2018-ci ildə sahibkarlara 170 mln. manat kredit veriləcək

2
729

“2018-ci ildə sahibkarlara 170 milyon manat kreditin verilməsi nəzərdə tutulur”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Onun sözlərinə görə, sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi çərçivəsində 2017-ci ildə 1953 sahibkara ümumi dəyəri 636 mln. manat olan geri qaytarılan kreditlər hesabına 146 mln. manat güzəştli kredit verilib. “Bunun 68 faizi aqrar sektora, 32 faizi digər sahələrin inkişafına, o cümlədən 65 faizi regionların payına düşüb. Tütünçülüyə 1,6 mln. manat, 2600 hektar zeytun və 500 hektar badam yağlarının salınmasına, illik istehsal gücü 3,7 min ton olan zeytun yağı istehsal zavodunun tikintinə 10 milyon manat güzəştli kredit verilib. Bu il isə ən azı 170 milyon manat veriləcək. Ötən il investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib, bu layihələr nəticəsində yerli istehsalata 2 milyard manatdan artıq investisiya yatırılır. Hesabat dövründə 16 minədək yeni iş yeri yaradılıb, layihələrin 87 faizi regionların payına düşüb. 29,7 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracına 3 milyon manata yaxın ixrac təşviqinin yönəldilməsinə dair qərar qəbul edilib”.

Ş. Mustafayev qeyd edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunun tətbiqindən ötən dövrdə vergi yoxlamaları istisna olmaqla cəmi 153, o cümlədən 2017-ci ildə 83 yoxlama keçirilib: “Müqayisə üçün yoxlamaların dayandırılmasından əvvəlki 26 ay ərzində 125 mindən çox olub. Görülən işlər nəticəsində ötən il 221 min yeni iş yeri yaradılıb. Qeyri-neft sektoru ötən il 2,7 faiz, qeyri-neft məhsullarının ixracı isə 24,4 faiz artıb”.

Apa.az

2 COMMENTS