Zaur Darabzadə: “CinemaPlus” Azərbaycanın ən böyük əyləncə mərkəzidir

Date:

Paylaş:

Bizplus.Az “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin Report-a müsahibəsini təqdim edir.

– Keçmiş “28 Cinema”, bugünkü “CinemaPlus” kinoteatrının 5 yaşı tamam oldu. Bu, əslində, artıq formalaşmış şirkət üçün uğur sayıla bilər. Demək, siz 5 ildir düzgün istiqamətdəsiniz. Zəhmət olmasa, kinoteatr haqqında məlumat verərdiniz.

– Düzgün qeyd etdiniz ki, əgər hər hansı şirkət bazar iqtisadiyyatı və azad bazar rəqabəti dövründə 5 və daha çox il fəaliyyət göstərib, inkişaf edirsə, demək, o düzgün istiqamətdədir. Keçmiş “28 Cinema” 5 il əvvəl açılması ilə düzgün addım atmışdı. Çünki ölkəmiz sürətlə inkişaf edir, cəmiyyətimiz sürətlə dünyaya inteqrasiya edə bilir, gənclərin sayı artır, sosial-mədəni həyat inkişaf etməkdədir. Bu isə artıq yeni teatr, kinoteatr və digər mədəniyyət ocaqlarına olan tələbatı artırırdı. “28 Cinema” da doğru zamanda fəaliyyətə başladı və çox tez bir zamanda bazarın liderinə çevrildi.

Daha sonra biz “28 Cinema” adını dəyişərək “CinemaPlus” adlandırmaq qərarına gəldik. Səbəb isə çox sadə idi. Kinoteatr şəbəkəsini genişləndirmək istəyirdik. Ad isə buna imkan vermirdi. Çünki “28 Cinema” adı düşünülərkən, sırf yerləşdiyi lokasiyaya uyğun düşünülmüşdü. Beləliklə, total rebrendinq edərək, həm adı, həm xidmət səviyyəsini, həm də yanaşmamızı dəyişdik.

– Sual verməzdən öncə rebrendinqin çox uğurla həyata keçməsi ilə əlaqədar sizi təbrik edirəm. Ad, xidmət səviyyəsi və başqa məsələlərin dəyişməsini anladım, bəs yanaşma dəyişikliyi nədə öz əksini tapdı?

– Hətta deyərdim bir yanaşma yox, özümüz üçün yeni hədəflər təyin edib, onlara çatdıq. Məsələn, elə götürək xidmət səviyyəsinin artırılmasını. Özünüz bilirsiniz ki, bu gün kinoteatr bazarı geniş deyil və iştirakçıların sayı azdır. Göstərdiyimiz filmlər, satdığımız qida və içki isə, demək olar ki, digər kinoteatrlarla müqayisədə eynidir. Hətta qiymətlərdə də fərq yoxdur. Bunu düşünərək, qərara gəldik ki, öz xidmət səviyyəmizi artıraraq, tamaşaçıların rəğbətini qazanmalıyıq. Ələxsus da rebrendinqdən sonra. Çünki çoxları “28 Cinema” adını unudub, “CinemaPlus” adını yadda saxlamaqda çətinlik çəkirdi. Ona görə biz bütün gücümüzü tamaşaçıya göstərilən xidmətin ən yüksək səviyyəyə çatması üçün sərf etdik. Bunun  tam icra olunduğunu deməzdim, lakin işin 70%-i görülüb. Bu, çox nəhəng bir işin həyata keçməsi deməkdir.

– “CinemaPlus”da iki il ərzində nə kimi işlər görülüb və gələcəkdə nələr gözlənilir?

– Görülən işləri məmnuniyyətlə qeyd edərəm, lakin görüləcək layihələri tam açıqlamaq istəməzdim. Bir neçəsi barədə məlumat verəcəm. Görülən işlərin arasında:

1. www.cinemaplus.az saytının tamamilə yenilənməsi. Xeyli sayda yeni funksiyaların əlavə olunması, bilet alma prosesinin tezləşdirilməsi və sadələşməsi;

2.“CinemaPlus”un mobil əlavəsinin tamamilə yenilənməsi. Funksiyaların arasında kinoya bileti əlavəni tərk etmədən alma imkanı, gələcəkdə nümayiş olunacaq filmləri “like” düyməsi ilə bəyənib və filmin nümayişə girməsinə 1 gün qalmış məlumatlandırılması;

