Azərbaycanda onlayn kassaların tətbiqi gözlənilir

Date:

Paylaş:

Biznesdə şəffaflığın təmin edilməsi, korrupsiya və digər neqativ hallarla mübarizədə fəaliyyətin gücləndirilməsi məqsədilə elektron vergi inzibatçılığının tətbiqi, texnoloji təminat vacib şərtlərdəndir. Vergi sistemində həyata keçirilən modernləşmə nəticəsində vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərində – qeydiyyatdan tutmuş bəyannamələrin təqdim edilməsi, vergi ödənişlərindən tutmuş vergi nəzarəti prosesinədək tam şəkildə eleкtron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər görülür. 

Bu barədə “Vergilər” qəzeti “Onlayn kassalar şəffaflığa zəmin yaradır” sərlövhəli məqaləsində yazır.

Nəzarət sistemi elektronlaşdırılır

Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi  sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır və bu sahədə dünya təcrübəsi araşdırılır.

Onlayn kassa nədir?

Bu müasir avadanlıq fiskal operator vasitəsilə mağazaların nağd, kartlarla və elektron pullarla edilən bütün satış dövriyyəsi haqqında məlumat ötürə bilir. Məlumatlar vergi orqanlarına qəbzlərin elektron surəti kimi daxil olur və bazada illərlə qorunub saxlanıla bilir.

Onlayn kassalardan  mal və xidmətlər dövriyyəsində şəffaflığı əldə etmək üçün istifadə olunur. Alıcı aldığı elektron qəbzlərin leqallığını istədiyi vaxt yoxlaya bilir. Sistem, həmçinin, vergi uçotunu və gəlirlərin daxilolmasını mobil tətbiq vasitəsilə xeyli asanlaşdırır. Elektron qəbzlər elektron ünvana və ya satıcıdan tələb olunan istinada yönləndirilir.

Avadanlıqların alınmasına və onlara xidmətlərin göstərilməsinə çəkilən xərclər kimi aşkar narahatlıqlardan əlavə, onlayn kassaların müsbət cəhətləri də var. Onlayn kassalar analitik alətlərin satışlarını təchiz etməklə kiçik sahibkarları məcburi rəqəmsal dövrə aparır.

Dünya təcrübəsi

RBC.ru işgüzar informasiya portalının məlumatına əsasən, Rusiyada 2018-ci ilin iyul ayının 1-dən onlayn kassalar ölkə biznesinin işlətdiyi gündəlik reallıqların bir hissəsinə çevrilib. Mövzu ilə bağlı sayta müsahibəsində OFD.ru fiskal məlumatlar operatorunun direktoru Anton Rumyantsev qeyd edib ki, hazırda sahibkarların təcrübədə onlayn kassaların və fiskal məlumatların operatorlarının onlara verdikləri üstünlüklərdən tədricən istifadə etməyə başladıqları görünür. Kiçik biznes kağız hesabatlılığının və vergi yoxlamalarının sayının azalması kimi nəzərəçarpacaq müsbət hallardan əlavə, satış üzrə əlverişli analitik məlumatların əldə edilməsi və banklardan sərfəli şərtlərlə kreditlərin götürülməsi kimi imkanları əldə edir. Aparılmış əməliyyatlar barədə məlumatlar kassalara quraşdırılmış xüsusi fiskal yaddaşların tətbiq edilməsi sayəsində fiskal əməliyyatlar operatoru vasitəsilə Federal Vergi Xidmətinə (FVX) daxil olmağa başlayıb.

Belə şəffaflıq yoxlamalar üçün yerlərə getmək zərurətini azaldır. «Çek onlayn» kassa texnikalarının təchizatçı şirkətinin baş direktoru Konstantin Ştikovun bildirdiyinə görə, 2018-ci ilin birinci rübü ərzində Federal Vergi Xidmətinin əməkdaşları tərəfindən şirkətlər üzrə yerlərə yoxlamaya gedənlərin sayı 26% azalıb.

OFD.ru-nun qiymətləndirməsinə görə, islahatların sonunda FVX tərəfindən tam avtomatlaşdırılmış monitorinq Rusiyanın bütün hüquqi şəxslərinin 60%-ni əhatə edəcək. A.Rumyantsev qeyd edib ki, FVX şəffaflığın artırılması hesabına kütləvi yoxlamalardan konkret (dəqiq) yoxlamalara keçir ki, bu da öz növbəsində vergi orqanları ilə qarşılıqlı əlaqə zamanı şirkətlərə resursların az sərf olunması və vaxt itkisinin qarşısının alınması imkanları yaradır.

