Samux rayonundakı təsərrüfatlarda günəbaxan əkininə maraq artıb.
Rayonda 2 min 557 hektar sahədə günəbaxan əkilib. Bu, ötən illə müqayisədə 842 hektar çoxdur.
Məhsuldarlığı ilə seçilən sahənin gəliri yaxşı olduğundan rayon fermerləri günəbaxan əkinini hər il genişləndirirlər. Rayonda günəbaxan əkininə hazırlıq payız aylarından başlayır. Toxum səpilənə qədər bir sıra aqrotexniki qaydalara əməl edilir. Səpin işlərindən sonra isə sahəyə lazımi qulluq göstərilir. Fermerlər deyirlər ki, əkin sahəsinə düzgün aqrotexniki qulluq göstərildikdə qoyulan vəsaitdən dəfələrlə çox gəlir götürmək mümkündür. Bir hektar sahəyə 24 kiloqram toxum səpilir. Təsərrüfat sahibləri daha çox Rusiyadan gətirilən, məhsuldarlığı və yağlılığı yüksək olan sortlara üstünlük verirlər. Onlar keyfiyyətli toxumun bir kiloqramını 3-3,5 manata alırlar. Məhsul yetişənə qədər bir hektar sahəyə 800-850 manat dəyərində qulluq göstərilir.
Avqustda yığımına başlanılan günəbaxan sahəsinin bir hektarından 2,5 ton məhsul toplanır və 0,8-1 manatdan satılır. Rayonda istehsal edilən günəbaxandan həm də yağ istehsal edilir. Bu məqsədlə toplanan məhsul Gəncədəki müəssisələrə təhvil verilir.
Günəbaxan əkini ilə biznes qurmaq – günəbaxan necə yetişdirilir?
Günəbaxanın tumu ilə yanaşı, heyvandarlıqda gövdəsindən də yem kimi istifadə olunur. Bu məhsulun toxumu kimi gövdəsi də yağlı olduğundan ətlik mal-qara üçün əlverişli hesab edilir.
Hazırda Samux rayonundakı günəbaxan sahələrində suvarma aparılır və məhsula aqrotexniki qulluq göstərilir. Məhsulun yığımına bir aydan çox vaxt qalsa da, məhsuldarlıq fermerləri qane edir.
© Azərtac