Vençur maliyyələşdirməsi

    0
    221

    Vençur maliyyələşdirməsi

    Elmi-texniki araşdırmaların, kəşflərin, ixtiraların, kiçik və yeni şirkətlər tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirmə forması və müvafiq mexanizmin elementidir.

    Banklar və kredit qurumları adətən kredit riskinin minimum olduğu sahələrə üstünlük verirlər. Buna görə də yeni yaradılan şirkətlərin kreditlərdən istifadə etmək imkanı həmişə məhduddur. Şirkətlərin mövcud olması müddətinə dair sərt tələblər (3-5 il), onun aktivləri, minimum emissiyasının həcmi, kiçik şirkətlərin öz qiymətli kağızları ilə fond bazarına çıxmalarına mane olan səhmlərin buraxılması proseduru ilə bağlı tələbləri həmin şirkətlərin qiymətli kağızlar bazarına çıxmasını praktiki olaraq qeyri-mümkün edir. Bu vəziyyət kiçik tədqiqatlarla və tətbiq layihələri ilə məşğul olan müəssisələrin fəaliyyətinin maliyyələşdirilməsi üçün vençur maliyyələşdirməsi sisteminin yaranmasına səbəb olmuşdur.

    Pul kapitalı sahibləri ixtiraçılara və sahibkarlara ssudalar verərkən kredit müqabilində əmlakın girov qoyulması barədə iddialar təqdim etə və ya onların

    dəqiq müəyyən olunmuş müddətdə öz yeniliklərini bazara çıxaracaqlarına, mənfəət əldə edəcəklərinə və borcun faizlə bərabər qaytarılacağına zəmanət vermələrini tələb edə bilməzlər. Kreditorlar ssuda kapitalı üçün səciyyəvi olan bütün maddələr üzrə öz kapitalını riskə məruz qoyur. Buna görə də bu cür riskin dərəcəsi yüksək hesab edilir.
    Bununla bərabər, yüksək risk müqabilində öz kapitalını dövlətin qiymətli kağızları, sənaye müəssisələri və bankların səhmləri şəklində yerləşdirməklə, birjada möhtəkirlik etməklə əldə edilə biləcək qazancdan qat-qat artıq qazanc əldə etmək imkanı yaranır. İnvestorlar riskin ən az olması üçün eyni vaxta bir neçə müəssisəyə sərmayə qoyur ki, iflasa uğramış müəssisələrin düşdüyü zərər uğur qazanmış müəssisələrin hesabına ödənilsin.

    Risk kapitalının tətbiq etdiyi sığortalanma üsulu layihələrin mərhələlər üzrə maliyyələşdirilməsidir. Vençur maliyyələşdirməsinin mahiyyəti kreditin borc qəbzləri almaqla verilməsindən ibarətdir. Bu halda borc səhmlərə və ya yeni şirkətin səhmlərinin alınmasına konversiya edilir (ilk dövrlərdə, bəlkə də ümumiyyətlə gəlirləri olmayan səhmlər).

    Vençur maliyyələşdirmənin mənbələri:
    – risk kapitalının qeyri-rəsmi bazarı;
    – peşəkar vençur kapitalı.

    Peşəkar vençur kapitalı bazarı adətən peşəkar səviyyədə idarə edilən investisiya vəsaiti şəklində çıxış edir. 1958-ci ildə ABŞ-da müvafiq qanun qəbul edildikdən sonra kiçik müəssisələrin yaradılması və inkişafını maliyyələşdirmək üçün xüsusi kapitalı və dövlət vəsaitlərini özündə birləşdirən kiçik investisiya şirkətləri yaradılmağa başlanmışdır.