Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Əsassız əlillik pensiyalarının ləğvi ilə büdcəyə 3 mln manat qənaət edilib –...

Əsassız əlillik pensiyalarının ləğvi ilə büdcəyə 3 mln manat qənaət edilib – YENİ TƏLƏB

199
Paylaş

Hazırda ölkə üçün aktual olan saxta əlillik pensiyası alan şəxslərin əmək pensiyasından məhrum ola biləcəyi haqda məlumat vermişdik.

Əvvəl də məlumat verdiyimiz kimi ekspertlərdən bəzisi həmin vəsaitlərin geri qaytarılmasını müşkül məsələ hesab edir, bir qismi isə saxta əlilliyi təyin edən şəxslərin məsuliyyət daşıdığını söyləyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məsələ ilə bağlı İqtisadiyyat.az  saytına münasibət bildirib:

“Yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması həm buna yol vermiş vəzifəli şəxslər, həm də vətəndaşların özləri tərəfindən həyata keçirilir. Belə ki, yanlış əlillik təyinatına bilərəkdən yol verdiyi təsdiqini tapan vəzifəli şəxslərə həmin vəsaitlərin büdcəyə qaytarılması öhdəliyi tələb kimi qoyulur. Digər hallarda yalnış əlilliyə görə pensiya və ya sosial müavinət almış şəxslərə ödənilmiş bu vəsaitləri büdcəyə qaytarmaları barədə rəsmi məktubla müraciət olunur. Əksər hallarda bu vəsaitlərin könüllü qaydada ya birdəfəlik, ya da hissə-hissə olmaqla büdcəyə qaytarılması təmin olunur. Bir sıra hallarda isə məhkəmə qaydasında bu məsələlər həll edilir və vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir. Onu da bildirim ki, 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatı 61%, I qrup təyinatları isə 56% azalmış, əsassız təyinatlar ləğv edilərək, 3 mln manat büdcə vəsaitinə qənaət edilmişdir. Yanlış əlillik təyinatlarının ləğv edilməsi yalnız ötən dövr deyil, qarşıdakı dövr üçün də milyonlarla manat büdcə vəsaitlərinin ünvansız xərclənməsinin qarşısını alıb. Qeyd olunanlarla yanaşı təyinatlarda qanunvericiliyin tələblərinin pozulması hallarına dair aidiyyəti sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib”.