Orijinal əl işləri olan sənətkəra dəstək verən çıxdı

0
887

Gəncə şəhərinin ABAD tərəfindən dəstəklənən sakini Nağı Nağıyev keramika ustasıdır. Onun milli üslublarda hazırladığı boşqab, kuzə və müxtəlif təyinatlı süfrə qabları kimi əl işləri orijinal görkəmə malikdir.

Dahi Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alan Nağı Nağıyevin təqdim etdiyi əl işlərinin üzərində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl” kimi poemalardan götürülmüş müxtəlif obrazlara rast gəlmək olar.

Sənətkarın sözlərinə görə, o, miniatür sənətini əmisinin emalatxanasında öyrənib və daim bu sahədə peşəkarlığa can atıb: “1971-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlamışam və bir çox ölkələrdə keçirilən sərgilərdə iştirak edərək medallar ilə təltif olunmuşam”.

Nağı Nağıyev keramika üzərində gözəl miniatürlər yaratsa da, məhsulların hazırlanması üçün xammalların alınmasındakı çətinliklər və satış bazarının azlığı sənətkara öz peşəsini daha da inkişaf etdirməyə mane olub. Buna görə də çalışdığı sahədə yeni mərhələyə qədəm qoymaq, satış bazarını genişləndirmək üçün sənətkar ABAD-a müraciət etmək qərarına gəlib.

Ustad sənətkarın müraciəti müsbət cavablandırılıb və beləliklə, ABAD-ın dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrə, vətəndaşlara göstərdiyi dəstək çərçivəsində Nağı Nağıyevin əl işləri ABAD sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.

Nağı Nağıyev deyir ki, hazırladıqları əl işlərinin turistlər tərəfindən böyük maraqla qarşılanması, satışların artması, maddi təminatının daha da güclənməsi onu bu sahədə yeni mütəxəssislər hazırlamağa həvəsləndirir.


© Azərtac