“Facebook” sosial şəbəkəsinin rəhbərliyi bu platformada kriptovalyuta reklamlarının yerləşdirilməsini qadağan edib.
lent.az-ın xəbərinə görə, bunu öz bloqunda “Facebook”un şirkət məhsullarının idarə edilməsi üzrə direktoru Rob Lezern bildirib. “Reklama dair iki əsas prinsipimiz bizim inamımızı əks etdirir ki, reklam elanları təhlükəsiz və ən əvvəl insanlar üçün olmalıdır”, – deyə R. Lezern söyləyib. O qeyd edib ki, istifadəçiləri çaşdıran reklamlara “Facebook”da yer yoxdur. Şirkət bu cür halların aşkarlanması və silinməsi ilə məşğul olacağını bəyan edib və istifadəçiləri qaydaların pozulması barədə onları məlumatlandırmağa çağırıb.
Kriptovalyutalardan başqa, sosial şəbəkə ilkin yerləşdirmə (İCO) və binar (rəqəmli) opsiyaları da qadağan edib. Qadağa “Instagram”a da şamil olunur.
Qeyd edək ki, hazırda dünyada 2 mindən çox kriptovalyuta var. Onların ən populyar olanları “Bitcoin”, “Ripple” və “Etherium”dir.