3.“CineClub” loyallıq sisteminin tamamilə yenilənməsi;

4. Fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqların quraşdırılması. Bundan əlavə, “CinemaPlus Azərbaycan” kinoteatrında fiziki məhdudiyyətli insanlar üçün xüsusi lift xidmət göstərir. Bu da o deməkdir ki, kinoteatrın qapıları hər bir tamaşaçının üzünə açıqdır;

5. “Cinemazadeh” şirkəti ilə birgə xarici filmlərin yerli dublyajla səsləndirilməsi;

6. Azərbaycan istehsalı olan filmlərə böyük dəstək verilməsi;

7. Yeni hədiyyə kartlarının tətbiqi. Yəni artıq insanların ad günlərinə hədiyyə olaraq xüsusi kartlar vermək mümkündür. Bu isə kino məhsulunun insanların həyatında daha vacib rol oynamasının göstəricisidir;

8. Yeni dəvətnamə sisteminin tətbiq edilməsi;

9. Pəhriz saxlayanlar üçün xüsusi “Diet Popkorn” məhsulunun istehsalı və satışı;

Saymaqla bitməyəcək…

Gələcəkdə bilet alışı prosesini daha da təkmilləşdirmək, yeni avadanlığın gətirilməsi, növbələrin azalması və əlbəttə ki, insanların zövqünə uyğun kino nümayiş etdirmək əsas məqsədimizdir. İpucu verə bilərəm ki, tezliklə kağız biletlərin dövriyyəsi azalacaq, sonra isə, ümumiyyətlə, yığışdırılacaq. “CinemaPlus” elektron bilet sisteminə keçəcək. Bu isə həm bilet alışı prosesini, həm də zala daxil olma prosesini xeyli asanlaşdıracaq.

– Bu gün “CinemaPlus” şəbəkəsinə neçə kinoteatr daxildir və daha neçə kinoteatr açmaq fikriniz var?

– Bu gün “CinemaPlus” (CP) şəbəkəsinə 6 kinoteatr (33 zal) daxildir. Bunlar CP 28 Mall, CP Ganjlik Mall, CP Azərbaycan, CP Amburan Mall, Aygun Mall və CP Xəmsədir (Gəncə şəhəri). Bildiyiniz kimi, “CinemaPlus” ilk dəfə 2016-cı ildə Azərbaycanın digər şəhərlərində kino mədəniyyətinin inkişafına öz dəstəyini verib və Gəncə şəhərində sovet dönəmindən sonra ilk müasir “CinemaPlus Xəmsə Mall” kinoteatrını istifadəyə verib. Bu kinoteatr heç də Bakıda fəaliyyət göstərən kinoteatrlardan geri qalmır və bütün dünyada fəaliyyət göstərən kinoteatrlarla eyni vaxtda premyeraları nümayiş etdirmək imkanı var.

Gələcəkdə daha iki kinoteatr istifadəyə verəcəyik. Biri Gəncə şəhərində yeni açılmış “Gəncə Mall”da, o biri isə Bakının mərkəzində yerləşən yeni açılacaq “Caspian Waterfront” əyləncə mərkəzində olacaq. Orada Azərbaycanda bu günə kimi tətbiq olunmayan və dünya kinoteatr bazarında az kinoteatrın malik olduğu yeniliklər olacaq.

– Zaur bəy, sizcə, “CinemaPlus” brendinin bu gün Azərbaycanda artıq daha öncə sözünü demiş və milyonların rəğbətini qazanmış brendlərlə bir sırada olması nə dərəcədə realdır?

– Siz haradan bilirsiniz ki, “CinemaPlus” milyonların rəğbətini qazanmayıb? (gülür) Mən tam əminliklə deyə bilərəm ki, 2016-cı ildə “CinemaPlus” şəbəkəsində 1 milyondan artıq tamaşaçı kino izləyib. Məgər bu kifayət deyilmi ki, “CinemaPlus” bu gün Azərbaycanın ən böyük əyləncə məkanı sayılsın və iri şirkətlər arasında olsun? Hətta mən deyərdim iri şirkətlər özləri “CinemaPlus”la əməkdaşlıq etmək istəyir və bu, bizim üçün uğurdur.

