“WhatsApp”ın rəhbəri istefaya getdi

0
779

“WhatsApp” messencerinin yaradıcısı və eyni adlı şirkətin rəhbəri Yan Kum vəzifəsini tərk edib.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə o, “Facebook”da yazıb. “Mən texnologiyalar xaricindəki xoşuma gələn məsələlərlə məşğul olmaq işdən bir az kənarlaşıram. İnsanlar indi “WhatsApp”dan elə səviyyədə istifadə edir ki, bunu mən heç təsəvvürümə də gətirə bilməzdim. Məhz belə bir məqamda mən gedirəm”, – deyə o, bildirib.

Y. Kum qeyd edib ki, “WhatsApp” komandası güclüdür və heyrətləndirici işlər görməyə davam edir. O, “WhatsApp”ı kənardan dəstəkləməyə davam edəcəyini söyləyib: “Bu səyahəti mümkün edən hər kəsə təşəkkürlər”.

Y. Kumun statusunun şərh bölümündə “WhatsApp”ın aid olduğu “Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberq də şərh yazıb: “Dünya miqyasında əlaqələr qurmaqda etdiyin köməkliyə və mənə öyrətdiyin digər şeylərə görə sənə minnətdaram”.

İstefaya gedən “WhatsApp” rəhbərini kimin əvəz edəcəyi və onun Direktorlar Şurasıdna qalıb-qalmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, “WhatsApp” 2014-cü ildə “Facebook Inc” tərəfindən 22 milyard dollara satın alınıb.

Yan Borisoviç Kum 1976-cı ildə Ukraynada yəhudi ailəsində doğulub. 1992-ci ildə anası və nənəsi ilə birlikdə ABŞ-a köçüb. 2001-ci ildə “Yahoo”da işə düzəlməklə texnologiya dünyasına qədəm qoyub.