İnvestorların seçim imkanı artırılıb: Növbəti hərraca 246 dövlət əmlakı çıxarılıb

0
827
hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 13-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşdirilməyə çıxarılan 246 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-si istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyət, 11-i isə nəqliyyat vasitəsidir.

Komitədən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler“, “Ləki Sinklənmiş qablar”, “Oğuz Kəndkimya“, “Sabirabad İnşaat Sənaye” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində də yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” ASC-dir. Bu əmlakın səhminin 30 faizi 130 min manatdan çoxdur. Bundan başqa qiymətinə görə digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” ASC-dir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddirlər. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Yevlax, Şəki, Mingəçevir, İsmayıllı, Siyəzən, Şəmkir və digər bölgələrdə yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 2 min kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirilməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən “Bolluq” bazasıdır. Həmin əmlak 444 min 500 manata təklif edilir. Torpaq sahəsi 13 min kvadratmetrdən çox, ümumi faydalı sahəsi isə 1445 kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında “Çinar” soyuducular zavodunun Şəmkir filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 2 kvadratmetrdən çoxdur.

Bundan başqa Masallıda yerləşən Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfat da sahibi üçün yeyinti sənaye sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 110-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kvadratmetr ilə 304 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən 30,3 kvadratmetr olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 1875 manat təşkil edir. Həmçinin paytaxtın Qaradağ rayonunda yerləşən, sahəsi 16,8 kvadratmetr olan, ilkin start qiyməti 4 min 500 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Alman istehsalı olan “BMW” markalı avtomobillər üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 1500 manatla 5200 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3325 linkindən əldə etmək mümkündür.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edək ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, komitənin rəsmi saytı, “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investor sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Daha bir mühüm yenilik olan Elektron hərrac vasitəsilə də əmlakın özəlləşdirilməsində iştirak etmək mümkündür. Bunun üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.