Kassaların tətbiqinin «əks-təsiri» ondadır ki, sahibkarlar malların satışı və qalığı barədə operativ məlumat əldə etmək imkanı qazanırlar. Bu məlumatları kassanın fiskal yaddaşından əməkdaşın «şəxsi kabineti»nə və ya şirkətin CRM sisteminə xüsusi proqram təminatı vasitəsilə avtomatik boşaltmaq mümkündür.

«SKB Kontur»un hesablamalarına görə, onlayn kassalara keçmiş və ya növbəti ildə keçməsi nəzərdə tutulmuş biznesmenlərin (sahibkarların) minimum 2/3 hissəsi malların uçotu ilə qismən və ya ümumiyyətlə məşğul olmayıblar. Onlayn kassaların yığdıqları məlumatların təhlili imkan verir ki, sahibkarlar özlərinin marketinq strategiyalarını qursunlar. Məsələn, ticarət üçün əlverişli vaxt seçsinlər, müxtəlif endirimlər və aksiyalar keçirsinlər.

Sistem nəinki mağaza üzrə orta çek sayını hesablamağı, hətta hansı malların daha çox satıldığını, günün müxtəlif vaxtlarında mağazada nə qədər alıcının olduğunu müəyyən etməyə imkan yaradır. Satıcı bu məlumatlardan satışın həcmini artırmaq, daha çox tələb olunan məhsulların çeşidini genişləndirmək və ya daha aktiv kassirləri mükafatlandırmaqla həvəsləndirmək üçün istifadə edə bilər.

İtaliya vergi administrasiyası müştəriləri ilə iş və satışı planlama funksiyalarını həyata keçir­mək üçün vergi ödəyicilərinə öz şəxsi məlumatlarına giriş icazəsi verir. Bundan başqa, pərakəndə ticarət müəssisələri və istehlakçılarla əks-əlaqənin qurulması prosesi də daxil olmaqla, onlayn kassa sisteminin səmərəliliyinin qiymətləndirilməsi üçün işlək alətlərinin yaradılmasının zəruriliyinə xüsusi diqqət yetirilir.

Cənubi Koreyada onlayn kassa 2005-ci ildən kütləvi şəkildə tətbiq olunur. İndiyədək bütün ölkə bu təcrübəni qəbul edib. Tipik onlayn kassalar proqram paketinin təmin olunmasını və ya proqram-aparat kompleksini təmsil edir ki, bu da bir neçə moduldan ibarət olaraq, bir korpusda bütün lazımi informasiyaları yerləşdirə bilir. Ölkədə 2016-cı ildə bu sistemin tətbiqi nəticəsində pərakəndə əməliyyatlarda kassa çeklərinin verilməsinə görə iqtisadiyyatın şəffaflığı 96% artıb.

Qazaxıstanda alışın sənədləşdirilməsi üçün real vaxt kəsimində vergi orqanlarına pul uçotu ilə bağlı məlumat ötürən yeni nəzarət-kassa maşınları 2015-ci ilin iyul ayından istifadə olunur. Burada məlumat kassanın maliyyə modulunda şifrələnərək hərəkət edən açıq yollarla, VPN-dəhliz vasitəsilə ötürülür. Operator hər bir kassanın işi ilə bağlı gündəlik uçot hazırlayır və Qazaxıstanın Dövlət Gəlirləri Komitəsinin şəbəkəsinə daxil edir. Vergi orqanları sadə veb-interfeys vasitəsilə operatorun bazasına giriş əldə edir və hər bir kassanın dövriyyəsini izləyə bilir.

Argentinada kassa aparatlarının modernləşdirilməsinə 2013-cü ilin dekabrından başlanılıb. İndi bütün kassalar maliyyə print-qeydiyyatla təmin edilib ki, bununla da əməliyyatların elek­tron möhürlə təsdiqlənmiş jurnalı aparılır.

İsveçrə Krallığında, demək olar ki, bütün satışlar haqqında məlumatı özündə  saxlayan kassa aparatlarından istifadə olunur.  Yaddaşda çeklərin ümumi sayı, əməliyyatların ümumi məbləği və hər bir satışla bağlı ayrıca məlumat (qəbzin nömrəsi, verildiyi gün, saatı, ƏDV məbləği) saxlanılır.

