Biznes ideya nədir?

Date:

Paylaş:

Biznes ideya nəyə deyilir? Hansı ideyanın biznes üçün daha yaxşı olduğunu necə bilə bilərəm? Biznes ideyanın uğur qazanması üçün əsas şərtlər hansılardır? Bu sulların cavablarını yeni yazımızda öyrənəcəksiniz.

Biznes ideya yaranması üçün bir problem, bir ehtiyac olmalıdır. Ətrafınıza fikir verin – yaşadığınız məhlə böyükdürsə, böyük ehtimal ki məhlənizdə kiçik də olsa bir ərzaq dükanı olacaqdır. Bu dükana ehtiyac olduğu üçün sahibkar orda dükan açmaq qərarına gəlib. İstənilən bir məhsulu götürün – hamısının yaranma səbəbi bir ehtiyac, bir problemin həllidir. İndiki dövrdə də bütün startaplar bir problemin həllini gətirən biznes ideyadan yaranır.

Bu yazıda sizin biznes ideya yaratmaq istəyən bir sahibkar kimi qəbul edək. Deyək ki, siz bir problemin olduğunu kəşf etdiniz. Növbəti addımızın bu ideyanı biznes ideyaya çevirməkdir. Bunun üçün siz aşağıdakı 4 suala cavab verməlisiniz:

1. Nə? – Biznesin satdığı, təklif etdiyi əmtəə: məhsul və ya xidmət nədir?

2. Kimə? – Biznes öz əmtəəsini kimə satmaq istəyir, alıcıları kimdir?

3. Nə üçün? – Müştərilər hansı səbəbə görə məhz sizin biznesin malını almalıdır?

4. Necə? – Alış harda baş verir, mal və ya xidmət müştəriyə necə çatdırılır?

Misal üçün deyək ki, siz küçə futbolu həvəskarısınız.  Bu işin içində olduğunuza görə ağlınıza küçə futbolu ilə bağlı ideya gəlməsi daha çox ehtimaldır. Siz fikir verdiniz ki, küçə futboluna ofis işçiləri tərəfindən maraq artmaqdadır. Amma onlar harda və kiminlə futbol oynayacaqlarını bilmirlər. Siz də bu ehtiyacı görüb, problemin həlli olaraq bütün marağı olanları bir yerdə toplayacaq sayt yaratmaq qərarına gəlirsiz. Bu ideyanın biznes ideyaya çevrilməsi üçün 4 suala da cavab tapaq:

Nə? – Sizin yaradacağınız saytda küçə futbolu həvəskarları öz komandaları ilə qeydiyyatdan keçib, bir-biri ilə futbol oynayacaqlar. Siz bu görüşləri, bəlkə də turniri özünüz təşkil etməklə bundan pul qazana bilərsiz.

Kimə? – Küçə futbolu ilə maraqlanan ofis işçiləri əsas hədəf auditoriyamız olsa da, digər futbol həvəskarları da saytın xidmətlərindən istifadə edə biləcəklər.

Nə üçün? – Bu seqmentdə ilk olaraq siz olsanız hamı sizin sayta üz tutacaq. Daha sonra sizin saytın uğurunu görüb rəqib saytlar da açıla bilər. Rəqabət mühitində siz müştərilərə daha yaxşı xidmət, daha maraqlı turnir, daha böyük mükafat və daha relevant auditoriya təklif etməklə rəqiblər qarşısında üstünlük qazana bilərsiz.

Necə? – Xidmətlə tanışlıq, qeydiyyat və oyunların təşkili sayt üzərindən baş verəcək. Amma oyunlar üçün meydançalar lazımdır. Siz, bu biznes ideyanın sahibi kimi, futbol meydançaları tapmalı, onlarla vaxtı və digər xərcləri razılaşdırmalısınız. Bura həmçinin oyunlara hakim təyin olunması və qaliblərin mükafatlandırılması da daxildir.

Biznes ideyamız var. Bəs bu biznes ideyanın uğurlu olacağını necə bilə bilərik? Bunun üçün  biznes ideyamız 4 cəhət üzrə fərqlənməli və rəqiblərdən üstün olmalıdır.

1. Müştərinin ehtiyacını ödəməlidir

Biznes ideyamız müştərinin ehtiyacını ödəməsə, ona heç kimin marağı olmayacaq. Müştəri 1 dəfə alıb razı qalmasa, ehtiyacını ödəyə bilməsə, ikinci dəfə bizim malı almayacaq, digərlərinə də məsləhət görməyəcək.

2. Biznes ideya innovativ olmalıdır.

Biznes ideyamız innovativ olmalıdır – yəni bazara yenilik gətirməlidir. Bazarda olan bir xidmətin, malın eynisini istehsal edib sata bilmərsiz. Müştəriyə sizin malı almaq üçün bir səbəb vermək lazımdır. Məsələn ülgüc. Gillette olan yerdə niyə sizin ülgücü almalıdırlar ki? Yox əgər eyni keyfiyyəti daha ucuz qiymətə, özü də qapıya çatdırmaqla müştəriyə təqdim etsəniz uğur qazana biləcəksiz. “Dollar shave club” brendinin etdiyi kimi.

3. Biznes ideyanız unikal olmalıdır.

Əmtəənizin unikal satış təklifi olmalıdır. Müştərilər niyə məhz sizin malı almalıdır, rəqibin yox? Sizin məhsulun üstün cəhəti nədədir? Qiyməti daha ucuzdur? Keyfiyyəti daha üstündür? İstifadədə daha rahatdır? Özünəməxsus qablaşdırması mı var? Biznes ideyanın tutması üçün onun ən az bir unikal cəhəti olmalıdır ki, rəqiblər arasından seçilsin və müştəriyə alış üçün səbəb versin.

4. Biznes ideya mənfəət gətirməlidir.

Biznesin məqsədi mənfəət qazanmaqdır – buna görə də biznes ideya da mənfəət gətirməlidir. İdeya çox gözəl, hamı tərəfindən bəyənilən ola bilər. Amma o, öz müəllifinə pul gətirməsə bir qəpiyə də dəymir. Məsələn Whatsapp – faktiki olaraq hazırda heç bir monetezasiya mexanizmi, yəni pul qazandırma üsulu yoxdur. Onu alan Facebook hazırda, aylıq ödəniş qarşılığında şirkətlərə müştərilər ilə ünsiyyət qurmaq həlli üzərində işləyir. Ola bilsin ki, hətta telefonla Whatsapp-a girəndə sizi ilk əvvəl reklam banneri qarşılasın. Bu da əslində bir çox telefon tədbiqlərinin istifadə etdiyi pul qazanma üsuludur.

Biznes ideyanın yaranması ilə bağlı ümid edirəm sizə faydalı məlumat verə bildik. Odur ki, vaxt itirmədən öz biznes ideyanız üzərində düşünməyə başlayın. Gələcək Steve Jobs kimi sahibkarlarındır. Biznes ideyanız tam orijinal olmaya da bilər. Mövcud nəyinsə unikallıq qazanması ilə də öz biznesinizi yarada bilərsiz. Bunun üçün sadəcə fərqli baxış və problemi kəşf etmə bacarığınız olmalıdır. Milyonluq biznes ideyanın tapılmasında uğurlar!

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...