Əsas səhifə Biznes İş qadını 27 yaşında İrlandiyada öz şirkətini təsis edən Azərbaycanlı gənc xanım

27 yaşında İrlandiyada öz şirkətini təsis edən Azərbaycanlı gənc xanım

5701

“Hal-hazırda hansı ölkədən gəldiyinizin və ya ali təhsilinizin olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur, çünki ən vacibi təcrübədir. Bir işə müraciət etdiyinizdə ilk növbədə işə götürənlər sizin təhsilinizə deyil, təcrübənizə baxırlar.” 

Bu sözləri 27 yaşında İrlandiyada öz şirkətini quran Azərbaycanlı gənc xanım Lalə Qurbanova deyir.

O, 1992-ci ildə Moskvada (Rusiya) anadan olub. Orta təhsilini Gəncə şəhərindəki 4 nömrəli orta məktəbdə alıb. 2010-cu ildə Bakı Dövlət Universitetinin Kompüter Elmləri və Kibernetika ixtisasına qəbul olub. Təhsil aldığı müddətdə yarım-ştat işçi olaraq, 2013-cü ildə İRES-də (jobsearch.az) rekrutinq kordinatoru kimi işə başlayıb. 2015-ci ilin iyun ayında İrlandiyaya köçüb və burada o, 2018-ci ilin dekabr ayına kimi “Stelfox” şirkətində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda, 2019-cu ilin yanvar ayında İrlandiyada təsis etdiyi “Lastel” şirkətinin direktoru vəzifəsini icra edir.

“Moneta.az” Azərbaycanlı gənc sahibkar Lalə Qurbanova ilə olan maraqlı müsahibəni təqdim edir:

– Təsis etdiyiniz şirkət haqqında kiçik məlumat verə bilərsinizmi?

“Lastel” İrlandiyada yerləşən bir İnformasiya Texnologiyaları (İT) üzrə işəgötürmə şirkətidir. Məqsədimiz işəgötürmə prosesini asanlaşdırmaqdır. Şirkətlər bizim geniş istedad şəbəkəsi və peşəkar tərəfdaşlıqlarımız sayəsində “Lastel” in səmərəli və dəqiq işəgötürmə xidmətlərindən istifadə edir. “Lastel” Avropada yerləşən şirkətlərlə işləyir və Avropada yerləşən aparıcı texnologiya şirkətləri ilə texniki sahədə olan istedadları birləşdirir.

– Ali təhsilinizi kompüter elmləri ixtisasında alsanız da, əmək fəaliyyətinə İRES-də rekrutinq kordinatoru kimi başlamısınız. Niyə bu sahəni seçdiniz?

BDU-da təhsil aldığım vaxtlarda təhsildən əlavə boş vaxtım olurdu və bu boş vaxtı hədər etmək yerinə onu daha səmərəli istifadə etmək qərarına gəldim. Beləliklə, yarım-ştat iş axtarmağa başladım. O vaxtlar Azərbaycanda şirkətlərin bir çoxu yarım-ştat işçi götürmək istəmirdi. Şanslıyam ki, qarşıma İRES (jobsearch.az) çıxdı, CV-mi göndərdim və müsahibədə iştirak etdim. Müsahibəni uğurla tamamlayaraq İRES-də işləməyə başladım.

Çalışdığım muddətdə təhsil aldığım kompüter elmləri ixtisası və ingilis dilini bilməyim mənim peşəkar rekrutinq kordinator kimi yetişməyimə imkan verdi. İRES-də işlədiyim müddətdə texnologiyanı və insanlarla ünsiyyətdə olmağı çox sevdiyimi başa düşdüm. Bunları nəzərə alaraq, bu sahədə karyeramı davam etdirməyə qərar verdim.

– İki ilə yaxın müddətdə Azərbaycanda və daha sonra İrlandiyada işləmisiniz. Azərbaycandakı iş mühiti ilə İrlandiyadakı iş mühiti arasındakı oxşar və fərqli cəhətləri deyə bilərsiniz?

İrlandiyadakı iş mühiti ilə Azərbaycandakı iş mühiti bir-birindən çox fərqlidir. İrlandiya Avropada işləmək üçün ən yaxşı ölkələrdən biridir. Şirkətlər öz işçilərini dəyərləndirir və onlara qayğı göstərirlər. Sağlamlıq və təhlükəsizlik şirkətlər üçün çox vacibdir. Onlar sizin heç bir xəsarət almadığınız təhlükəsiz bir mühitdə çalışmağınızı istəyirlər.

İrlandiyada şirkətlər işçi və onun ailə üzvləri üçün tam ödənilən hərtərəfli tibbi sığorta, təqaüdə töhfə, performansla bağlı illik mükafatlar (10-15%) və işçi üçün endirimlər (mağazalar, restoranlar, kafelər, kinoteatrlarda) təklif edir.

Həftənin ən azı bir günü evdən işləyə bilərsiniz və evdə işlədiyiniz halda, internet haqqı şirkət tərəfindən ödənilir. Şirkətlər işçiləri yemək və quru təmizləmə xidmətləri ilə təmin edirlər. Şirkətlərin bir çoxunda işçiləri üçün idman zalları və həkimlər var. Şirkətlərin əksəriyyəti işlə bağlı dərəcə proqramları, kurslar, sertifikatlar və xarici dil tədrisini başa çatdırmaq istəyən işçilər üçün maliyyə yardımı (təhsil ödənişi) ayırır. Şirkətlər, həmçinin, işçilərin iş saatları ərzində ziyarət edə biləcəyi oyun ve musiqi otaqlarina malikdirlər.

