Elçin Əskərov: “Biz paralel dünya qurmuşuq”
“2015-ci ildə axşam qatarla Londondan Kembric şəhərinə partiyə gedirdim. Qatarda bir qız gördüm, mənimlə üzbəüz oturmuşdu. Diqqətimi çəkdi. O da mənə baxırdı. Düşündüm ki, Kembricdə qatardan düşəndə yaxınlaşıb ünsiyyət quracağam. O, Fokston stansiyasında düşdü. Mən də onun arxasınca getdim. Qız geri çevrilərək mənə baxıb gülümsədi. Bu zaman maşinist qatarın yola düşdüyünü elan etdi. Mənim telefonum və digər əşyalarım qatarda qalmışdı. Tələsik qatara qayıtmaq məcburiyyətində qaldım.
Çox pərt olmuşdum ki, qıza yaxınlaşdım, amma bir söz deyə bilmədim. Həmin hadisədən sonra tanış olmaq üçün daha asan vasitənin vacib olduğunu anladım. Biz daim ətrafdakı insanları itiririk. Texnologiya buna kömək olmalıdır. Azərbaycana qayıtdıqdan sonra komandam ilə birlikdə bu məsələnin həlli yollarını araşdırdıq və nəticədə “Onbranch” meydana çıxdı”.
Bu sözləri bizimlə söhbətində “Onbranch” startap layihəsinin təsisçisi Elçin Əskərov dedi. Və bu layihə gələn il İsveçrədə keçiriləcək “Seedstars World” sammitinin final mərhələsində ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, E.Əskərov 1989-cu ildə Lənkəran şəhərində doğulub. Daha sonra Rusiyanın Surqut şəhərinə köçüblər, orta məktəbi orada davam etdirib. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alan E.Əskərov, təhsilini İtaliyanın Florensiya və Uelsin paytaxtı Kardiff şəhərində davam etdirib: “Bu günə kimi memarlıqla bağlı bəzi dövlət layihələrində iştirak etmişəm. O layihələrdən olan gəlirimi “Onbranch”ın reallaşdırılmasına sərf etmişəm. İlkin mərhələdə İT sahəsinə hobbi olaraq yanaşırdım. Əslində, həmin dövrdə bu sahədən pul qazanmaq niyyətim də yox idi. Düzü, indi də kimsə deyəndə ki, layihənin milyon dollarlıq potensialı var, bu, mənə həyəcan vermir. Çünki məqsədim İT sahəsinin köməkliyi ilə gündəlik real məsələləri həll etməkdir, nəinki, layihəni yaradıb baha qiymətə satmaq”.
Həmsöhbətim deyir ki, “Onbranch”dan əvvəl bir layihə hazırlayıb, amma müəyyən səbəblərdən baş tutmayıb. Deyir ki, əslində “Onbranch” həyata keçirə bilmədiyi həmin layihənin davamı hesab oluna bilər: “Bundan əvvəl bir layihə üzərində işləyirdim. Hələ, 2009-cu ildə ilk dəfə canlı yayım funksiyasını tətbiq etmək istəyirdim. Bu, o vaxtı, indi sosial şəbəkələrdə tətbiq olunan canlı yayıma bənzər layihə idi. Amma onu həyata keçirmək kifayət qədər maddi vəsait tələb edirdi. Mənim də maddi vəziyyətim buna imkan vermirdi. Həmçinin, layihənin əhəmiyyətinə də inananlar az idi. Hesab edirdilər ki, “chat” varkən buna nə ehtiyac olacaq. Həmin layihəni həyata keçirmək üçün banklara üz tutdum, bir sıra insanlarla görüşdüm, əhəmiyyətini onlara izah etdim. Amma maraqlanan olmadı. Deyirdilər ki, bu, “Google” üçün proyektdir. Bunu deyənlərə başa salmaq istəyirdim ki, layihəni hazırlayıb “Google”a təklif edə bilərik. Daha sonra banklardan birinə biznes krediti üçün müraciət etdim. Layihə haqqında məlumat verdikdən sonra bank rəhbərliyi bildirdi ki, təsərrüfat üçün kredit vermək daha rahatdır, çünki təsərrüfatdan gələcək gəliri hesablamaq daha asandır. Sizin layihə isə sual altındadır. Heç kim mənə dəstək olmadı. Beləcə, maddi vəsait çatışmazlığından bu işimdən əl çəkib 2011-ci ildən yenidən köhnə işimə, memarlığa qayıtdım. Həmin ərəfədə özümə söz verdim ki, bir də İT sahəsi ilə məşğul olmayacağam. Lakin zaman keçdikcə tələbatın artdığını gördüm. Başa düşdüm ki, heç kim bunu etməyib və belə bir şeyə ehtiyac var. Əslində, kimsə daha əvvəl “Onbranch” tipli layihə yaratsaydı, indi mən İT sahəsi ilə deyil öz ixtisasım üzrə işləyib, binalar tikirdim” .
