“Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin”
“Bu ildən yalnız mikro sahibkarlar sadələşdirilmiş vergi güzəştindən istifadə edə bilərlər. Amma Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarları haqqında qərarı fərdi sahibkarların sadələşdirilmiş vergidən istifadəsinə imkan vermir”.
“Problem odur ki, Nazirlər Kabinetinin sözügedən qərarına görə, mikro sahibkarlar illik dövriyyəsi 200 min manatdan az və işçilərin sayı 1-10 arasında olan sahibkarlıq subyektləridir. Bu isə, o deməkdir ki, fərdi sahibkarlıq ilə məşğul olanların işçiləri olmadığı və fərdi fəaliyyət göstərdikləri üçün onlar mikro sahibkarlar hesab olunmurlar. Bundan başqa, qərarda mikro sahibkarların təsnifatı üçün “1” rəqəminin qeyd edilməsi fərdi sahibkarların güzəştdən istifadə imkanlarını məhdudlaşdırır” – Bayramov vurğulayıb.
“Nazirlər Kabinetinin mikro sahibkarlıq subyektləri ilə bağlı bölgüsü beynəlxalq standartlara uyğun deyil. Belə ki, Avropa Birliyində illik dövriyyəsi 2 milyon avrodan az olan və işçilərin sayı 10-dək olan (< 10) sahibkarlıq subyektləri mikro hesab olunur. Yəni işçilərin sayı 1-10 arası deyil, 10-dək olanlar mikro hesab olunur. ABŞ-da illik dövriyyəsi 7.5 milyon dollardan az olan və işçilərin sayı 500-dək olanlar kiçik sahibkarlar sayılır. Göründüyü kimi, beynəlxalq standartlarda təsnifat zamanı “1” rəqəmindən istifadə olunmur” – deyə alim qeyd edib.
V.Bayramov təklif edir ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin və işçilərin sayı 1-10 arası olanlar deyil, 10-dək olanlar mikro hesab olunsun.
“Yalnız bu halda fərdi sahibkarların vergi güzəştindən istifadəsi mümkün olacaq. Əks halda fərdi sahibkarların sadələşdirilmiş vergi sistemindən istifadəsində çətinliklər olacaq” – deyə iqtisadçı əlavə edib.