Əməkdaşlarını sevgi ilə bəsləyən şirkət rəhbəri-Biznes

Date:

Paylaş:

Əsas stimul mənbəyi qızıdır. Düşünür ki, yaradıcı işdə məcburiyyətlər, çərçivələr olmamalıdır. İşçilərə sərbəstlik verməyin tərəfdarıdır. Müsahibimiz  “Markaman” brendinq şirkətinin rəhbəri Rəşad Baxışovdur.

Həmsöhbətim 1984-cü ildə Beyləqan şəhərində anadan olub. Orta təhsilini türk liseylərindən birində, ali təhsilini isə keçmiş Qafqaz Universitetinin şərqşünaslıq fakültəsində alıb. Xarici dillərə və ədəbiyyata böyük marağı olub. Deyir ki, ən böyük arzusu Heydər Əliyevin tərcüməçisi olmaq idi. Lakin ulu öndər dünyasını dəyişdikdən sonra bu sahəni davam etdirmək istəyi olmayıb və tamam başqa peşəyə yönəlib. 2003-2004-cü illərdə universitet dövrünün daha aktiv və əyləncəli keçməsi üçün dostları ilə birlikdə gənclər üçün “Şərq-Qərb” (East-West) adında bir dərnək yaradırlar. Dərnəyi yaratmaqda məqsəd tələbələrin fərdi inkişafına dəstək olmaq və auditoriya qarşısında çəkinmədən, sıxılmadan danışmağa stimullaşdırmaq idi. Dərnəyin təqdimatı üçün loqo lazım olur. Rəşad bəy bu işi öz üzərinə götürür və beləcə, dizaynerlik sahəsində ilk addımlarını atır: “Universitet illərindən cızma-qara etməyə marağım olub. Dərs maraqsız keçəndə, özüm üçün şəkillər çəkib deyirdim ki, bu, gələcək şirkətimin emblemidir (gülür). Açığı o dönəmlər loqodan, dizayn sözlərindən anlayışım yox idi. Dərnəyimiz üçün loqo tələb ediləndə dedim ki, problem yoxdur, mən çəkərəm. Loqonu ilk olaraq kağız üzərində çəkdim, amma bildirdilər ki, elektron versiyada lazımdır. Bu barədə məlumatım olmadığı üçün məni dizaynerlərə yönləndirdilər. Həmin ərəfədə bir çox dizaynerlə söhbət etdik, iş mexanizmlərinə yaxından bələd oldum. Belə-belə, dizayn sahəsinə marağım yarandı. Bu sahəyə hələ ki, tam iş olaraq baxmırdım, hobbi olaraq yanaşırdım. Amma bir də gördüm ki, dizayn sahəsinə daxil olmuşam. Hətta, universitet illərində iş təklifləri alırdım, tələbəlik bitən kimi də bir şirkətdə dizayner olaraq çalışmağa başladım. Amma əsas olaraq idarəetmə, təşkilatçılıq, koordinasiya sahəsində olmaq istəyirdim. Düşünürdüm ki, dizayn bir işin sadəcə, vizual olaraq çatdırılmasıdır. Daha sonra bir türk reklam şirkətində  “art direktor” kimi işimi davam etdirdim. Təbii ki, öz şirkətimi yaratmaq istəyi hələ də qalırdı. Bu istəyimi də 2016-cı ildə “Markaman” şirkətinin əsasını qoyaraq həyata keçirdim”.

500 səhifəlik “CorelDRAW” kitabı

Dizayn sahəsində heç bir təhsili olmayan müsahibim, bildiklərinin hamısını internetdən və kitablardan öyrəndiyini deyir: “Dizayn sahəsində biliklərimi əsasən internetdən və kitablardan öyrənmişəm. Dizayn proqramlarından “CorelDRAW” ən çox istifadə edilən idi. Qərara gəldim ki, onu öyrənim. Mən 500 səhifəlik kitabı oxuyub bitirənə qədər proqramın da istifadə dövrü bitdi (gülür). Yeni proqram çıxdı. İndi onu oxuyuram, hələ ki, bu kitabın dövrü bitməyib”.

