Ötən il fındıq ixracından ölkəmizə 114 milyon 500 min dollar valyuta daxil olub.

1
1146

Bu barədə açıqlamasında Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov məlumat verib.

Assosiasiya sədri bildirib ki, keçən il Azərbaycandan 20 min 842 ton fındıq ləpəsi ixrac edilib. Bu, 2016-cı illə müqayisədə 5 min 972 ton çoxdur. Əgər 2016-cı ildə ixracdan 105 milyon dollar əldə olunmuşdusa, bu il dünya bazarlarında qiymətin enməsinə baxmayaraq, ölkəyə 114 milyon 500 min dollar valyuta gəlib.

“2017-ci ildə fındıq ləpəsi ixrac olunan ölkələr arasında birinci yerdə İtaliya (43 faiz) dayanır”, – deyən İ.Orucov qeyd edib ki, sonrakı yerlərdə Rusiya (31 faiz) və Almaniya (15 faiz) gəlir. Azərbaycan fındığının keyfiyyətinin yüksək olması məşhur şirkətlərin də diqqətini çəkir. Dünyada lider şirkətlərdən biri – “FERRERO” (İtaliya) üçün fındıq ləpəsinin ixracını buna misal göstərmək olar.

Qeyd edək ki, Azərbaycanda fındıq ixracının artırılması məqsədilə AZPROMO tərəfindən sərgilər və missiyalar təşkil olunur. Yerli fındıqçılar ötən il “Worldfood”, “Anuga”, SİAL və “Gulfood” kimi sərgilərə qatılıb, xarici ölkələrə ixrac imkanlarını müzakirə ediblər. Ölkə rəhbərliyinin göstərişinə əsasən, 2018-ci ildə sərgilərin sayı 10-a, missiyaların sayı isə 25-ə çatdırılıb. Bu isə Azərbaycan fındıqçılarına ixrac imkanlarını artırmaları üçün geniş imkanlar yaradır.

© Azərtac

1 COMMENT