2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatından məlum olur.
“Bizplus.az” “FED.az”-a istinadla xəbər verir ki, hesabat ilində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
“Hesabat dövründə Azərbaycan Rusiyaya 665 mln. 741 min dollar dəyərində məhsul ixrac edib ki, bu da 2017-ci ilin göstəricisindən 13,4% çoxdur. Bütövlükdə, 2018-ci ildə Azərbaycandan ixracın 3,42%-i Rusiyanın payına düşüb”, – hesabatda bildirilir.
2018-ci ildə Rusiyadan Azərbaycana idxalın həcmi 1 mlrd. 885 mln. 165 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 21,3% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 17,7% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, 2018-ci ildə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 1 mlrd. 219 mln. 443 min dollar təşkil edib.
2017-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 141 mln. 283 min dollar təşkil etmişdi ki, bu da 2016-cı ilin göstəricisindən 4,3% çox idi 2017-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşmüşdü.