“9 ay bundan əvvəl sonuncu qurduğum işimdə 40 min manat ziyan etdim”

0
1684

Ələkbər Eyvazlı: “İnsan yalnız oxumaqla hər şeyi öyrənə bilmir”

Hansısa bir iş qurmaqdan çəkinmir, bunun üçün əlində olan, hətta olmayan pulu borc edib yatırmaq kimi riski də edir. Qazananda nə xoş, amma əgər alınmırsa, borca düşsə belə, bunu özünə dərd etmir. Çünki o, səhvin təcrübə qazanmaq tərəfinə daha çox baxır. İndi o cür təcrübələrindən birinin borcunu ödəyən, amma borc bitən kimi daha bir ideya reallaşdırmağı planlaşdıran müsahibimiz “Azersun Holding”in Yeni Texnologiya və İnnovasiyalar müdiri Ələkbər Eyvazlıdır.

Müsahibimiz söhbətə ömür boyu təhsil almaq yanaşmasını özündə tətbiq etməsi ilə başladı: “2008-ci ildə Turizm və Menecment Universitetinə daxil oldum. Təhsil aldığım müddətdə universitetdə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə bağlı ikili diplom proqramına müraciət etdim. Sözükeçən proqrama daxil oldum və iki ixtisas üzrə bakalavr diplomu aldım: Xidmətlərin marketinqi və qonaqpərvərlik menecmenti. Universiteti bitirdikdən bir müddət sonra Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının təqaüd proqramı qarşıma çıxdı və müraciət edərək Türkiyədə magistr dərəcəsi üzrə təhsil almaq üçün təqaüd qazandım. Sözükeçən proqramla Türkiyədə təhsil almaq üçün seçilən ilk gənclərdən biri oldum. Ankara Universitetində marketinq üzrə magistr təhsili aldım. Amma düşünürəm ki, təhsil universitetlərlə məhdudlaşmalı deyil. İndi bazar çox rəqabətcildir və trendlər sürətlə dəyişir. Bu gün gördüyümüz bir çox iş 5 ildən sonra avtonom qurğular və ya robotlar tərəfindən iradə edilə biləcək. Dolayısı ilə trend olan və gələcəkdə perspektivlər vəd edən sahələrə yönəlməyə çalışıram. Mənim təhsilim marketinq üzrə olsa da, təhsil aldığım müddət ərzində texnologiya ilə iç-içə olmuşam. Ölkədə böyük büdcələrlə ciddi elektron kommersiya işi ilə məşğul olmuş və Azərbaycan çapında ciddi nailiyyət qazanmış şəxslərdən biri də mən olmuşam. Hətta rahatlıqla deyə bilərəm ki, Azərbaycanda elektron kommersiya üzrə ən çox satış edən şirkətlərin birində strukturu mən yaratmışam, misal üçün deyə bilərəm ki, bizim illik satış həcmlərimiz dollarla ciddi yeddi rəqəmli göstəricilər olub”.

– İndiyə qədər çalışdığınız iş yerlərinə baxdım. Hamısı demək olar ki, bir-birindən fərqli sektorlardır. Niyə hər dəfə fərqli sfera?

– Əslində, bunun bir neçə səbəbi var. Turizm Universitetində oxuduğum vaxt turizm sahəsi üzrə çalışacağımı düşünürdüm. Buna görə, 16 yaşımdan böyük otellərin birində işləməyə başladım. Bir müddət sonra başa düşdüm ki, turizm tək oteldən ibarət deyil. Oteldə hər şeyi öyrənmək üçün 2 il mənə bəs edərdi. Sonra hansı sahələrdə çalışa biləcəyimlə bağlı fikirləşməyə başladım. Elə oldu ki, marketinq sahəsində özümü inkişaf etdirməyə qərar verdim. Bu istiqamətdə oxumağa, öyrənməyə və işləməyə davam etdim. Türkiyədə oxuduğum vaxt fikirləşdim ki, bazarda rəqəmsal agentliklər var. Mənim də çox yaxşı dizayner və proqramçı dostlarım, bu sahədə proseslərin necə getməsi ilə bağlı təcrübəm var. Düşündüm ki, nəzəriyyəni təcrübəyə köçürmək lazımdır. Dostlarla birlikdə öz şirkətimi açdım. Bir və ikinci uğursuz oldu, amma alınanlar da var idi. Bakıda elə layihələr olub ki, biz onu işləyib xarici şirkətlərə satmışıq. Həmin vaxtlarda mənim 22-23 yaşım var idi. O yaş üçün bu, yaxşı idi. Elə böyük pullar olmasa da, 10 min dollara qədər olan məbləğlər var idi. Bakıda 22 yaşında birinin o vaxt layihə hazırlayıb xaricə satması az rastlanan bir şeydir. Bu, o vaxt üçün yaxşı nəticə idi. Düşünürdüm ki, öyrənməyə davam etdikcə və təcrübəm artdıqca gələcəkdə bunu daha da artıra bilərəm.

İkinci vacib məsələ odur ki, mənim karyeramla bağlı vizyonum var. Hər hansı bir spesfik sahədə olmaqdansa, müəyyən sahələrdə təcrübə toplayıb biznes konsaltinq sahəsinə keçmək istəyirəm. Turizm agentlikləri, otelçilik, digital agentlik, bankçılıq, hava yolu şirkəti və s kimi təcrübələrim olub. “Samsung Elektronics”in Bakı nümayəndəliyində marketinq mütəxəssisi kimi işləmişəm, “Finca Azerbaijan”da çalışmışam.

Öz agentliyimizi bağladıqdan sonra bank sektoruna keçdim. Mühit olaraq agentlik daha rahat iş şəraitinə sahibdir. Bankdakı korporativ qaydaları bilmək üçün işin içində olmaq istədim. Baş marketinq mütəxəssisi olaraq fəaliyyətə başladım və çox qısa müddət sonra vəzifəm artdı. Azərbaycanda rəqəmsal marketinq komandası yaradan ilk qurumlardan biri də məhz biz olduq. İndi hər bankın rəqəmsal marketinq komandası və ya mütəxəssisi var. Amma 4-5 il bundan əvvəl belə şey yox idi. Bu, mənim üçün ciddi bir təcrübə oldu.

– Təcrübə zamanı qazanılanlarla yanaşı, itirilənlər də böyük ola bilər.

– Bir şey öyrənmək istəyirəmsə, onu təcrübədən keçirirəm. “Vaxtım və ya pulum getdi” deyə fikirləşmirəm. 9 ay bundan əvvəl sonuncu qurduğum işimdə 40 min manat ziyan etdim. Amma fikirləşmirəm ki, 40 min itirdim. Bu, mənim üçün çox gözəl bir təcrübə oldu. 40 min manat ekvivalentindən daha çox təcrübə qazandım. Bunun təkcə maddi deyil, mənəvi tərəflərini də fikirləşmək lazımdır. Növbəti dəfə bir şirkət qursam, artıq eyni səhvləri etməyəcəm. Çünki artıq necə deyərlər bir dəfə başım daşa dəyib.

– 40 min manat var idi itirdiniz, yoxsa hələ borcdasınız?

– (Gülür) Məndə olan pul deyə bir şey yox idi. Mən pul xərcləyən adam olduğum üçün nə qədər qazansam da, əlimdə qalmır. Əgər bu gün üstümdə 10 min manat varsa, onu xərcləməyin yolunu tapacam. Məsələn, 10 min dollara mən Amerikada kursa gedə bilərəm. O işi quranda əlimdə 10 minə yaxın bir məbləğ var idi. Bunun müəyyən bir hissəsi borc kimi qaldı. Düşünürəm ki, burada önəmli olan borclanmaq deyil, məsuliyyətli borclanmaqdır. Artıq indidən 4-5 ay sonra hansı biznesə başlaya biləcəyim haqda düşünürəm. Elə olub ki, itirdiyim pulu bir aya qazanmışam. Həyatda həmişə qazansaydıq, maraqsız olardı.

– Bir iş yerində elə çox qalmırsınız. Eyni yerdə çox işləməyi sevmirsiniz?

– Əslində, CV-yə baxanda görüntü olaraq elədir ki, mən bir yerdə çox işləyə bilmirəm. Amma bu, heç də elə deyil. Son iş yerimdə iki il yarım işləmişəm. Bu, heç də az olmayan bir zamandır. Referans nöqtəsinin nə olması çox önəmlidir. Məsələn, anam və atam mən gözümü açandan eyni yerdə işləyirlər. Onlar işlərini dəyişmək haqqında heç fikirləşmirlər. Bu cəhətdən nəsillər arasında fərq var. İki il bir şirkətdə işləyib öyrənmək üçün ideal müddətdir. Bir il azdır, iki il yarım isə çoxdur. Hər hansı bir yerə getdikdə intensiv öyrənmə periodu başlayır. Bu 3-6 aya qədər davam edə bilər. 6 aydan 12 aya qədər müddətdə yeni bir şeyi nadir halda öyrənirsən. Bu zaman artıq iş sürətini artırır, avtomatikləşir. İşdə hər şey standart getdiyi üçün bu zaman ekstra nələrisə öyrənməyə başlayırsan. Çünki işin sizə qatdığı əlavə bir dəyər olmur. Mən bundan əvvəlki iş yerim “Qatar Airways”da ona görə o qədər qaldım ki, hər gün yeni bir şey öyrənirdim. Mənim sahəm marketinq və elektron kommersiya idi. O zaman ölkədə çox zəif olan elektron kommersiya və satış bazarını demək olar ki, sıfırdan yaratmışıq.

