Azyaşlıya siqaret satışının məsuliyyətini satıcı daşıyır – ŞƏRH

Date:

Paylaş:

Bizdə 2017-ci ilin dekabr ayından “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması  haqqında” qanun mövcuddur və tütün məmulatlarının istifadəsinə məhdudiyyətlər, digər məsələlər həmin qanunla tənzimlənir.

Təbii ki, 18 yaşına çatmamış şəxslərə siqaret və digər tütün məhsullarının satılması qanunla qadağandır. Amma siqaret almaq üçün  şəxsiyyət vəsiqəsini vətəndaşın öz üzərində gəzdirməsi vacib deyil. Burada, sadəcə, məsuliyyət tütün məhsullarını satan satıcının üzərinə qoyulur.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bəzi ölkələrdə, konkret olaraq Rusiyada qanunvericiliklə siqaret və digər tütün məhsullarının satışı zamanı müştərilərdən, istehlakçılardan şəxsiyyət vəsiqələrinin tələb edilməsinin nəzərdə tutulmasına, o cümlədən, siqaret qutularının üzərində tütün məhsullarının insan orqanizminə zərərinin daha kəskin şəkildə ifadə olunmasına və onların gələcəkdə Azərbaycanın müvafiq qanunlarında əks olunması ehtimalına münasibətini bildirərkən deyib.

M.Quliyev bildirib ki, əgər satıcının şəxsin həddi-büluğ yaşına çatmadığı haqqında şübhəsi varsa, o zaman şəxsiyyət vəsiqəsini tələb edə bilər:

“Yox, əgər şübhəsi yoxdursa və görürsə ki, yaşca böyük insandır, ondan şəxsiyyət vəsiqəsi tələb edilməsi istehlakçı hüquqlarının pozulması deməkdir”.

Komitə sədrinin müavininin sözlərinə görə, belə bir müddəa ölkə qanunvericiliyində nəzərdə tutulmayıb:

“Yalnız siqaret alan şəxsin yaşına görə şübhə olarsa, onda şəxsiyyət vəsiqəsi tələb edilə bilər. O ki qaldı tütün məhsullarının, konkret olaraq siqaret qutusunun üzərindəki yazılara və şəkillərə, bu barədə bizim qanunvericilikdə, xüsusilə 2001-ci ildə qəbul olunmuş “Tütün və tütün məmulatı haqqında” qanunda müəyyən müddəalar var.

Amma düşünürəm ki, həmin müddəalar köhnəlib və daha yeni, bu gün bütün dünyada istifadə olunan üsullardan yararlanmaq olar. Məsələn, bizdə siqaret qutusunun üstündə yazılır ki, “Siqaret  çəkmək  sizin sağlamlığınıza zərərlidir”.

Dünyanın bir çox ölkələrində isə siqaret qutusunun üzərində “siqaret öldürür”, “tütün öldürür”, “tütün zəhərlidir” və sair kimi daha kəskin ifadələr yazılır. Amma müxtəlif xəstəliklərin, ağciyərin xəstə formada şəklinin siqaret qutusunun üzərinə vurulması dünyada birmənalı qəbul olunmur. Yəni, istehlakçının da, siqaret çəkənin də öz hüquqları var, bunlar düşünülməlidir.

Ən yaxşı forma siqaret qutusunun üzərində heç bir reklamın olmamasıdır. Həmçinin, siqaret qutusunun ağ və ya boz rəngdə olması, üzərində iri hərflərlə siqaretin zərərli təsirləri haqqında yazının əksini tapmasıdır. Hər halda biz bunun üzərində düşünürük və parlamentin qarşıdan gələn payız sessiyasında Əmək və sosial siyasət komitəsində bu məsələlərə baxılacaq”.

Onu da qeyd etmək lazımdır ki, qanunla qadağan olunmasına baxmayaraq, hələ də orta məktəb binalarının yaxınlığında siqaret və digər tütün məmulatları satılır, məktəb yaşlı uşaqlar da onlardan alıb, istifadə edir.

Bu məsələyə toxunan M. Quliyev xatırladıb ki, qanunla bunlar qadağandır, yolverilməzdir.

Millət vəkilinin dediyinə görə, qanunun icrasına nəzarət məsələsi hələlik Cinayət  və İnzibati Xətalar Məcəlləsində öz əksini tapmayıb.

“Mənim bildiyimə görə, bunun üzərində müvafiq qurumlarda iş gedir. Çünki qanunun qəbulu, ondan sonra qüvvəyə minməsi və digər məsələlər yaz sessiyasının sonuna düşdüyü üçün nəzarətlə bağlı məqamlara, çox güman ki, payız sessiyasında baxılacaq, Cinayət və İnzibati Xətalar Məcəlləsinə  müvafiq dəyişikliklər ediləcək. Bu dəyişikliklərdən sonra müvafiq qurumlar artıq bu nəzarəti öz üzərlərinə götürəcəklər.

Konkret olaraq, fiziki şəxslərin qanunu pozmasına nəzarət polisə həvalə olunur, hüquqi şəxslərin qanunu pozmasına nəzarət isə Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarına həvalə edilir.

Artıq cərimələr sanksiyalaşdırıldıqdan və digər qanunpozmalara qarşı sanksiyalar müəyyənləşdikdən sonra qanun tam gücü ilə işə düşəcək”, – deyə M.Quliyev əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...