Azərbaycan 2004-2018-ci illərdə xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Ümumilikdə son 15 ildə Azərbaycandan xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldilib”, – deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib.İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9 mindən çox şirkəti qeydiyyatdan keçib.
Ş.Mustafayevin sözlərinə görə, xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Mərkəzi Avropada Azərbaycanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Belarus, Ukrayna, Latviya və Çində Azərbaycan ticarət evləri açılıb. Bu yaxınlarda isə Azərbaycanın xarici ölkədə ilk şərab evi Çində fəaliyyətə başlayıb. Bundan başqa, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Polşa və Qazaxıstanda ticarət evlərinin yaradılması işlərinə başlanılıb.
O əlavə edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə 2018-ci ilin mayında Həştərxanda Azərbaycan İş Mərkəzi açılıb. İş Mərkəzində Azərbaycan məhsullarının nümayiş olunduğu daimi sərgi fəaliyyət göstərir. 2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evlərinın açılması nəzərdə tutulub. Bununla bərabər, Azərbaycanın Çin, Körfəz, MDB və bir sıra Avropa İttifaqı ölkələrində də ticarət və şərab evlərinin açılması planlaşdırılır.