“Microsoft”un bazar dəyəri 700 milyard dollara çatdı

1
915
microsoft

Yanvarın 16-da aparılan birja əməliyyatları zamanı “Microsoft” korporasiyasının bazar dəyəri qısa müddətə də olsa, 700 milyard dolları ötüb. Beləliklə, “Microsoft” 700 milyard dollar hədini keçən 3-cü ABŞ və dünya şirkəti olub.

lent.az-ın xəbərinə görə, ticarət sessiyasının əvvəlində “Microsoft Corp”ın səhmlərinin qiyməti 1,3% bahalaşaraq 90,79 dollara çatıb. ABŞ Birjalar və qiymətli kağızlar üzrə Komissiyasının dövriyyədə olan səhmlərə dair məlumatı nəzərə alındıqda bu, 700,41 milyard dollara bərabərdir. Lakin axşama yaxın qiymət artımı 0,5%-ə düşüb.

“Microsoft”un bazar dəyərinin artmasının bundan əvvəlki pik dövrü 1999-cu ildə baş verib. O zaman şirkət kapitalizasiyası 613 milyard dollara yüksəlib. Hazırda “Microsoft”dan baha olan 2 şirkət var: “Apple” (912 milyard dollar) və “Alphabet” (793 milyard dollar.)

2013-cü ildə “PetroChina” şirkətinin bazar dəyəri 1 trilyon dolları ötüb, lakin o vaxtdan bəri bu hədd 235 milyarda düşüb. Hazırda Səudiyyə Ərəbistanının dövlət neft korporasiyası “Aramco” səhm satışına hazırlaşır. Şirkət birjaya çıxdıqdan sonra 2 trilyon dollar həcmində dəyərləndirilə bilər.

1 COMMENT