Marketinq araşdırmaları biznesi silahlandırı

1
1069

Günbəgün qloballaşan müasir dünyada biznesi dəyişən trendlər, yeni bazarların “fəth”i uğrunda gedən mübarizələrsiz təsəvvür etmək imkansızdır. Ya sən özünü və biznesini bu dəyişkən mühitə uyğunlaşdırmalı, ya da adını tarixə yazdırmalısan.

Biznes mühitinin daim irəli aparan tempini tutmaq, trendlərlə ayaqlaşmaq və eyni zamanda müştəriləri məmnun etmək kənardan müşkül görünə bilər, amma qətiyyən imkansız deyil!

Əksər sahələrdə olduğu kimi biznesdə də informasiya bütün uğurların başlanğıcıdır – informasiyaların yetərlidirsə, deməli, silahlanmısan. Bu məqamda ən böyük vasitə şübhəsiz bazar araşdırmasıdır. Bu cür marketinq araşdırmaları bazar və onun trendlərini, rəqibi öyrənmək üçün tətbiq olunan üsullardan biridir. Araşdırmadan, məlumat toplamadan bazara daxil olmaq, kor-koranə fəaliyyətlər həyata keçirməyə səbəb olur.

Marketinq araşdırması dedikdə mövcud bazarın durumu, bazar iştirakçıları və istehlakçılarının  tələb və davranışları nəzərdə tutulur. Təcrübədə bu, məlumatların axtarılması, toplanması və analizini özündə ehtiva edir. Düzgün aparılmış araşdırma nəticəsində şirkətlər biznes risklərinin və itkilərinin qarşısını almaq imkanı qazanır.

Marketinq analizi bazarın durumu, məhsulun tanıdılması, konkret hədəf qrupuna çatdırılması və biznesin ümumilikdə inkişafı üçün önəmlidir. Şirkətlər xüsusilə yeni məhsul təqdim etmək, yeni bazarları fəth etmək və ya reklam  kampaniyasına başladıqda araşdırmaya üz tutur.

Marketinq araşdırmasının məqsədləri müxtəlif olur. Bura bazar həcminin ölçülməsi, cari bazardakı mövqeləşmə, dağıtım kanallarının, istehlakçıların davranışlarının və ya rəqiblərin təhlili daxildir.

Bazar araşdırması metodlarına gəlincə isə sayları çox olsa da, onları əsasən iki qrupda birləşdirmək olar : kəmiyyət və keyfiyyət.

Kəmiyyət bazar tədqiqatında iştirak edən respondent strukturlaşdırılmış sorğunun qapalı suallarını cavablandırır. Belə tədqiqatların xarakterik xüsusiyyətləri yığılmış məlumatların aydın şəkildə müəyyən edilmiş formatı və onların alınması mənbələri, yığılmış məlumatların emalıdır.

Keyfiyyət bazar tədqiqatı respondentlərin davranışlarının və fikirlərinin müşahidəsi  əsasında aparılır. Müşahidə və nəticələr keyfiyyət xarakteri daşıyır və qeyri-standart formada həyata keçirilir.

Marketinq tədqiqatları zamanı əldə olunmuş nəticələr şirkətinizi daha da gücləndirməyə yardım edəcək. Siz bu nəticələr əsasında məhsulunuzun, həmçinin rəqiblərinizin zəif və güclü tərəflərini özünüz üçün kəşf edə bilərsiniz. Unutmayaq ki, araşdırma nəticələrinə malik olmadan bazara girmək əliyalın savaşa girməyə bərabərdir. Bu halda bəlkə də qəhrəman kimi yadda qalmaq mümkündür, lakin mütləq məğlub olacaqsınız.

apa.az

1 COMMENT