Azərbaycanda maliyyə sərf etmədən biznes quran xanım

Date:

Paylaş:

Günay Əhmədli: “Bir il ərzində həm rəhbər oldum, həm dərzi, həm kuryer, həm dizayner, həm də fotoqraf”

Öz işini qurub, heç bir maliyyə xərcləmədən. Uşaqlar üçün oyun çadırları hazırlamaqla işə başlayıb, zamanla fəaliyyət sahəsini genişləndirib. Bu gün həm də dekorativ top işıqlar, uşaq yataq dəstləri, uşaq yatağı üçün yanlıqlar, qurama yorğan, “bonbon” xalça, yorğan, yastıqlar və s. hazırlayır. İşə başlayıb öyrənməsi, müştəri cəlb etməsi müəyyən qədər vaxt aparsa da, bugünkü nəticəyə baxanda “mən bunu bacardım” deyə bilir. Müsahibimiz“Soft Decor”un qurucusu Günay Əhmədlidir.

– Gördüyünüz iş heç də hər kəsin ideya olaraq təklif edəcəyi sahə deyil. Bu ideya necə yaradı?

– Bir müddət işsiz qaldım. Daha doğrusu, hansı işdə çalışacağıma qərar verə bilmirdim. Bir neçə sahəyə marağım var idi. Dizayn sahəsi də diqqətimi çəkirdi, həm də nə isə yeni bir işlə məşğul olmaq, fərqlilik yaratmaq istəyirdim. Öz işinin ağası olmaq istəyi də var idi. Bunları cəmləşdirən iş tapmaq bir az çətin idi, yəqin ki, ona görə bir müddət işsiz qaldım. Bu müddətdə də öz işimi qurmaq ideyası beynimdə dolaşırdı. Uşaqlarla bağlı nə isə iş qurmaq fikrində idim. Çünki uşaqları çox sevirəm, onlarla işləməyin mənim üçün xoş olacağını düşündüm. Bilmirəm necə oldu, amma tam təsadüf nəticəsində uşaqlar üçün oyun çadırı düzəltmək işinə başladım. Bu, mənim maraq dairəmdə olan istəkləri birləşdirən iş oldu.

– Oyun çadırı düzəltməyi də bacarmaq lazımdır. Bəs bu iş barədə nə dərəcədə məlumatlı idiniz?
– Demək olar ki, məlumatsız idim. Çünki musiqi müəllimiyəm, bu sahəyə keçidim tam təsadüfən oldu deyə, heç bir bacarığım da yox idi. Bundan əvvəl uşaqlar üçün yumşaq kuklalar düzəltmək istəyirdim. Lakin nə qədər cəhd etdim, alınmadı. Bunu da bəlkə bacarmazdım, amma özümü elə vəziyyətə saldım ki, geri dönüşüm olmadı. İşə başlamağa qərar verdim, ilk sifarişi də götürdüm. Beh verdilər, parçanın pulunu aldım. Ömründə əlinə qayçı, iynə, parça almayan insan olaraq işə başladım. Çoxlu parça aldım, amma nə qədər cəhd edirdimsə, alınmırdı. Müştəri sifarişi 1 ay öncədən etmişdi o müddətdə hər gün elə yenisini hazırlayırdım, alınmırdı. 10 metrə yaxın parçanı xarab etmişdim. Sifarişi təhvil verməyə bir gün qalmış bu, məndə alındı.

– Yəqin ki, o, alınmayan bir aylıq dövr çətin keçib… 

– Bəli, hər gün göz yaşı tökürdüm, səhərə qədər yatmırdım. İstifadə edəcəyim taxtanı belə tapa bilmirdim. Məcbur olub bel sapından istifadə etdim. Amma indi taxtaları sifarişlə düzəltdirirəm. 4-5 aydan sonra əlim artıq bu işə öyrəşdi. Və il yarımdır davam edirəm.

