“60 yaşında “gərək mən bunu edərdim” demək istəmirəm”

1
1679

Coşqun Kərimov: “Fürsətlər çoxdur, ağlın olsa, istifadə edəcəksən, olmasa özünü söyəcəksən”

Xoşbəxt olmağın yolunu insanlara faydalı olmaqda görür. Deyir ki, insan özünü xoşbəxt edəndə, onun bitmə müddəti azdır. Amma xəyallarının ardınca gedən birinə kömək edib, faydalı olduğunu hiss etdikdə, bu xoşbəxtlik hissi daha uzun olur. Ona görə, xoşbəxt olmağın yolu, xoşbəxt etməkdədir.
Müsahibimiz gənclər arasında sevilən və sosial şəbəkələrdə ən çox müzakirə mövzusu olan “KVAN”, “Ubuntu”, “Alamo13” kitabının müəllifi Coşqun Kərimovdur.

Həmsöhbətimiz Qafqaz Universitetinin ingilis dili və ədəbiyyatı üzrə filoloq ixtisasını bitirib. 27 yaşımda ilk şirkətini təsis edib. Bu yaşına qədər o, turizm və müştəri xidmətləri sektorunda işləyib.  Müştəri xidmətləri, satış və təqdimat bacarıqları üzrə (7+) illik təlimçilik təcrübəsi var. Dünyanın top-5 təlimçisindən biri olan “Brian Tracy”dən (satış, natiqlik və vaxtın idarə edilməsi ilə bağlı) master klass alıb. “Azercell” MMC-də təlimçi mütəxəssis, “VitalCV” və “Manads” layihələrinin həmtəsisçisi olub. Coşqun həm də, Azərbaycanın startap eksosistemində  yaxından tanıdığımız , “Startap Azərbaycan”nın münsif  nümayəndəsi, hazırda ingilis dilində ünsiyyət və şəxsi inkişaf klubu olan GR8-in həmtəsisçisidir.

– Coşqun bəy, ilk dəfə İT sahəsində tanınıbsınız. Filologiya fakültəsində təhsil aldığınız vaxt, İT-yə maraq necə yarandı?

– İT elə bir sahədir ki, bura gələnlərin və tanınanların əksəriyyətinin İT ilə əlaqəsi yoxdur. Mənim də ideyalarım var idi və həyata keçirmək istəyirdim. Bir dəfə Türkiyədən kitab almışdım. Kitabın xoşuma gələn hissəsini qeyd etmək istəyirdim, amma qələmim yox idi. Sonra səhifənin şəklini çəkdim və anladım ki, hər bəyəndiyim səhifənin şəklini çəksəm, onları tapa bilməyəcəyəm. Bu zaman ideya ağlıma gəldi və “Kvotter” mobil tətbiqini dostum Orxan Əhmədlə birlikdə yaratdıq. “Kvotter”, bütün mümkün mənbələrdən (e-kitab, jurnal, qəzet, kitab, bloq və s.) milyonlarla sitatları və məlumatları yaddaşda saxlamaq və paylaşmaq üçün bir vasitədir. Bunu edərkən siz, sadəcə, şəkil çəkirsiniz və OCR texnologiyasının möcüzəsi ilə şəkildə olan yazıların, elektron mətnə çevrilməsini izləyirsiniz. Bizdə kitab oxuyan az olduğu üçün xaricilər bu ideyanı daha çox bəyəndi.

– “Azercell”də işlədiyiniz vaxt 27 yaşınızda ilk şirkətiniz “Vitalı” təsis etdiniz. Bu yaşda rəhbər olmaq çətin deyildi ki?

– Mənim üçün çətinlik yoxdur. Komfort zonadan çıxıb, sıfırdan başlamaqdan, risk etməkdən qorxmamışam. Düzdür, işim də, gəlirim də yaxşı idi. İnvestorlar mənə “bu ideyaya görə işindən çıxarsan” sualını verəndə heç düşünmədən “hə” dedim. Əlbəttə, insan daxilən stress yaşayır. Amma insan komfort zonanı tərk etməkdən qorxmamalıdır. Mən səhv etməkdən qorxmuram. Hətta səhvləri də sevirəm. Səhvə münasibətim uşaqlıqdan dəyişib. Vaxtilə “2” alanda atamın dostu mənə bir qutu saqqız bağışlayıb.  Ona görə də, nə “2” almaqdan, nə səhv etməkdən, nə də uğursuzluqdan qorxmuşam. Əslində kitab yazmaq da risk idi. “İnsanlar qəbul edəcəkmi, oxuyacaqmı” suallarının cavabını addım atmadan bilməzdim. Mənim üçün ən böyük qorxu səhv etmək deyil, peşmançılıqdır. 60 yaşında “gərək mən bunu edərdim” demək istəmirəm. Mənə görə, səhv də addımdır, düz də addımdır. Dağıdıcı olsa belə, prosesin başlaması üçün hər ikisi olmalıdır.