Macarıstanda 2014-cü ildən ölkənin Vergi Nəzarət Agentliyi ancaq xüsusi maliyyə nəzarətinə malik bloku olan kassa aparatlarına lisenziya verir. Əməliyyatlarla bağlı məlumatlar şifrəli şəkildə vergi orqanına daxil olur. Maraqlıdır ki, Macarıstanda ötürücü rolunda mobil operatorlardır. Onlar fiskal məlumatlar operatoru kimi çıxış edir və bütün ölkəyə ötürücülüyü var.  Bu ölkədə onlayn kassa sisteminin tətbiqi nəticəsində ƏDV üzrə vergi fərqi 2013-cü ildən 2015-ci ilədək 21%-dən 14%-ə düşüb, ƏDV yığımı isə 15%-ə çatıb.

Slovakiyada elektron kassalar 2008-ci ildə yaranıb. 2015-ci il yanvarın 1-dən isə virtual elektron kassalar dövriyyəyə buraxılıb. Bu veb platforma respublikanın maliyyə şöbələrinə inteqrasiya olunub. Sistem satıcılar üçün pulsuzdur və hər bir satıcının şəxsi kompüterindən, smartfon və planşetindən giriş mümkündür.

Ekspertlər nə deyirlər…

Millət vəkili Tahir Mirkişili bildirir ki, vergi ödəyicilərinin fəaliyyəti haqqında daha dürüst, çevik və əhatəli məlumat almaq vergi inzibatçılığının effektivliyini xeyri artırır: «Bir çox ölkələrdə sınaqdan keçirilən metod, bir tərəfdən, vergi orqanlarının daha operativ məlumat əldə etməsinə imkan yaradır, digər tərəfdən də vergidən yayınma hallarının qarşısını alır. Sistem həm də sahibkarların marağında olacaqdır, çünki bu üsul bütün sahibkarlar üçün bərabər rəqabət şəraiti yarada bilər. Onlayn kassa metodunun tətbiqində ən çətin çağırış sistemin dayanlıqlı olması, müasir platformalara və Big-Data prinsiplərinə uyğunlaşdırılmasıdır. Hesab edirəm ki, Azərbaycanda da belə bir innovativ metodu uğurla tətbiq etmək mümkündür və bu, hər kəs üçün faydalı ola bilər».

İqtisadçı Rəşad Əliyev qeyd edir ki, onlayn kassanın vergi orqanı üçün əlverişliliyi pul axınlarının nəzarətə götürülməsi və bununla da vergidən yayınma hallarının aradan qaldırılmasıdır. Həmin kassalar üzrə həyata keçirilən bütün əməliyyatlar dərhal vergi orqanının məlumat bazasına ötürülür. Bununla yanaşı, sistemin tətbiqi operativ nəzarət və yoxlama işləri üçün ayrılan insan resurslarının daha səmərəli istifadəsinə xidmət edir: «Bəzən elə təəssürat yaranır ki, bu sistemin tətbiqi yalnız vergi orqanlarının marağında olur. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, şəffaf vergi ödəyiciləri üçün bu sistem daha əlverişlidir. Həmin vergi ödəyicisi anlayır ki, sistemin tətbiqi son nəticədə yoxlamaların azalmasına xidmət edəcək. Sözsüz ki, şəffaf vergi ödəyicisi vergi yoxlamasından qorxmur, buna baxmayaraq, hər bir yoxlama həm vergi ödəyicisi, həm də vergi orqanı üçün lazımsız vaxt itkisidir. Digər tərəfdən, onlayn kassanın tətbiqi sahəsində vergi ödəyicilərinin öz daxili sistemlərində sui-istifadə halları azalır. Çünki bəzi hallarda biznes sahibləri işçilərin kassa əməliyyatlarında nə qədər dürüst olmalarını tam yoxlaya bilmirlər».

R.Əliyev onu da nəzərə çatdırıb ki, onlayn kassa sisteminin tətbiqi alıcılar üçün də yeni üfüqlər açır. Onlar lazım gəldikdə çekləri hətta elektron versiyada ala biləcək, üstəlik, ödədikləri pulların öz ünvanına çatacağına tam əmin olacaqlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...