Biz kiminsə uğurlu iş adamı olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük. Hesab edirik ki, uğurlu biznes qurmaq üçün yaxşı ideya tapmaq və təcrübəli iş adamlarından məsləhət almaq kifayətdir. Amma bu, heç də belə deyil. Uğur əldə etməyin universal formulu mövcuddur:
Hazırlıq + Biznes ideyası + İdeyanın reallaşdırılması mexanizmi = Uğurlu biznes.
Biznesə başlamaq, onu qurmaq və inkişaf etdirmək cəzbedici görünür. Bəzi sahibkarlar vaxtilə kiminsə “əlinin altında” işlədiklərindən daha çox işləyirlər, heç qazancları da əvvəlkindən fərqlənmir. Elə isə, onları öz bizneslərini qurmağa nə vadar edib? Yəqin ki, məqsəd iqtisadi asılılığa son qoymaq, azadlıq və müstəqillik olub. Gələcək biznesmenin hazırlıqlı olması çox vacibdir. Müvafiq bilik və bacarıqları olmayan “iş adamı” öz fəaliyyətinin başlanğıcında müflis ola bilər. Bu, avtomobil sürməyi bacarmayan birinin sükan arxasına keçərək, avtomobili hərəkətə gətirməyə çalışması kimi bir şeydir.
Biznes üçün yaxşı ideya olmadan uğur əldə etməyə ümid etmək olmaz. Bu ideyanı qiymətləndirmək çox vacibdir. Təklif etmək istədiyiniz məhsul və ya xidmət alıcıların və ya istifadəçilərin marağına səbəb ola biləcəkmi? İnsanlar onlara görə pul ödəməyə razı olacaqmı? Unutmayın: Biznes sizə işləyir, siz biznesə deyil.
İdeya tapdıqdan sonra onun reallaşdırılması mexanizmi olmalıdır. Biznesi uğurlu və gəlirli etmək üçün gəlirlərin xərclərdən artıq olacağı bir model yaratmaq lazımdır. Bu model alıcı və ya istifadəçi axınının dayanmamasına hesablanmalıdır. Lakinyaxşı pul gətirən ideyalardan yapışmayın, çünki əksər gəlirli sahələr artıq “tutulub” və yeni başlayanlar üçün güclü rəqiblər arasında çox çətin ola bilər. Yaxşı bacardığınız işlərdən yapışın. Əgər yaxşı şirniyyat bişirməyi bacarırsınızsa, biznesinizə şirniyyat mağazasını açmaqla başlaya bilərsiniz. Kompüter bacarıqlarınız əladırsa, şəxsi internet-mağazanızı aça bilərsiniz. Xalça toxumağı bacarırsınızsa, mini-xalça sexi açmaq olar. Ətrafınızdakı uğurlu biznes sahiblərinin yolu ilə getməyə çalışmayın, öz yolunuzu müəyyənləşdirin.
Bundan sonra növbə çatır biznes-planın tərtib edilməsinə. Bu sənəddə ideyalarınız və onların reallaşdırılmasınıntəşkili üçün çox vacib olan üsul və vasitələr, gəlir proqnozları, xərclər, işçi siyahısı və digər məlumatlar yer alır.
Bəs uğurlu biznes qurmaq üçün haradan pul tapa bilərik? Ağıla gələn ilk fikir “qara gün” üçün yığdıqlarımızdan istifadə etməkdir. Biznes-planınızı kredit təşkilatlarına təqdim etməklə də biznesə başlamaq üçün kapital əldə edə bilərsiniz. Partnyor və ya investorlar da cəlb edə bilərsiniz, amma bunu etməzdən əvvəl yüz ölçüb, bir biçin. Bəzən ən çox etibar etdiyimiz insanlar bizi çətin vəziyyətdə qoya bilər. Uğurlu biznes qurmaq üçün yalnız özünüzə güvənin, bir az skeptik olun.
Əgər Nizami Piriyev, Mübariz Mənsimov, Nasib Piriyev və ya Nuru Əliyev kimi iş adamlarının şirkətlərinin sahib olduğu uğuru qazanmaq istəyirsinizsə, biznes qurarkən bu addımları atmalısınız:
- Biznes strategiyalarını səmərəli şəkildə icra etmək üçün mövcud resurslardan istifadə;
- Diqqətin müştəri və alıcı üzərində cəmləşdirilməsi və onların tələbatlarının nəzərə alınması;
- Şirkətin məqsədlərini dəstəkləmək üçün strukturların qurulması;
- Texnologiyanın yaratdığı imkanlardan maksimum şəkildə yararlanmaq;
- Pis ssenarilərə hazır olmaq və risk etməkdən çəkinməmək.
İtirməyə çox şeyiniz olsa belə, itirməyə heç nəyiniz yoxmuş kimi davranın. Sonradan biznesinizi sistem halına gətirmək barədə də düşünün. Artıq sizin məqsədiniz bir şirniyyat mağazasını mağazalar şəbəkəsinə, şirkəti şirkətlər qrupuna çevirmək ola bilər. Əgər gəlirlərinizi artırmaq istəyirsinizsə, işlədiyiniz saatları da artırmalı olacaqsınız. Əsas odur ki, sevdiyiniz işi görüb, gördüyünüz işi də sevəsiniz.