Digər məsələ sənin şirkətə qatdıqlarındır. Öyrənmə prosesi bitdikdən sonra sizin şirkətə qatdıqlarınız önə keçir. Bu da müəyyən vaxta qədərdir. Bir yerdən sonra bu, doyma halını alır. Bundan sonrası maraqsız olmağa başlayır və yeni maraqlar axtarışına çıxırsan. Belə olanda iş ikinci plana keçir. Mən çörəyini yediyim müəssisəni ikinci plana atmağı xoşlamıram. Tam ştat işlədiyim işlərdə belə şəxsi biznesim varsa, bunu birbaşa rəhbərimə öncədən bildirirəm.

Üçüncü bir məsələ şirkətin sizinlə bağlı vizyonudur. Məsələn, mən bankda işə başlayanda soruşdular ki, nə istəyirsən? Dedim ki, mənə bankçılıqla bağlı öyrənəcəyim şeylər maraqlıdır. Çünki hər bir sahədə çox təcrübəli insanlar var. Həmin insanların yaşadığı təcrübələri öyrənmək istəyirəm. Əgər şirkət bunu mənə vermirsə, bir il ərzində öyrənəcəyimi öyrənib çıxacağam. Bu proses həm də şirkətin sizdən nə gözlədiyindən asılıdır. Əgər şirkət işini gör, özünü çox yorma deyirsə, burada problem var. Bilirsiniz, mən düşünürəm ki, əgər mən bir şeyi öyrənirəmsə, bir ildən sonra onu görmək məndə avtomatik hal alırsa, İQ dərəcəsi normal olan 11-ci sinif şagirdi də onu öyrənə bilər. Bunun üçün xüsusi beyin lazım deyil. Çox nadir ixtisaslarda çalışmaq üçün xüsusi beynə ehtiyac var. Məsələn, mən 11-ci sinifdə maliyyəçi olmağı seçsəydim, indi maliyyə sahəsində gəldiyim nöqtələrdən danışacaqdım.

– Yəni, sevmədiyin, xüsusi həvəsin olmadığı işdə də uğurlu olmaq mümkündür?

– Gördüyün işi sevmək lazımdır. Bu gün gördüyüm işdən zövq alıram. Mənim sahəm texniki olduğuna görə sistemlər, alqoritmlər, biznes prosesləri və s üzərində işləyirik. Bu, uşağın dünyaya gəlməsi kimi bir şeydir. 9 ay əziyyətdən sonra uşaq dünyaya gəlir. Yoldaşım maliyyəçidir, amma bu, mənə çox uzaq bir sahədir. Orta və ali məktəb səviyyəsində hamı kimi biliklərim var, bank sektorunda çalışanda işim üçün lazım olan şeyləri bilirəm. Amma yenə də mənə uzaq sahədir. Lakin bu gün maliyyə oxumağa qərar versəm, iki ilə maliyyədə dünyanın istənilən yerində çalışmaq üçün lazım olan nöqtəyə gəlib çata bilərəm. Tək mən yox, orta statistik İQ-sü olan istənilən adam bunu bacarar.

– Qeyd etdiniz ki, 16 yaşınızdan işləmisiniz. Evdən asılı olmamaq üçün işləyirdiniz, yoxsa məqsəd təcrübə qazanmaq idi?

