Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə bu ildən etibarən subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.
Banker.az bildirir ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndəsi, ekspert Nicat Nəsirli arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya verilməsi ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaları şərh edib.
Ekspert deyib: “Qaydalara görə, arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları uçota alınmalı, subsidiyanın təyin olunmasını yerlərdə yaradılacaq komissiyalar müəyyən etməli, arıçılar şəxsiyyət vəsiqəsi, VÖEN-ə və bank hesabına malik olmalı, arıçı əldə etdiyi məhsul barədə hər il oktyabrın 30-dək hesabat hazırlayaraq rayon (şəhər) komissiyalarına təqdim etməlidir.
Subsidiyanı təyin edəcək komissiyanın iş prinsipləri aşağıdakı kimidir:
1. 15 gün müddətində yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi bələdiyyə nümayəndəsi və arıçının iştirakı ilə məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır və düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şrup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edir;
2. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən akt tərtib olunur;
3. Aprel ayının 30-dan sonra əldə olunan arı ailələri növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya təyin olunur;
4. Arı ailələri satıldıqda, bağışlandıqda, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identikləşdirmə kodu (lövhə) itirildikdə arıçı 5 gün müddətində komissiyaya məlumat verməli və aparılmış identikləşdirilmə ləğv edilməlidir;
5. Hər il iyunun 15-dək subsidiya veriləcək arıçılar və onların saxladıqları arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatlar “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilməli, hesablanmış subsidiyanın arıçının bank hesabına köçürülməsi üçün onların bank hesabına dair məlumatlar nazirliyə göndərilməlidir;
6. Arıçıya dair sənədlər mərkəzi komissiya tərəfindən baxılmalı və 20 gün ərzində subsidiyanın verilməsi ilə bağlı sifariş Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməlidir.
“Bu mexanizm yalnız gələn ildən işə düşə bilər. Bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların öz vəsaiti hesabına həyata keçirilməlidir, subsidiya mexanizmi yaxın 5 il müddətində qüvvədə olacaq”, – deyə ekspert bildirib.