Lotereya uduşlarına vergi güzəşti edilib
2019-cu ildən lotereya uduşlarından gəlir əldə edən şəxslər üçün vergi güzəştləri nəzərdə tutulub. Vergi Məcəlləsinə dəyişikliyə əsasən, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azad olunub.
Vergi Məcəlləsinin 101.5-ci və 102.1.26-cı maddələrində göstərilir ki, maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyaların keçirilməsindən əldə edilən uduşlardan iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğin 10 manatadək hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə edilmiş uduşların 10 manatdan artıq hissəsindən isə 10 faiz dərəcə ilə vergi tutulacaq. Hazırda ölkəmizdə lotereya uduşlarının əksəriyyəti 10 manatadək uduşlardır. Bu baxımdan, vergi güzəştləri sayəsində lotereya iştirakçılarının böyük bir hissəsi bundan yararlana biləcək.