Azərbaycan şirkətinin rəhbəri dünyanın 100 nüfuzlu şəxsləri siyahısına daxil edilib

0
1088
Yana Krimpe

ABŞ “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpeni “One World Identity” versiyasına görə identitet sahəsində dünyanın 100 nüfuzlu şəxsləri siyahısına daxil edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “One World Identity” (OWI) identifikasiya metodlarının tədqiqatı və işlənib hazırlanması ilə məşğul olan və Şimali Amerika və Böyük Britaniyada rəqəmsal ticarət və infrastrukturda ixtisaslaşan nüfuzlu müstəqil təşkilatlardan biridir. Təşkilatın əsas vəzifəsi müəssisələrə, investorlara və hökumətlərə rəqəmsal identifikasiya metodu əsasında fəaliyyət göstərən davamlı, perspektivli məhsullar və strategiyalar yaratmaq üçün bazar tendensiyalarını qabaqlamaqda kömək göstərməkdən ibarətdir.

Bu il dünya üzrə identitet sahəsində 100 ən nüfuzlu şəxslər siyahısında (TOP 100 Influencers in Identity) bank sektoru və hökumətlərin, proqram və aparat təminatlarının işlənib hazırlanmasında lider şirkətlərin, eləcə də ən nəhəng sosial şəbəkələrin rəhbərləri və qabaqcıl nümayəndələri təqdim edilib.

Onların içərisində “Facebook Inc”in baş direktoru Mark Zukerberq, “Microsoft” müəssisəsinin identifikasiya və avtorizasiya üzrə proqramın rəhbəri Lora Hanter, Dünya Bankının rəqəmsal texnologiyaların inkişafı üzrə aparıcı mütəxəssisi Zaid Səfdər, Avropa Komissiyasının Elektron Hökumət və etibarlılıq şöbəsinin rəhbəri Andrea Servid, Böyük Britaniya hökumətində rəqəmsal xidmətlərin baş arxitektoru Adam Kuper, Oreqon ştatının senatoru Ron Uayden, CISCO şirkətinin informasiyanın konfidensiallığı üzrə vise-prezidenti və direktoru Mişel Dennedi, “Gemalto” şirkətinin baş direktoru Filip Valle, “Google” identitet platformasının rəhbəri Adam Rous, Ağ Evin Milli İqtisadi Şurasından Adrien Harris və digər nəhəng dünya şirkətləri və beynəlxalq təşkilatlarının nümayəndələrini misal göstərmək olar.

Azərbaycan ilk dəfə belə nüfuzlu reytinqdə “Asan İmza” mobil elektron imzanın operatoru olan “B.EST Solutions” şirkətinin rəhbəri və Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) həmsədri Yana Krimpe tərəfindən təmsil olunub. O, şirkətin milli rəqəmsal identitetin inkişafına istiqamətlənmiş fəaliyyəti ilə Azərbaycandan və regiondan olan yeganə təmsilçidir ki, bu da bütün dünyada çox yüksək qiymətləndirilir.

“Bu ərəfədə mən ölkənin bütün şirkətlərini və vətəndaşlarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi şərəfinə Vətənə hədiyyə etmələri barədə çağırışla çıxış etdim. 10 ildir ki, biz Azərbaycanın insan kapitalının inkişafına istiqamətlənmiş innovativ bir ölkə kimi bütün dünyada tanınması istiqamətində əlimizdən gələni əsirgəmirik. Azərbaycanın nailiyyətlərini dünyanın ən yaxşı innovatorları siyasında təmsil etmək, elektron hökumət platforması kimi X-Road, “Asan İmza” mobil elektron imza, analoqu olmayan Rəqəmsal Ticarət Qovşağı, m-Rezident və sair bu kimi inqilabi layihələri reallaşdırmaq imkanını mənə təqdim edən bir ölkəyə verə biləcəyim ən gözəl hədiyyədir”, – deyə Y.Krimpe vurğulayıb.

Ətraflı məlumatı https://oneworldidentity.com/top-100-identity-influencers-2018/ keçidindən əldə etmək olar.