“Markaman” ruhu olan bir şirkətdir

Şirkət yaratmaq elə də asan iş deyil. İlk olaraq müəyyən araşdırmalar aparmaq və bazarda mövcud olan digər şirkətlərin iş mexanizminə əvvəldən bələd olmaq vacib şərtdir. Rəşad bəydən bu haqda nə düşündüyünü soruşduq: “Əslində biz bu gün müştərilərimiz üçün iş görərkən, mütləq şəkildə bazarı araşdırırıq. Amma öz şirkətimizi yaradarkən bunu etmədik. Öz auditoriyamızın olduğunu bilirdim. Ona görə də bazarda olan rəqib şirkətlərə görə narahat deyildim. “Markaman” ruhu olan bir şirkətdir. Məsələn, bəzən elə işlərimiz olur ki, orada nəzəri qayda-qanunlara riayət etmirik. Nəyi necə duyuruqsa, elə də edirik. “Markaman”ın əsas fərqi minimum resursla maksimum effekti əldə etməkdir. Bəlkə də ən böyük fərqimiz budur. İşimizi görərkən daha effektiv və optimal variantlar axtarırıq”.
“Markaman” şirkətini yaradarkən o qədər də çox vəsait sərf etmədiyini deyir: “Əslində bütün bizneslərin başında investisiya durur. Təbii ki, istisnalar olur və “Markaman” da elə o istisnalardandır. Şirkət yaratmamışdan əvvəl də bu işləri görürdük. Yəni əvvəllər “freelance” olaraq işləyirdik, amma sonra qərara gəldik ki, bunu hüququ müstəviyə daşıyaq və korporativləşək, şirkət kimi fəaliyyətimizi davam etdirək. Elə böyük bir vəsaitə ehtiyac olmadı”.
Həmsöhbətim işlərindən danışarkən hər dəfə “biz” kəlməsindən istifadə edir. Ona görə qərara gəldik ki, bir az “Markaman”nın kollektivindən danışaq: “Əslində “biz” demək, “mən” deyə bilməməkdən qaynaqlanır. Sevmirəm “mən” kəlməsini çox işlətməyi. Nədənsə, bu kəlmə məni narahat edir. “Mən” sözünü bacardığım qədər özümə yaxın buraxmamağa çalışıram. Sadəcə işin rəsmi tərəflərini görən bir dostum var. Dostum şirkətimizin mühasibatlıq və digər rəsmi işlərini görür. Mənə də belə biri lazım idi. Çünki işin yaradıcı tərəfi ilə məşğul olurdum, digər işlərə vaxt ayıra bilmirdim. “Markaman” supervayzinq şirkətidir, hər işi özü görməlidir, ştatlı işçiləri olmalıdır deyə, bir məcburiyyət yoxdur. Məsələn, tutaq ki, bir müştərimiz yaxşı bir reklam çarxı çəkdirmək istəyir. Biz işlərin koordinasiyası ilə məşğul oluruq. Yaxşı bir reklam agentliyi ilə danışıb həmin işi təşkil edirik.  Kollektivimizin işçi sayı heç vaxt stabil olmayıb. Bəzən 10, daha çox və ya az olub say, bəzən isə tək olmuşam. Amma indi şirkətimiz böyüməyə doğru gedir”.

Şirkətdəki iş prosesindən, əməkdaşlarından danışan həmsöhbətim qeyd edir ki, işçilər üçün maksimum dərəcədə sərbəst şərait yaratmağa çalışırlar: “İstəmirəm ki, özümün yaşadığım problemləri işçilər də yaşasın. Bizimki robot işi deyil, hansısa şərtlərlə və çərçivələrlə məhdudlaşdırılmır. İşin içində ideya, yaradıcılıq varsa, digər işlərdən fərqli olaraq, səhər 9-dan, axşam 6-ya kimi ofisdə olmaq məcburiyyəti yoxdur. İş insanın ağlında olmalıdır. Tutaq ki, bir işçi toya gedib, ofisdə deyil. Amma o, yenə də beynində hansısa ideya haqqında düşünür, onun ilkin cizgilərini çəkir. Yaradıcı işlə kommersiya işini ortaq məxrəcə gətirmək lazımdır. Bu baxımdan, işçilərə maksimum rahatlıq verməyə çalışmışıq. İşə gecikmə, hər hansısa bir problem baş verə bilər. Həmin anda qan-qaraçılıq yaratmaq, həm işçinin, həm özünün əhvalını korlamaq iş prosesinə mənfi təsir göstərir. Ən əsası isə “Bu cür münasibət şirkətə nə qazandıra bilər” sualı ətrafında düşünmək lazımdır. Yəni bizim şirkətdə əməkdaşlarımıza münasibət, işə yanaşma tərzimiz fərqlidir. Bu baxımdan işdəki ab-havamız həmişə pozitiv olub. Hətta müştərilərimizə də deyirik ki, biz əməkdaşlarımızı sevgi ilə bəsləyirik. Gördükləri işdən zövq almaları üçün daim motivasiya edirik”.