– İT sahəsi ilə məşğul olan  mütəxəssislərin bilikləri çox yüksək olsa da, fikirdən kağıza tökməyə tənbəllik edirlər. Amma siz kifayət qədər məşhurlaşan 3 kitab yazıbsınız.

– İT sahəsindəki insanlar çox oxuyan olur və beynində müəyyən baza yığılır. Ətrafdakı söhbətlərin çoxu onlara boş gəlir. Mən uşaqlıqdan yazırdım. İlk qısa hekayələrimi 7-ci sinifdən yazmışam. Bir dəfə maraq üçün Leonorda da Vinçi haqqında ingilis dilində esse yazıb göndərmişdim. Heç gözləmədiyim vaxtda məktub gəldi ki, Avropa birincisisiniz. Hər insanın həyatında belə addımlar olur, sadəcə, insan onu ciddiyə almır. Kitabı yazmazdan öncə, “Facebook”da 4 il sistemli şəkildə düşüncələrimi istifadəçilərlə paylaşdım. İnsanların təkidindən sonra kitab halına gətirdim.

– Nəyə görə düşüncələrinizi paylaşmaq ehtiyacı duydunuz?

– Düşüncələrini insan özü ilə məzara aparmamalıdır. Mən müəllim ailəsində böyümüşəm. Mənə görə, insan həyatda faydalı olmalıdır. Faydalılığı bildiyini, gördüyünü bölüşməklə əldə edirlər. Düşüncələri paylaşmağın ən yaxşı yolu “Facebook”dur. Əvvəllər mənə deyirdilər ki, vaxt itkisidir. Amma mən onunla 3 kitab yazdım. Fikirlər insana boşuna verilməyib. Hər bir insanın həyatda öz missiyası var. Hamı o missiyanı tapmalı və faydalı olmağa çalışmalıdır.

– Yuxarıda da qeyd etdiyiniz kimi, ölkədə kitaba maraq hələ istənilən səviyyədə deyil. Amma siz bu zaman “KVAN”ı çıxardınız. Oxunmamaqdan qorxmurdunuz?

– “KVAN” 7 il bundan öncə başımda olan ideyadır. Müəllimim demişdi ki, yazmağa başla, ailə qursan yaza bilməyəcəksən. Birinci yarısını yazdım. 65 səhifəni pulsuz paylaşdım ki, maraq yaransa, davam edəcəyəm. Mütləq cəhd etməlisən. Birinci həftə sakit keçdi, ikinci həftə isə 6500 insan kitabı yükləmişdi. Rekord sayda ön sifarişlər gəldi və mən çap etdim. Kitablarımın kompaniyasına heç pul xərcləmədim. İnsanlar özləri haştaqlar yaradaraq fikirlərini bölüşürdülər.

– Kitablarınız oxunma sayından öncə, adları ilə gündəmə gəldi. Nə üçün cəmiyyətə tanış olmayan adlar seçdiniz?

– İnsan kitabla  ilk tanış olan andan öyrənməlidir. Məsələn, kitabın adı “KVAN”dır. Kitabı əlinə alan insan başa düşməlidir ki, “KVAN” deyilən söz var və onu araşdırır. Çalışıram ki, kitablarımın içindəki bir cümlə, bir səhifə, bir fəsil onların həyatını müsbət yöndə dəyişə bilsin. “KVAN” sevinc hissi deməkdir. Kitabın məzmununda da insan sevinc hissini tapmalıdır. “Ubuntu” başqa insanlara qarşı mehriban, insan olmalısan deməkdir. Kitabın bütün məğzi onunla bağlıdır. “Alamo” 13 tarixi hadisədir. Yuxularımla həmin hadisələrə qayıdıram. Adların kitabın oxunmasında rolu böyükdür.

– Bir oxucunuzun rəyi belədir “KVAN mənə möcüzə effekti verdi. Həyatım dəyişdi, ən dibdə olduğum vaxt ayağa qalxdım”. Məqsədiniz tam olaraq budur?

– Müəlliflə oxucu arasında həmişə paradoks olur. Oxucunun həyatında elə bir an olur ki, kitabla üst-üstə düşür. “KVAN”da bir çox suallar və cavablar var. Dərmanı harasısa ağrıyan atır. Sevinc hissini də axtaran “KVAN”ı oxuyur. Hər insanın öz bacarığı var və onu ortaya çıxara bilər. “KVAN”la bağlı mənə həyatıma təsir edən rəylər gəldi. Kitabda belə bir hissə var ki, bəzən düşünmədən qərar vermək lazımdır. Bu hissə insanlara çox təsir edib. Məsələn, bir evdar xanım Gürcüstanda biznes açdı və mənə təşəkkür yazmışdı. Bir gəncimiz Amerikada futbol karyerasını davam etdirməyə yollandı. Bəzən insan həqiqətən düşünmədən o addımı atmalı və özünə inanmalıdır.

