Efiopiyada “Boeing 737 Max 8” təyyarəsinin qəzaya uğramasından sonra Amerikanın “Boeing” kompaniyasının bazar dəyəri 26,6 milyard dollar azalıb.
Martın 12-də Nyu-Yorkun fond birjasında (NYSE) keçirilən hərracların nəticəsinə əsasən, kompaniyanın aksiyaları 6,15 faiz ucuzlaşaraq 375,41 dollara enib. Son iki gün ərzində bu göstərici 11 faizdən çox olub. Martın 8-də aksiyaların qiyməti 422,54 dollar təşkil edirdi.
Beləliklə kompaniyanın kapitalı iş həftəsinin əvvəlindən bəri 26,6 milyard dollar aşağı düşərək 212,1 milyardadək azalıb. Martın 8-də keçirilən hərraclarda onun kapitalı 238,7 milyard dollar idi.
Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.
Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr və aviakompaniyalar 737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.