İnsanların əksəriyyəti dünyanın ən güclü və ya sabit valyutalarını, məsələn – Britaniya funt sterlinqi, İsveçrə frankı, ABŞ dolları və avronu tanıyırlar. Onlar bütün dünyada geniş istifadə edilir və çox nadir hallarda bu valyutaların məzənnəsi kəskin dəyişir. Amma dünyada çoxsaylı başqa valyutalar da var ki, müxtəlif səbəblərdən tez-tez dəyərlərini itirirlər.
Dünyada vəziyyət sürətlə dəyişir və bəzən hansı valyutanın zəif və ya güclü olduğunu müəyyən etmək çətin olur. Bizplus.az 2019-cu ilin ən zəif (yəni ABŞ dollarına qarşı məzənnədə) valyutalarını təqdim edir.
1. İran rialı
2019-cu ildə dünyanən ən zəif valyutası İran rialı olub. Hələ dekabrın sonuna olan vəziyyətə İranın «qara bazarı»nda dolların məzənnəsi 124 min rial olub. Rəsmi məzənnə isə 42 min rialdır.
Rialın zəifləməsi ilk növbədə İrana tətbiq edilən iqtisadi və siyasi sanksiyalarla bağlıdır. İran neftinin satışına qoyulan məhdudiyyətlər iqtisadiyyatda tənəzzülə səbəb olub. Neft ixracçısı olan İran neftini xaricə sata bilmir və nəticədə milli büdcədə kritik defisit yaranıb. Xatırladaq ki, 2016-cı ildə Nüvə sazişinin imzalanmasından sonra İrana qarşı qoyulan sanksiyalar ləğv edilmişdi, amma 2018-də ABŞ Nüvə sazişindən çıxaraq Tehrana qarşı yeni, daha güclü sanksiyalar tətbiq edib.
2. Venesuela bolivarı
Dünyanın ən zəif valyutalarının siyahısında Venesuela bolivarının olmaması sadəcə təəccüblü olardı. Bolivar – 2019-cu ildə ən çox inflyasiyaya məruz qalan valyuta olub.
Ötən il Venesuela görünməmiş siyasi və iqtisadi sarsıntılar yaşayıb. Bura dövlət çevrilişi cəhdləri və iqtisadi sanksiyalar aiddir. Hazırda Venesuelada 1 ABŞ dolları 4,6 min bolivardır. 2018-ci ilin avqustunda ölkədə denominasiya aparılıb, səbəbi isə Venesuelada 830 min faizlik hiperinflyasiyanın yaranması olub. Nəticədə hətta denominasiyadan sonra da qiymətlər hər gün artıb.
Denominasiyaya qədər Venesuelada 1 ABŞ dolları 250 min bolivar idi. Denominasiyada isə 100 min bolivarlıq köhnə banknotlar 1 yeni bolivara dəyişildi. Venesuelada hökumət kriptovalyuta (Petro) da buraxıb ki, dollarla mübarizədə kömək etsin. Amma bu addım inflyasiyanı daha da gücləndirib. Ona görə də hökumət dolların rəsmi məzənnəsini istədiyi kimi müəyyən edir, ama bu «qara bazar»dakı məzənnədən xeyli fərqlənir.
3. Vyetnam donqu
Vyetnam donqu – dünyada ucuzluğuna görə 3-cü valyutadır. Burada 1 ABŞ dolları 23 min 187 donqa bərabərdir. Amma vəziyyət ilk baxışdan göründüyü kimi pis deyil. Hazırda Vyetnam mərkəzləşmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründədir. Ona görə də bu ölkənin valyutası tam qiymətləndirilməyib.
Buna baxmayaraq ekspertlər hesab edir ki, Vyetnam hökuməti düz yoldadır və tezliklə iqtisadiyyatda vəziyyət sürətlə yaxşılaşacaq. Vyetnam donqunun məzənnəsi isə qonşu ölkə valyutalarına çatacaq.
4. İndoneziya rupisi
İndoneziyada dolların məzənnəsi təqribən 14 min rupi arasındadır. 2016-cı ildə həddən artıq aşağı dəyəri olduğuna görə, 7 yeni əskinas buraxılıb – 1 mindən 100 min rupi dəyərində.
İndoneziya Cənub-Şərqi Asiyanın iqtisadi cəhətdən sabit və kifayət qədər inkişaf etmiş ölkəsi sayılır. Amma yerli valyutanın mübadilə məzənnəsi çox aşağıdır. Ölkənin tənzimləyici qurumları yerli valyutanın möhkəmlənməsi üçün bütün addımları atsalar da onların səyləri hələ ki, zəif nəticə verir.
5. Syerra-Leone leonu
Syerra-Leonedə 1 ABŞ dolları 9,7 min leondur. Burada təəccüblü bir şey yoxdur. Syerra-Leone böyük sarsıntılardan çıxmış çox kasıb Afrika ölkəsidir. Bütün bunlar isə yerli valyutanın zəifləməsilə nəticələnib. Bir qədər əvvəl ölkədə müharibə gedirdi, indi isə Ebola virusu yenidən baş qaldırıb.