Dublin Triniti Kollecinin mütəxəssisləri araşdırma aparıb və istifadəçi məlumatlarının təhlükəsizliyi baxımından hansı brauzerin ən etibarlı olduğunu müəyyən ediblər.
Bildirildiyi kimi araşdırmada, məlumatların təhlükəsizlik dərəcəsi əsas kriteriya olaraq götürülüb.
Beləliklə də, konfidensiallıq parametrlərinə görə reytinqin sonunda “Microsoft”un Edge brauzeri yer alıb. Ondan sonra isə anti-lider olaraq Rusiyanın “Yandex.Brauzer”i gəlir. Ekspertlər bu ikisini ən təhlükəli brauzerlər kimi qiymətləndiriblər.
Orta kateqoriyaya bir neçəsi düşüb: Google Chrome, Mozilla Firefox və Apple Safari. Bütün bu brauzerlər, real vaxt rejimində baş çəkilən saytlar barədə məlumatı defolt ( tək seçim) olaraq ötürürlər, amma bu funksiyanı de-aktiv etmək mümkündür.
Ən təhlükəsiz brauzerə gəldikdə isə araşdırmaçılara görə, bu, “Brave” brauzeridir. Məruzədə deyilir ki, onun hətta standart quraşdırmaları belə istifadəçilərin gizliliyini maksimum şəkildə təmin edir.
Qeyd edək ki, bu brauzerin yaradıcısı JavaScript-in müəllifi Brandan Eyx-dir.