Motivasiyadan söz düşmüşkən, qeyd edək ki, Rəşad bəyin ən böyük stimul mənbəyi qızıdır: “Bəzən hər şey qaydasında getmir. Gün içərisində əhvalımız tez-tez dəyişir. Mənfi nələrsə baş verir, ümidsizliyə düşürsən, davam etməyə gücün çatmır. Amma konkret olaraq sənə stimul verən qüvvə varsa, bunların öhdəsindən çox rahatlıqla gəlirsən. Mənim motivasiya mənbəyim, stimul qaynağım qızımdır. Hər bir valideyn övladı üçün çalışır”.

Rahatlıqla özümə “markaman” deyə bilərəm

Gələk şirkətin ad seçiminə. Açığı birinci dəfə “Markaman” adını eşidəndə mən də çaşmışdım. Bəli, əksər insan ilk səslənişdə “Markaman” adını “narkoman” kimi anlayır. Həmsöhbətim gülərək artıq bu çaşqınlıqlara öyrəşdiklərini deyir: “Şirkətə əslində başqa ad qoymuşduq və o, ad cəmi 1 gün oldu. Hətta, möhür filan da alınmışdı, bütün rəsmi proseslərdən keçmişdik. Xidmət üçün hər şey hazır idi. Amma nədənsə, həmin ad ürəyimcə deyildi. Dostuma bildirdim ki, adı dəyişmək istəyirəm. Təbii ki, bu qədər yol qət etdikdən sonra şirkətin adını dəyişmək çətin idi. Amma buna baxmayaraq, dostum adı dəyişməkdə mənə kömək etdi. Düşündük ki, əgər markalaşma işi ilə məşğul oluruqsa, elə şirkətin adını da “Markaman” qoyaq. Bu söz artıq uzun müddətdir ki, dilimizə daxil olub və mən bu gün çox rahatlıqla özümə “markaman” deyə bilərəm. Yəni əgər adımın qarşısında “brend menecer” yazsam, bəlkə də, bu işin təhsilini alanların xətrinə dəyər, onların haqqını yemiş olaram. “Markaman” şirkətimizin adıdır, ona görə də düşünürəm ki, bunu istifadə etməkdə heç bir problem yoxdur”.

Bir az da işin çətinliklərindən danışaq. Müsahibim deyir ki, hər bir işin zövqlü tərəfi olduğu kimi, çətin tərəfləri də var: “Artıq çətinliklər adi hal alıb. Tutaq ki, müştəri ilə görüşə gedirsiniz. Düşünməlisiniz ki, o, sizə niyə inanıb, güvənməlidir? Bəzən elə olub ki, 6 ay üzərimizdə şübhə ilə iş görmüşük. Zövqlər fərqli olduğu üçün ortaya qoyulan işə də yanaşma müxtəlif olur. Elə olub ki, bir reklam filmi çəkmişik. Bizə görə iş çox yaxşı alınıb. Amma müştəri bəyənməyib. Çünki dövrün bayağı reklam tələblərinə uyğun olmayıb. Markanı “gözə soxmaqla” reklam etməmişik. Lakin zamanla müştəri də nə etmək istədiyimizi anlayıb. Yəni çətinliklərimizdən biri müştərilərin işə şübhə ilə yanaşmasıdır. Təcrübələrimizə əsasən deyə bilərəm ki, 6 aydan sonra müştərimizin məmnuniyyətini görmüşük. Bunların şahidi olduğumuza görə, işimizə güvənirik və özümüzə tam əminik”.
Son olaraq Rəşad bəydən gələcək planlarını xəbər aldıq: “Çox istərdim ki, “Markaman” dünya miqyaslı şirkət olsun. Hər bir şirkət pul qazanmaq istəyir, həmçinin biz də. Amma bizim üçün əsas, sosial məsuliyyətlilik tərəfidir. İşlədiyimiz şirkətləri xüsusi olaraq seçirik. Keyfiyyətinə, xidmətinə bələd olmadığımız müştərilərlə işləmirik”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...