E.Əskərov deyir ki, “Onbranch” müştərilərə müxtəlif seçimlər təklif edir: “Hazırda məkanların servislərinin virtual proyeksiyasını yaradırıq. Daha aydın desək, biz “virtual mall” yaratmışıq. Orada insanlar da var, servislər də. Həmçinin, “Onbranch”da məkanların menyuları, üçölçülü rezervasiya sistemi, onlayn satış, endirimlər və s. kimi bütün xırdalıqlar öz əksini tapıb. Tətbiqetmənin digər üstünlüyü bir məkana daxil olarkən ətrafdakı insanlarla ünsiyyət yaratmaq üçün onların oturduğu hər hansı məkanda real koordinatları görməkdən ibarətdir. Məsələn, proqram iki şəxsdə varsa, eyni məkana daxil olarkən onlar bir-biri ilə ünsiyyət yarada bilərlər. Hər hansı şəxs müəyyən məkana daxil olduqda, telefonla həmin məkanın virtual formasına daxil olur və onun proyeksiyası yaranır. Bu, bir çox imkanları genişləndirir. Misal üçün, hər hansı bir məkanın kitabxanasından istifadə etməyə istifadəçiyə şərait yaradır. Yaxud, istifadəçi şəhərdə hər hansı bir istirahət məkanındadırsa, restorandadırsa, onun menyusuna nəzər salıb sifariş verə bilər. “Onbranch” çox unikal patentləşdirilmiş qlobal layihədir. Bunun sirri, əvvəllər heç yerdə olmayan, bizdə isə artıq tətbiq olunan funksiyalardır. Təsəvvür edin ki, siz səyahətə gedirsiniz. İnsanlar gedir gəzir, şəkillər çəkdirib paylaşır. Bu, onu getdiyi yerə yox, yerli dostlarına birləşdirir. Amma bizim təkliflərimiz sizi getdiyiniz yerdə ətrafdakı insanları tanımağa, dost qazanmağa, virtual məkanların üstünlüklərindən yararlanmağa şərait yaradır. Əslində, bu, qlobal layihədir. Biz ilkin olaraq layihəni Azərbaycanda test etdikdən sonra biznes modeli kimi dünyada genişləndirmək fikrindəyik. Gürcüstanda və Türkiyədə layihəni tətbiq etmək üçün ilkin addımlar atmışıq. Deməzdim ki, bu, məni tam qane edir, amma geri dönüşlər yüksəkdir. İşi genişləndirmək üçün bu da bizə kifayət edir. Açığı, hələlik bu sahədən gəlir qazanmadığıma görə, digər qazanclarımı bu sahəyə investisiya edirəm. Məncə, burada pis heç nə yoxdur və müəyyən mərhələyə çatmaq üçün bəzi şeyləri gözə almalısan. Kimsə bunu etməli idi. Biz etdik və buna görə təəssüf hissi keçirmirik, əksinə, məmnuniyyətlə, yolumuza davam edirik”.
Deyir ki, tələblər və sifarişlər artdıqca, təbii olaraq komanda üzvlərinin də sayı çoxalır: “Düzü, sifarişləri, maraqları nəzərə alsaq, komandamız indi genişlənməkdədir. Təkcə developer komandamız 7 nəfərdən ibarətdir. Əlavə marketinq, satış işçiləri ilə birgə, komandada 10 nəfərdən artıq insan çalışır. Yeri gəlmişkən deyim ki, komandamızın üzvləri yerli istedadlı gənclərdir. Onlar öz işlərini dünya texnologiyasında tətbiq etmək arzusundadır. Üzvlərin formalaşması prosesi bir il vaxt alsa da, düşünürəm ki, bunu gözləməyə dəyərdi”.
Sonda həmsöhbətimdən gələcək planları haqda da soruşduq: “Hazırda “Onbranch” daxilində provayderlər ve brendlərlə “Pokemon Go” tipli oyun tətbiq etmək nəzərdə tutulub. Məsələn, siz hər hansı məkana getdiyiniz zaman fərqi yoxdur, park, universitet, kafe, hara olur-olsun, orada sizə sürpriz ola bilər. Hətta həftə sonları “Çox gəzən çox qazanar” layihəsinə start veriləcək. Şəhərimizə gələn turistlərlə də bağlı bir sıra xidmətlər planlaşdırırıq. Biz paralel dünya qurmuşuq. Fiziki olaraq məkana gələndə, telefon da həmin məkanın proyeksiyasına daxil olur. Ona görə də bu istiqamətdə ideyalar tükənməzdir. “Onbranch” üzərində işləyib genişləndirmək istəyirik. Bu, tələbatdan doğan zərurətdir”.