İsti yay günlərinin gəlişi dənizkənarı çimərliklərə axının artması ilə müşahidə olunur. Bəs bu gün həmin çimərliklərin əhaliyə göstərdikləri xidmətlər və onların dəyəri vətəndaşlar üçün nə dərəcədə sərfəlidir.
Qeyd edək ki, Abşeron yarımadası sahillərində 12 çimərlik zonası, o cümlədən Bilgəh, Buzovna, Hövsan, Zaqulba, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Sahil, Sumqayıt, Şıx və Şüvəlan mövcuddur. Lakin bu ərazilərdə yerləşən çimərliklərin hamısı istifadəyə yararlı vəziyyətdə deyil.
Bu il çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə bir sıra çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Məlum olub ki, Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır: Buna görə də vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır.
Bakıətrafı ərazilərdə yerləşən çimərliklərin isə bir çoxuna giriş ödənişlidir. Beləliklə, çimərliklərdə giriş və xidmət haqqı məbləğləri aşağıdakı kimidir
“Beluga Beach” – Buzovna
Buzovnada yerləşən “Beluga Beach” çimərliyinə giriş pulsuzdur. Burada köşklərin qiyməti 10-20 manat, şezlonqların qiyməti isə 3 manatdır.
“Golden Fish” – Nardaran
“Golden Fish” çimərliyi Nardaran ərazisində yerləşir. Çimərliyə giriş pulsuzdur. Çətirin altında taxta masalarda əyləşmək üçün 15 manat ödəniş etmək tələb olunur. Köşklərin isə qiyməti 20 manatdan başlayır və adam tutumuna görə artır. Nisbətən kiçik həcmli köşklərin qiyməti 20 manatdan 50 manata qədərdir. 25-30 nəfərlik köşklərin qiyməti 50 manatdır. Hesab 50 manatı keçdikdə köşklər üçün alınan pul geri qaytarılır. Balaca şezlonqların (1 nəfərlik) qiyməti 5 manat, böyük şezlonqların qiyməti (2 nəfərlik) isə 10 manatdır.
Çimərlik ərazisində nisbətən daha geniş və VIP yerlər var ki, onların qiyməti 200-300 manat təşkil edir. Bunlar, təqribən, 40-50 nəfərlik köşklərdir və adətən, banket üçün nəzərdə tutulur. Bu köşklərdə isə hesab 350 manatdan yuxarı olduqda köşkün pulu alınmır.
“Sea Breeze” – Nardaran
“Sea Breeze” çimərliyinə giriş bir nəfər üçün 20 manatdır. 10 yaşa qədər olan uşaqlara görə ödəniş tələb olunmur. Giriş qiymətinə həmçinin şezlonq, çətir və dəsmal daxildir. Çimərlik Nardaran ərazisində yerləşir.
“Caspian Breeze” – Novxanı
Novxanıda yerləşən “Caspian Breeze” çimərliyinə giriş pulsuzdur. Çimərlikdə çətirli masaların qiyməti 10 manat, köşklərin qiyməti isə 15 manatdır. Nisbətən böyük, yəni 25-30 nəfərlik köşklərin qiyməti isə 20 manatdır.
“Amburan Beach” – Bilgəh
“Amburan Beach” istirahət mərkəzi Bilgəhdə yerləşir. Çimərliyə giriş həftə içi 30 manat, həftə sonları isə 35 manatdır. Bundan əlavə, çimərlik ərazisində VIP masalara və dolablara görə də əlavə ödəniş tələb olunur. Hovuz kənarında olan masaların qiyməti 30 manat, dəniz qırağında olan masaların qiyməti isə 100 manatdan 500 manata qədərdir. Boyu 1,50 m-ə qədər olan uşaqlar üçün giriş pulsuzdur.
“Mambo Beach” – Şıx
“Mambo Beach” istirahət mərkəzi Şıx çimərlik zonasında yerləşir. Çimərliyə giriş həftə içi 20 manata, həftə sonu isə 25 manata başa gəlir. Bu qiymətlərə şezlonq, köşk və çətir də daxildir. 6 yaşına qədər olan uşaqlar üşün giriş pulzusdur. 6 yaşdan 12 yaşa qədər uşaqlara giriş məbləğində 50% güzəşt olunur.
“Dalga Beach” – Mərdəkan
Mərdəkan ərazisində yerləşən “Dalga Beach” çimərliyinə giriş 6 yaşa qədər pulsuz, 7-12 yaş arası 5 manat, 12 yaşdan yuxarı 10 manatdır. Bu qiymətlərə şezlonq, çətir, masa, köşk, internet, duş və paltar dəyişmə kabinləri də daxildir.
Məlumat üçün qeyd edək ki, mütəxəssislərin bildirdiyinə görə günəşli hava çimmək üçün faydalı olsa da, günəşin qızmar vaxtlarında dənizə getmək zərərlidir. Çünki bu saatlarda infraqırmızı şüalar çox olur və onlar dəniz suyunun tərkibində olan mikroblara təsir edə bilmir. Eyni zamanda həkimlər dəniz suyunun insan üçün çox xeyirli olduğunu vurğulayırlar. Belə ki, dəniz suyunun tərkibində olan duzlar, mikroelementlər bir çox oynaq xəstəliklərinin, sinir sisteminin, hətta dəri xəstəliklərinin sağalmasına kömək edir.