Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən 12 fevral 2019-cu il tarixində KİV nümayəndələri üçün təlim keçiriləcək.
“Bizplus.az” xəbər verir ki, palatanın beynəlxalq kart təşkilatları ilə əməkdaşlığı çərçivəsində , “VISA Inc.” beynəlxalq kart təşkilatı ilə birgə 12 fevral 2019-cu il tarixində saat 09:00-da “Holiday Inn” mehmanxanasında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlimin keçirilməsi nəzərdə tutulub.
Təlimdə rəqəmsal ödəniş sistemləri, elektron ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödənişlərin iqtisadi təsiri, bu sahədə məhdudiyyətlər, müxtəlif ölkələrdə elektron ödənişlərin qəbul səviyyəsi, “nağdsız ödəniş” təcrübəsi, habelə “VISA Inc.” beynəlxalq kart təşkilatı tərəfindən bu sahədə tətbiq olunan innovativ məhsul və xidmətlər haqqında məlumat veriləcəkdir. Təlimdə “VISA Inc.” beynəlxalq kart təşkilatının Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika region ölkələri üzrə Qlobal ictimai siyasət departamentinin rəqəmsal ödənişlər sahəsində eksperti Majeed Hujair çıxış edəcəkdir.
Təlim iştirakçılarına beynəlxalq sertifikat təqdim ediləcəkdir. Tədbirdə iştirak edəcək nümayəndələr haqqında məlumatın (nümayəndənin adı və soyadı, vəzifəsi, əlaqə vasitələri və təmsil etdiyi kütləvi informasiya vasitəsi) 4 fevral 2019-cu il tarixinə qədər [email protected] ünvanına göndərilməsi xahiş edilir.