– Müəyyən dövrlərdə sıxıntılarımız olsa da, böyük maddi problemlərimiz olmayıb. Amma mən 16-17 yaşım olanda hər gün atamdan pul alanda sıxılırdım. Universitetdə dekanımız Dr. Nəsir Nəsrullayev bizə deyirdi ki, 4 ili yalnız universitetlə ev arasında keçirsəniz, sonra iş tapa bilməyəcəksiniz, bu sahədə diplom alan çox olur, tələbəlik dövründə təcrübə qazanmasanız, siz onlardan heç nə ilə fərqlənməyəcəksiniz. Biliklə yanaşı, təcrübə də qazanmaq lazımdır. Mən universitetdə iki fərqli ixtisas üzrə oxuduğum üçün bəzən gün ərzində işləmək imkanı olmurdu, lakin onda da gecə növbəsində oteldə işlədiyim vaxtlar olub. Elə dönəm olub ki, axşam 8-9-da universitetdən çıxandan sonra gecə növbəsində işləmişəm. Universitetdə, yaxud oteldə işdə bir-iki saat yuxumu alırdım. Birinci kursunilk semestrini nəzərə almasaq, dörd il ərzində demək olar ki, dərsdən əlavə də fəaliyyətimin olmadığı dönəmi xatırlamıram. Təcrübələrin eləsi olub ki, maaş almışam, eləsi də olub ki, könüllü fəaliyyət göstərmişəm. Məzun olanda artıq üç iş təklifi gəlmişdi. Yaxşı biliyi olan, amma təcrübəsi olmayanlar isə iş tapmaqla bağlı çətinliklə üzləşdilər. Yalnız oxumaqla insan hər şeyi öyrənə bilmir. İş qurmaq biznes kitablarında yazılanlarla oxuyub tətbiq etməklə qurtarsaydı, heç kim iş batırmazdı. Gedib bir kitab alıb oxuyub, iş qurub milyonçu olardı. Kitabdan sadəcə təcrübələri öyrənmək olur. Deyir ki, öz təcrübələri üzərində öyrənən insan ağıllı, başqalarının təcrübələrindən öyrənən isə dahidir. Özümü həmişə orta statistik insan saymışam və dahi olmadığımdan təcrübə edib öyrənməyin tərəfdarıyam. Müəyyən sahələr var ki, rahatlıqla deyə bilərəm ki, Azərbaycanda o sahədə beş mütəxəssis varsa, biri də mənəm. Bunu rahatlıqla ona görə deyirəm ki, bu sahədə əvvəllər təcrübələrim, uğurlarım olub. Sonra yenə etmişəm və məndə uğurlu olub.

– Onlar hansı sahələrdir?

– Turizm sahəsi. Turizm marketinqini Azərbaycanda yaxşı bilən beş mütəxəssisdən biri mənəm. Yaxud elektron kommersiya.

– Necə bir mühitdə işləmək sizə görə daha effektlidir?

– İnsanın ətrafında nəsə öyrənəcəyi adamların olması önəmlidir. Bir də neqativ insanları ətrafımdan uzaqlaşdırmağa çalışıram. Ölümdən başqa hər şeyin çarəsi var. İnsan neqativ olanda bu onun hər sferada işinə yansıyır. Mən həyatdan zövq almağı xoşlayıram. Dolayısı ilə pozitiv mühitdə işləməyi sevirəm. Neqativ mühit olanda, insan yaxşı düşünə bilmir, kreativ ideyalar gəlmir.

– Ələkbər bəy evdə necə biridir?

– Evdə necəyəmsə, işdə də eləyəm, yaxud əksinə. Xaraktercə rahat və yola gedən adamam. Çox ciddi səbəbdən dava etdiyim adamlar belə, könlümü rahatlıqla ala bilər. Çox nadir hallarda ola bilər, amma mən hansısa məsələdə “yox” deyirəmsə, artıq onu “hə” etməyim çətin məsələdir. Amma indi necə gülərüzəmsə, işdə, evdə, dostlar arasında da eləyəm.

– Məsələn, mətbəxə keçə, xanımınıza ev işlərində kömək edə bilərsiniz?

– O cəhətdən də rahat adamam. Ev təmizliyi etmək mənim üçün çox adi bir məsələdir. Anam xəstə olanda görmüşəm ki, bacım dərs oxuyur, gedib qabları özüm yumuşam. Yemək bişirməklə bağlı xüsusi bir qabiliyyətim yoxdur, amma kartof, toyuq qızarda, yumurta bişirə, 5-6 cür salat hazırlaya bilirəm. Yoldaşıma deyirəm ki, səndən yaxşı salat hazırlayıram, o da deyir ki, elə sən hazırla. O, yemək bişirəndə mən salat hazırlayıram. Əgər bu işi bacarıramsa, evdə boşamsa, niyə də yoldaşıma kömək etməyim ki?

– Sizə görə uğurun sirri nədir?

– Şansa inanan insanam. Zəhmət öz yerində, amma şans olmalıdır. Doğru təhsil almaq da önəmlidir. Valideynlərimin dünyagörüşlü olması, təhsilim üçün əllərindən gələni etmələri mənim üçün bir şans idi. Yenə də deyirəm, varlı ailə olmamışıq, amma orta imkanımız olub. Vaxt olub ki, atam “bu il sənə təzə çanta almayaq, amma ona verəcəyimiz pulla bir ay müəllim yanına get” deyib. Dəfələrlə bunu eştimişəm. Təhsilə investisiya ediblər. İnsan mütləq yeni şeylər öyrənməli, yeni fikirlərə ac olmalıdır. Bu gün sizə dedim ki, ölkədə filan sahədə 5 mütəxəssisdən biriyəm. Amma mən burda sizinlə oturanda kimlərsə nələrsə oxuyurlar, sabah onlar məni keçə bilərlər.

Kaspi qəzeti