Əsas səhifə Satışda olan bizneslər İnvestisiya və Əməkdaşlıq Ərəb şirkətləri pilot layihələrimizə maliyyə dəstəyi göstərəcəklər

Ərəb şirkətləri pilot layihələrimizə maliyyə dəstəyi göstərəcəklər

39
Paylaş

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 400 mln. dollara yaxın sərmayə yatıracaq.

Bu barədə jurnalistlərə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov söyləyib.

Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması təxminən iki il çəkəcək və mərhələli olaraq istifadəyə veriləcək.

Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” və “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və “Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

E. Soltanovun sözlərinə görə, sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10%-i deməkdir. O həmçinin əlavə edib ki, 300 mln. kubmetr – Naxçıvan Muxtar Respublikasının qaz üzrə tələbatından çox bir həcmdir.

“Bu layihələrin həyata keçirilməsi əlavə xarici investisiyalar, qazın qənaəti və ixrac imkanların genişlənməsi deməkdir”, – deyə E. Soltanov qeyd edib.