəmək və sevinmək üçün bəhanələr axtarıb tapmaqdır. Uğur isə ancaq pozitiv zəmində yaranır

13. İnsanlar sevdiyi işdə uğur qazanır və ya uğur qazandığı işi sevməyə başlayır.

Hamı çoxlu pul qazanmaq istədiyini deyir, amma əslində hamı sevdiyi işlə məşğul olmaq istəyir. Uğur qazananlar hamısı öz sevdiyi işi ilə uğur qazanıb və ya gördüyü işi sevərək uğur qazanıblar.

14. İnsanlar hamısı bir qayığın içindədir.

Hansı yaşda olursan ol, ictimaiyyəti maraqlandıran, cəmiyyətin inkişafı üçün vacib olan məsələlərin müzakirəsində və həllində iştirak etməlisən. Öz yuvana qapanmaqla, cəmiyyətdən qopmaqla bu iş alınmaz. Qazandığın uğuru da cəmiyyətə, sadə insanlara borclu olduğunu unutmamalısan.

15. Rahatçılıqdan çox insanı rahat edən heç nə yoxdur.

Uğur qazanmaq üçün həqiqətən də konfort zonasından kənara çıxmaq lazımdır. Səhv etməkdən qorxmayın, riskli addımlar atın. Sizə qarşı olan insanlarla görüşün, danışın. Tənqidə qulaq asın. Nəticəsini özünüz görəcəksiniz.

Qeyd: bu yazıda bir çox şey sizə tanış gələcək, bəlkə də hamısını biləcəksiz. Amma, həqiqət odur ki, yalnız səbr və təkrar etməklə uğur qazanmaq mümkündür. Suyun daşı zamanla şəkilləndirməsi kimi siz də öz uğurunuzu səbr və əzmlə qazanacaqsız.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...