Şirkətlərdə səhmdar proqramı mövcuddur (şirkətin səhmlərini endirimli qiymətlə almaq), bu da işçilərə şirkətin səhmdarı olmaq imkanını verir.

Milad İrlandiyada böyük bir bayramdır və şirkətlərin əksəriyyəti həftə sonu Milad bayramını birlikdə keçirmək üçün işçilərini Portuqaliya, İspaniya və s. kimi xarici ölkələrə aparır.

Bənzər cəhətlərə gəldikdə isə, həm Azərbaycanda, həm də İrlandiyada iş mühitlərində dostluq, dəstək, hörmət və anlaşma var.

– 4 il yaxın “Stelfox” şirkətində müxtəlif vəzifələrdə çalışmısınız. Bu müddət ərzində Azərbaycandan işçi götürmüsünüz?

Xeyr, təəssüf ki. “Stelfox”da olduğum müddətdə biz İrlandiyada işləmək hüququ olan namizədləri işə götürmək istəyən şirkətlərlə işləyirdik. Şirkətlər vakant yerlərə namizədlərin təcili tapılmasını istədiklərindən iş icazəsini gözləmək istəmirdilər və bu səbəbdən dolayı, Avropa İttifaqından kənar namizədləri nəzərdən keçirmirdilər.

Təsis etdiyim “Lastel Recruitment”da isə, məqsədimiz bunu dəyişdirməkdir. Biz Azərbaycandan və Avropa İttifaqından kənar digər ölkələrdən mümkün olan qədər namizədlərin işə cəlb edilməsi üçün çalışacağıq.

– Azərbaycan gənclərinə karyera ilə bağlı hansı tövsiyələr verə bilərsiniz və Azərbaycanda iş təcrübəsi olanlar Avropada karyeralarına davam etmələri üçün nə etməlidirlər?

Əvvəlcə məqsədlərinizi təyin etmək və istəklərinizə dogru getmək lazımdır, çünki hər şeyə nail olmaq mümkündür.

Hal-hazırda hansı ölkədən gəldiyinizin və ya ali təhsilinizin olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur, çünki ən vacibi təcrübədir. Bir işə müraciət etdiyinizdə ilk növbədə işə götürənlər sizin təhsilinizə deyil, təcrübənizə baxırlar. Onlar nəzəri biliklərinizə əhəmiyyət vermirlər, təcrübədə nəyi bacardığınızı görmək istəyirlər. Məsələn, karyeranıza 25 yaşda İT sektorunda başladınız və bu sektorda böyük təcrübə əldə etdiniz, bu zaman bakalavr dərəcəsinin olub-olmamasindan asılı olmayaraq şirkətlər sizi işə götürəcəkdir.

İkincisi, bütün biliklərinizi və təcrübənizi düzgün şəkildə göstərən CV-niz olmalıdır. Bəzən, CV-ləriniz işə götürənlərə daha da cəlbedici etmək üçün onu yenidən hazırlamalısınız. Hər hansı bir işə müraciət edən zaman həmin iş üçün lazım olan əsas bacarıqların nə olduğunu bilmək lazımdır və bunun üçün hərtərəfli bazar araçdırması etməlisiniz. Arzu etdiyiniz işə müraciət etmek üçün lazım olan bacarıqlarıqlardan bəziləri kifayət etmirsə, o zaman onlayn kurslara qatıla bilərsiniz.

Aşağıdakı onlayn təlim platformlarından istifadə etməyi məsləhət görürəm:

https://www.udemy.com/ , https://eu.udacity.com/ , https://www.edx.org/ , https://eu.udacity.com/ , https://www.coursera.org/ Bu platformalarda sizin faydalana biləcəyiniz müxtəlif kurslar var.

Müvəffəqiyyət qazanmaq üçün karyera inkişafına gəldikdə isə, mütəmadi olaraq bacarıqlarınız və inkişafınız üzərində işləməlisiniz. İşdə uğur qazanmaq üçün lazım olan bacarıqları müəyyənləşdirməyə kömək edə biləcək bir mentor tapmalısınız. Əlavə motivasiyaya ehtiyacınız varsa, motivasiya spikerlərinin videolarını izləməyə ve kitablarını oxumağa başlayın. Mənim məsləhət gördüyüm spikerlər bunlardır: Garry Vaynerchuk, Tony Robbins and Tim Ferris.

Məqsədlərinizə ve arzularınıza nail olmaq üçün yolunuzu  düzgün şəkildə planlaşdırmaq lazımdır ve bunda sizə kömək ola biləcək aşağıdakı kitabları oxumağı tövsiyə edirəm:

1. “The Compound Effect” (Darren Hardy)

2. “The Obstacle is the way” (Ryan Holiday)

Biz böyük fürsətlər olan gözəl bir zamanda yaşayırıq. Mən inanıram ki, əgər yorulmadan çox çalışsanız və öz məqsədinizə doğru getsəniz, siz ürəyinizdəki arzulara nail ola bilərsiniz. Ən əsası isə, sevdiyiniz işin arxasınca gedin.

moneta.az

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here