– Öz işini quranların əsas problemi ilk vaxtlar sifarişlərin azlığı ilə bağlı olur, hətta olmadığını görüb dayananlar da az deyil. 
– İlk sifarişdən olan gəliri reklama xərclədim. Əlimdə cəmi bir manat pul qalmışdı. Heç bir sifariş də gəlmədi. Divanda uzanıb hönkür-hönkür ağlamağa başladım ki, niyə mənim sifarişim yoxdur? Bütün pulumu reklama qoydum, axı mən çadır düzəltmək istəyirəm. Necə ağladımsa, başım ağrıdı (gülür). Və elə bu anda tanımadığım nömrədən zəng gəldi. Öz-özümə “bu kimdir?” dedim. Cavab verdim, dedi ki, biz oyun çadırı sifariş etmək istəyirik. Həmin an yaşadığım hissləri heç cür sözlə ifadə edə bilmərəm. Amma ümumilikdə götürəndə, bir il ərzində bizim də sifarişlərimiz elə çox deyildi. İlk vaxtlar reklama pul qoymaq bir az çətin idi. Çünki həm özümü idarə etməliydim, həm də işimə xərcləməliydim. Bir ilin tamamında səhifəsində izlənmə sayı çox olan Banu Murad və Aysel Şükürova bizimlə bağlı paylaşım etdi. Belə-belə, həm səhifəmizi izləyənlərin sayı çoxaldı, həm də sifarişlər artdı. Hazırda özümün atelyem var, artıq bu işə başqa adamları da cəlb etmək istəyirəm.

– Yəni, həm də rəhbər olacaqsınız…

– Nə qədər rəhbər desəniz də, işçilərdən biri olacağam. Ümumiyyətlə, bu bir il ərzində həm rəhbər oldum, həm dərzi, həm kuryer, həm dizayner, həm fotoqraf. Bütün işlər öz üzərimdə idi. Fiziki tərəfləri ilə yanaşı, psixoloji ağırlığı da oldu. Amma bu işi tək qurmağı bacardım. Özü də bir qəpiksiz.

– Pul xərcləmədiniz heç?
– Yox, çünki ilk sifarişi verən müştəri ödənişi öncədən etmişdi, parçanı alıb verdi. Ona görə də, özümün heç bir xərcim çıxmadı.

– İndi sifarişlər qane edir?
– Bəli, indi sifarişlərim çoxdur. Artıq hamısını hazırlayıb, çatdırmaqla bağlı problem yaşayıram. Rayonlardan da sifarişlər olur. Vaxtında təhvil vermək lazımdır. Çünki vaxtı öncədən danışırıq və həmin saatda gəlirlər. Buna görə, bəzən istirahətsiz çalışıram, gecələr yatmadığım vaxtlar da olur. Amma bu əziyyətlərimə dəyən bir fəaliyyətlə məşğul olmağım məni sevindirir, yorğunluğu qalmır.

– Qrupda paylaşımınızı oxudum, qeyd etmişdiniz ki, bu işə başlayanda ətrafda sizə gülən, inanmayanlar da olub. Bu fikirlər sizi həvəsdən salmırdı?

– Yox. İxtisasım musiqi olsa da, mən o sahədə davam etmədim. Musiqi müəllimi olmağım valideynlərimin arzusu idi. Bir il bağçada o istiqamətdə işləmişdim, lakin ordan çıxdım. Hamı məni qınadı ki, çıxıb nə iş görəcəksən? Bu işə başlayanda da mənə çox gülən oldu, dedilər ki, belə bir şeyi alan olmayacaq. Amma tam tərsi yaşandı. İndi artıq o cür yanaşma aradan qalxıb. Artıq hamı bu işə başladığım üçün məni alqışlayır. Görürlər ki, müəllim işləyib alacağım maaşdan 10 qat çox gəlirim də var.


– Belə baxanda çox pozitiv auranız var. Yəqin ki, işinizin uğurlu alınmasında bunun da rolu var.

– Heç kim oturduğu yerdə uğur qazana, pul əldə edə bilməz. Mütləq çətin mərhələlərdən keçmək lazımdır. Heç nə asanlıqla əldə olunmur. Bu çətinlikləri arxadan qoymaq və davam etmək üçün də daim pozitiv olmalıyıq. Bəzən deyirlər ki, gənc qız təkbaşına iş qura bilməz, kimsə dəstək olmalıdır və s. Bunlar boş sözlərdir. Əzm, çalışqanlıq, zəhmət, həvəs, iradə, pozitiv enerji öz biznesinizi qurmaq üçün kifayətdir. Nə etdimsə, özüm etdim. Heç bir zaman düşünməyin ki, alınmayacaq, daim pozitiv olun. Hətta deyərdim ki, pozitiv olmayan insanlardan, musiqilərdən və fikirlərdən uzaq durun.

– Bu işin gələcəyi ilə bağlı planlar nələrdir?
– Bu günə kimi “Soft decor”a yalnız gəlir yeri kimi baxırdım, lakin indi gəlir ikinci plandadır. Artıq çadırların dizaynı, rənglərin harmoniyası, eksklüziv modellər, yeni məhsullar üzərində işləməyə başlamışam. Bunun üçün də bir neçə kreativliyini bəyəndiyim dizaynerlə, fotoqrafla, qrafik dizaynerlə iş birliyinə başlayaraq “Soft decor” komandasını yığıram.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...