“Deloitte Azerbaijan” audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 87%-i inanır ki, hazırda Azərbaycanda formalaşmış biznes mühiti müsbət kimi qəbul olunur.
Nəticələr göstərir ki, respondentlərin mütləq əksəriyyəti 2018-ci ilə optimizmlə baxır. Belə ki, sorğuda iştirak edənlərin 79%-i inanır ki, vəziyyət yaxşıya doğru dəyişəcək. İştirakçıların 13%-i düşünür ki, vəziyyət dəyişməz qalacaq, 8%-i isə vəziyyətin pisləşəcəyinə şübhə etmir.
Optimizmin əsas səbəbini respondentlər 2015-2016-cı illərdə üzləşdiyi çətinliklərdən sonra şirkətlərində vəziyyətin stabilləşməsi ilə izah edir.
“Deloitte Azerbaijan” bildirir ki, Azərbaycandakı şirkətlər üçün fəaliyyətin effektivliyinin artırılması prioritet olaraq qalır: buna xərclərə nəzarətin gücləndirmək və optimallaşdırma hesabına nail olmaq olar.
Sorğu iştirakçılarının 66%-i hesab edir ki, indiki səviyyədə kapital qoyuluşları biznesin genişləndirilməsi üçün kifayət edir.
Respondentlərin 13%-i bir sıra obyektlərinin bağlanmasında israrlıdır.
© APA