Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

0
1197

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Microsoft Azərbaycan şirkəti, PAŞA Bank və Nar mobil rabitə operatorunun dəstəyi ilə Azərbaycanda fevral ayında start götürən Imagine Cup 2018 innovasiya müsabiqəsinin Milli Turuna yekun vurulub.

Milli mərhələ çərçivəsində 15 komanda layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edib ki, münsiflər unikal fikirləri, yenilikçi texnoloji həlləri, öz layihələrini layiqincə təqdim etmək bacarığını qiymətləndirib və gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub.

Xeberler.az bildirir ki, Milli Turda 9 ali təhsil müəssisəsi və “SABAH Qrupları”ndan olan komandalar iştirak ediblər. Sözügedən mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub.

Belə ki, müsabiqənin üçüncü yerinə “Ağıllı dibçək” layihəsində görə “GardenX” komandası layig görülüb. İkinci yeri həvəskar bələdçilər üçün mobil platforma (Uber və ya Taxify-ın analoqu) hazırlayan “GidAmigo” komandası tutub.

Sözügedən həll vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Müsabiqənin birinci yerinə isə “KubiRub” komandası layiq görülüb. Bu komanda “Rubikin kubiki” məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubikin tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq.

Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Komandaların bu mərhələdəki layihələrini beynəlxalq ekspertlərdən ibarət, o cümlədən Azərbaycandan olan münsiflər heyəti qiymətləndirəcək.

Sözügedən turun qalibləri Imagine Cup 2018-in ABŞ-da keçiriləcək finalında iştirak etmək və layihənin gələcək inkişafı üçün nəzərdə tutulmuş və müsabiqənin əsas mükafatı sayılan – 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcək.

“Bir çox tələbə üçün Imagine Cup kimi nüfuzlu müsabiqədə iştirak uğurlu karyeranın başlanğıcı ilə nəticələnir. Komandalar öz ilk layihələrini təqdim edərək informasiya texnologiyaları sahəsinin aparıcı mütəxəssislərindən tövsiyələr alırlar. Təhsil sahəsi “Microsoft” şirkətinin prioritet istiqamətlərindən biridir. Microsoft-un Azərbaycan üzrə Milli Planın əsas komponentləri ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır. Microsoft Imagine Cup– innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara “Made in Azerbaijan” nişanı ilə çıxarıla bilməsi üçün innovasiya ekosistem yaratmaq istəyirik”, – deyə Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

xeberler.az