İş adamları xarici bazarlara yeni adlarla çıxırlar

0
711

2017-ci ildə Azərbaycanda qeydə alınan əmtəə nişanlarının sayı azalıb.

FED.az-ın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən əldə etdiyi məlumata görə, ötən il ümumilikdə 3 248 əmtəə nişanı qeydiyyata alınıb. 2016-cı ildə isə onların sayı 3 710 təşkil edib.

2017-ci ildə ixrac məhsullarının xarici bazarlarda hüquqlarını təmin etmək məqsədilə verilən əmtəə nişanları sırasında ərzaq məhsulları üstünlük təşkil edib. Sayına görə ikinci yerdə xidmət sahələridir.

Ötən il ən çox əmtəə nişanı  reklam, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət və  ofıs xidməti ilə məşğul olanlara verilib. Onların sayı 528 olub. Bir il öncə isə bu sahələrə verilən əmtəə nişanlarının sayı 563 ədəd olub.

Sayına görə siyahıda ikinci yerdə əsas qida məhsulları – qəhvə, çay, kakao, qənd, düyü, qəhvə əvəzediciləri, un və taxıl məmulatları, qənnadı məmulatları, dondurma, bal, maya, çörəkçilik tozları,  duz, xardal, sirkə, souslar; ədviyyatlar, qida buzudur. Onlara verilən əmtəə nişanlarının sayı 235-ə çatıb. 2016-cı ildə bu rəqəm 254 olub.

Əczaçılıq və baytarlıq preparatları, tibbi məqsədlər üçün gigiyena preparatları, tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası, plastırlar, sarğı materialları, dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar, dezinfeksiyaedici vasitələr, eləcə də ziyanverici heyvanları məhv etmək üçün vasitələrə verilən əmtəə nişanların sayı isə 223-ə enib. 2016-cı ildə onların sayı 250 ədəd olub.

Ötən il ən az əmtəə nişanı isə odlu silah, döyüş sursatı və mərmilər, eləcə də  partlayıcı maddələr və fişənglərə verilib – cəmi 10 ədəd. Qeyd edək ki, 2016-cı ildə bu sahələrə 17 əmtəə nişanı verilib.