– Belə bir cümlən var: “İnsan daxili aləminə mütləq səyahət etməlidir”. Həqiqətən, biz özümüzü həyatın axarına o qədər buraxırıq ki, özümüzü tanımır və unuduruq?

– İnsan dünyaya gəldiyi andan hərəkətdə olur. Özümüzü həyatın axarına buraxırıq. Amma bu o demək deyil ki, biz özümüzü dərk edərək hərəkət edirik. Məsələn, mən hər gün 9-6 rejimində işə gedirəm. Sual ver: həqiqətən xoşbəxtsənmi və sən nə edirsən? İnsanlar özlərinə sual verəndə dayanırlar. Hər kəsin daxili aləmində “radar”, onu narahat edən düşüncə olur. Təəssüflər olsun ki, çox az insan öz düşüncələrinin ardınca gedir. Daxili aləminə mütləq səyahət etməli, həqiqətən nə etmək istədiyini mütləq düşünmək lazımdır.

 “Ubuntu”da belə bir qeydiniz var: xoşbəxt olmağın yolu xoşbəxt etməkdədir…

– İnsan özü xoşbəxt olanda onun bitmə müddəti çox azdır. Amma başqa insanlara xəyallarını həyata keçirməkdə kömək edəndə, hiss etdiyin xoşbəxtlik daha uzun olur. Faydalı olmaq insanı xoşbəxt edir. İndi də gənclərə fikir verirəm, özlərini çox düşünür və depressiyaya düşürlər. Niyə belə bəxtsizəm? Uğur qazana bilmirəm, heç kim mənə kömək etmir? Amma düşünmürlər ki, mən indiyə qədər başqaları üçün nə etmişəm?

– Şansa inanırsınızmı?

–  Şans = fürsət + hazırlıq. İnsana müəyyən vaxtlarda bunların hər ikisi verilir. Ya fürsət çox verilir, siz hazır olmursunuz, ona görə bəxtiniz gətirmir, ya da hazır olursunuz, fürsət gec baş verir. Əgər bir qapını açmaq istəyirsinizsə, o qapıya doğru addımlar atmalısınız. Heç bir tanınan insan oturub özünün son versiyasını görməyib. Hər şey ilk addımdan başlayıb. Bütün uğursuzluqlarımızı da bəxtin üzərinə atmamalıyıq. Fürsətləri dəyərləndirmək, düzgün insanlarla münasibət qurmaq və öyrənməyə can atmaq lazımdır.

– Oxucularınızı motivasiya edirsiniz. Bəs siz uğursuzluğa düçar olanda nə edirsiniz?

– Uğursuzluqla qarşılaşanda insan sakit olmalıdır və kənara çəkilməlidir. Uğursuzluq mənim üçün heç vaxt dünyanın axırı deyil. Mən, əgər hər şey yaxşı gedirsə, qorxuram. Hamı səni bəyənsə, kobud dildə desək “şişirsən” və heç nə əldə etmirsən. İnsan qələbəsindən yox, səhvlərindən öyrənir. Mən yazı yazanda, alınmayan mətnləri daha çox sevirəm. Balaca bloknotlarım var, həyatımda xoşbəxt hiss etdiyim məqamları ora qeyd edib oxuyuram. Ya da özümü pis hiss edirəmsə, görürəm ki, özümə faydam yoxdur, kiməsə faydalı olmağa çalışıram.

– Statuslarınızdan birində qeyd edibsiniz ki, uduzmaqdan həzz alıram. İnsan uduzmaqdan necə həzz ala bilər?

– İnsanların çoxu ona görə istədikləri proyektə girişmirlər ki, alınmayacağına inanırlar. Dünyanın heç yerində, heç kim birinci dəfədən nəyəsə nail olmur. Dözmək və gözləmək lazımdır. Mən o gözləmək, dözmək prosesindən həzz alıram. Çünki alınmayanda alternativlər axtarırsan. Saat əqrəbi kimi sadəcə, işini görürsən və prosesden həzz alırsan. Bizim gənclər  düşünür ki, adam qol vurdu, medal aldı, pul qazandı, bəxtəvərdir. Amma düşünmürlər ki, adam bu qolu vurana qədər nə qədər top çiləyib, tər töküb. Heç bir uğur oturduğunuz yerdə gəlmir. Hər şey uduzmaqdan başlayır. Bizim gənclər ilk illərində ofisiant işləyir amma başa düşmürlər ki, ofisiant işləmək dünyanın ağır yükü deyil. Sən tanınmış, uğurlu insanların, səfirlərin 5 metr aralığında olursan. Fürsətlər çoxdur, ağlın olsa, istifadə edəcəksən, olmasa özünü söyəcəksən. Biz elə bir erada yaşayırıq ki, fürsətlər daha çoxdur, amma istifadə edənlər azdır. Hər bir gəncin də mütləq “filankəsə görə edə bilmədim” kimi günah keçisi olur. Amma bütün səhvi özlərində axtarmalıdırlar.

kaspi.az

1 COMMENT