Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri dünyada ekran panelləri satışına görə liderlik edir.
Bu barədə “IHS Markit” bazar araşdırmaları təşkilatı məlumat yayıb. Bildirilib ki, 2018-ci ildə Cənubi Koreya şirkətlərinin satışı əvvəlki illə müqayisədə bir qədər azalsa da, onlara dünya liderliyini davam etdirməyə mane olmayıb. Ötən il orta və böyük ölçülü ekran panelləri üzrə 26,1 milyard dövriyyəsi olan “Samsung” 23,7 faizlik pay ilə dünya liderliyini qoruyub.
“LG” isə ötən il 21,5 milyard dollarlıq dövriyyə edərək, dünya bazarında 19,6 faizlə ikinci olub.
Dünya ekran panelləri bazarında üçüncü yerdə 10,4 faizlik pay ilə Çinin “BOE Technology” şirkəti qərarlaşıb. Növbəti yerlərdə Tayvan və Yaponiya istehsalçıları gəlir.
“IHS Markit”in mütəxəssisləri Cənubi Koreya məhsullarının yüksək keyfiyyəti və səmərəliliyi, Çin məhsullarının isə daha münasib qiymət ilə fərqləndiyini bildiriblər.