Cənubi Koreyalı ekspert: Ağıllı fermer təsərrüfatı mənim üçün çox maraqlıdır

0
881

Cənubi Koreyalı ekspert Saymon Ri Bakıdakı ADA Universitetində və Bakı Biznes Fabrikində (BBF) sahibkarlıq və startaplar üzrə məsləhətçi kimi fəaliyyət göstərir. BBF rəhbərliyi ilə görüşdən sonra o, “Report” İnformasiya Agentliyinin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

– Sizin haqqınızda qısa məlumatımız var. Bildiyimiz qədər ADA Universitetində çalışırsınız. Amma istərdim sizi bir qədər daha geniş tanıyaq.

– Adım Saymon Ridir. Cənubi Koreyadanam. ADA Universitetinə məsləhətçi qismində göndərilmişəm. Məsləhət verdiyim əsas sahə universitetə startaplar və biznes inkubasiya mərkəzlərinin yaradılmasında köməklik göstərməkdir, yəni işim tələbələrə yeni ideyaların yaranması və inkişaf etdirilməsi sahəsində dəstək olmaq və bunun üçün müəyyən infrastruktura çıxış əldə etmək üçün onlara məsləhət verməkdir. Bu günə kimi bu sahə üzrə çalışıram.

– Artıq bir müddətdir ki, ADA Universitetindəsiniz. Burada qlobal potensiala malik hər hansı startap layihələri mövcuddurmu?

– Hazırda bu fəaliyyət növü ADA Universiteti üçün yeni bir sahədir və proses özünün ilkin mərhələsindədir. Son vaxtlar bu proseslə bağlı müəyyən irəliləyiş əldə etmişik və tələbələrə bəzi ideyalarının ortaya çıxmasında dəstək göstərmişik. Artıq tələbələr arasında bir neçə ideyanın layihələndirilməsi işlərini tamamlamışıq. Hətta nəticə etibarilə, artıq bir neçə gözəl startap komandasını da müəyyən edə bilmişik. Onlar əsl startap şirkəti yaradacaqlar. Şübhəsiz ki, gələcəkdə onların bəziləri hətta qlobal potensiala da malik ola bilərlər.

– BBF menecmenti ilə görüşmüşünüz. Görüşlə bağlı təəssüratınız necədir? Şirkətin potensialını necə qiymətləndirirsiniz?

– Yaxşı sualdır. İlk olaraq, BBF kifayət qədər maraqlı və unikal, həmçinin, digər inkubasiya mərkəzlərindən, hətta digər universitetlərdən fərqli bir məkandır. Burada startaplara dəstək üçün lazımi avadanlıqlar və infrastruktur mövcuddur. Şirkətdə həmçinin ideya müəliffilərinin startap layihələrinin inkişaf etdirilməsi üçün əsaslı təlimlər  təşkil olunur və onlara məsləhətlər verilir. Bakı Biznes Fabrikində həmçinin, startaplara müəyən investisiyanın cəlb olunmasında birbaşa və dolayısı ilə dəstək göstərilir. Azərbaycandakı digər inkubasiya mərkəzləri isə bu işi elə də yaxşı bacarmır. Buna görə də, kifayət qədər böyük fərq var. Fikrimcə, tezliklə BBF Azərbaycanda bu sahədə böyük potensiala malik olan qabaqcıl mərkəzə çevriləcək.

– Cənubi Koreya haqqında düşünəndə ağla ilk gələn İKT-sahəsidir. Startaplarla bağlı danışılanda isə çoxları düşünür ki, bu mütləq İKT ilə bağlı olmalıdır. Göründüyü kimi digər sahələri də əhatə edən startap layihələr var. Siz artıq bir müddətdir ki, buradasız və Azərbaycanda müşahidələr aparırsız. Necə hesab edirsiz, Azərbaycanda hansı fəaliyyət sahələrində reallaşan startap layihələr daha uğurlu ola bilər?

– Cənubi Koreyada texnologiyaya əsaslanan startaplarımızla bağlı məlumata sahib olduğunuz üçün təşəkkür edirəm. Dünyanın hər yerində istifadəçilər var, Amerika Birləşmiş Ştatlarından başlayaraq, eləcə də, Avropanın istənilən ölkəsində startuplar texnologiyaya əsaslanan layihələr üzrə işə başlayırlar. Lakin daha sonra onlar sənaye ilə bağlı bütün sahələrdə də İT xidmətindən istifadə edirlər. Buna görə də, hətta bu gün Azərbaycan müəyyən İKT, məsələn, İKT texnologiyası sahəsində kifayət qədər gücə malikdir. Müəyyən texnologiya bazasını yaratdıqdan sonra onu bütün sənaye sektoru üzrə genişləndirmək mümkündür. Məsələn, kənd təsərrüfatı sənayesi. Bu gün dünya kənd təsərrüfatı sahəsi İKT texnologiyasına inteqrasiya olunmalıdır. Ağıllı fermer təsərrüfatı, hətta turizm sənayesini də buna misal göstərmək olar. Xaricdən daha çox turist cəlb etmək üçün Azərbaycan İKT-yə əsaslanan sahələri və bu fəaliyyət növü üzrə xidmətləri inkişaf etdirməlidir. Məhz buna görə, Azərbaycan daha çox iki məsələ üzərində düşünməlidir. Birinci, xüsusi texnologiyalar, məsələn, İKT-yə əsaslanan startaplar. Daha sonra, biz müəyyən ənənəvi sənayeyə əsaslanan fəaliyyət növlərini, eyni zamanda, xidmət sahələrini genişləndirməliyik.

– Son sualım “coworking”lərlə bağlıdır. Mümkündürmü ki, Azərbaycan və Cənubi Koreya startapçılarının oxşar və yaxud eyni ideyaları ilə bağlı ortaq fəaliyyət təşkil edilsin?

– Yaxşı sualdır. Baxmayaraq ki, Cənubi Koreya İKT sahəsi üzrə dünyada aparıcı ölkədir, onların məhdudlaşdırılması daha əvvəl qlobal səviyyədə nəzərdə tutulmayıb. Lakin indi onlar qlobal strategiyanın qurulmasında çox israrlıdır. BBF-in Azərbaycandakı fəaliyyəti isə bu strategiyaya uyğundur. Biz yalnız texnologiya əsaslı yox, həmçinin, kənd təsərrüfatı və ya ağır sənaye, kiçik və orta sahibkarlıq kimi bir qədər yuxarıda qeyd etdiyim xüsusi sənaye sahəsində Koreya startapı və hətta Koreya şirkəti ilə birlikdə işləyə bilərik. Bu növ əməkdaşlıq Azərbaycanda uğur qazanmaq üçün yaxşı imkandır. Gələcəkdə biz yaxşı münasibətlər qura və bunun üçün müəyyən əməkdaşlıq imkanları üçün fəaliyyət sahələrini müəyyənləşdirə bilərik. Şəxsi marağım ondan ibarətdir ki, mən kənd təsərrüfatı sahəsinə, xüsusilə ağıllı fermer təsərrüfatına böyük maraq göstərirəm. Bu fərqli sahəni inkişaf etdirmək Azərbaycan üçün əla potensialdır.