Azərbaycanda fəaliyyət göstərən əksər iri şirkətlər, holdinqlər, teleradio sahəsindən, telekomunikasiya sahələrindən tutmuş, nazirliklərə kimi “CinemaPlus”la işləməkdən məmnundur. Bu gün böyük şirkətlərin, dövlət müəssələrinin İnsan Resursları Departament müdirləri öz həmkarlarını motivasiya etmək üçün, ad günlərini təbrik etmək üçün hədiyyə olaraq məhz “CinemaPlus”a dəvətnamə, hədiyyə kartı sifariş edir, marketinq departamentləri korporativ keçirmək üçün restoranlara yox, “CinemaPlus”a müraciət edir. Çünki biz həm maarifləndiririk, həm istirahət etməyə imkan yaradırıq, həm də insanları standart istirahətdən daha emosional istirahətə yönəldirik. Bu gün “CinemaPlus” Azərbaycanın ən böyük əyləncə mərkəzidir.

– Hansı yaddaqalan layihələri bizimlə bölüşə bilərsiniz?

– Layihələr həddən artıq çoxdur, çox istərdim hamısını sizinlə bölüşüm, lakin vaxtımız az olduğundan ən yaddaqalanları haqqında məlumat verəcəm.

İlk öncə Leyla Əliyevanın iştirakı və Heydər Əliyev Fondunun dəstəyilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq maraqlı cizgi filmləri nümayiş etdiririk, kino vaxtı uşaqlar dadlı popkorn və sərin içkilərdən sərbəst şəkildə istifadə edir.

İDEA ilə birlikdə iki kinoteatrın – “CinemaPlus Azərbaycan” və “CinemaPlus Amburan Mall”ın qarşısında velosiped həvəskarları üçün xüsusi dayanacaqlar quraşdırdıq.

Bundan əlavə, Azərbaycan kino industriyasında ən böyük büdcəli kino olan “Əli və Nino” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olundu və demək olar ki, 100 mindən çox insan bu filmi izləmək imkanı qazandı.

İlk dəfə olaraq Azərbaycanın ulduzları ilə xarici filmləri peşəkar şəkildə dublyaj edərək yerli tamaşaçıya təqdim etdik. Bu layihə bizim əsas tərəfdaşımız “Cinemazadeh” şirkətinin köməyi ilə baş tutdu.

Azərbaycanda səs salmış bütün iri təqdimatların, layihələrin hər zaman informasiya dəstəkçisi olmuşuq. Onların arasında “Maşın Şou”, “Jara” musiqi festivalı, bir çox məşhur dünya ulduzlarının konsertləri, marketinq forumları və başqaları var.

Son yaddaqalan layihəmiz yenə də “Cinemazadeh” və “Cinema Distribution” şirkətləri ilə birgə çəkdiyimiz “Kəklikotu” filmi və onun inanılmaz qala gecəsi oldu. Qala gecəsində 1000-dən çox insan iştirak etdi. Bütün KİV nümayəndələri, məşhurlar, mədəniyyət və incəsənət xadimləri bu gecədə idi. Filmin özünə gəlincə, “Kəklikotu” ilk 4 günündə Azərbaycanda bu günə kimi heç bir yerli filmin göstərə bilmədiyi rekord nəticə göstərib.

– Qiymətlərlə bağlı hansı fikir bildirə bilərsiniz? Dəyişikliklər varmı? Yaxud gözlənilirmi?

– Dünyada olan qlobal iqtisadi böhrana baxmayaraq, biz devalvasiyadan sonra qiymətləri qaldırmadıq. Yəqin ki, xəbəriniz var, kinoteatr bütün dünyada, eləcə də Azərbaycanda ən ucuz istirahət növü sayılır. Siz 10-11 manata həm 2 saat ərzində hər şeydən uzaqlaşaraq istirahət edə bilərsiniz, həm də dadlı popkorn və sərin içki içə bilərsiniz. Lakin bu ucuz istirahətin arxasında çox çətin proses dayanır. Belə ki, kino məhsulundan tutmuş popkorn toxumuna kimi kinoteatr tərəfindən idxal olunur. Onu da qeyd etmək istərdim ki, “CinemaPlus”da satılan popkorn ABŞ-dan idxal olunur və xüsusi sort qarğıdalı və reseptlə hazırlanır. Təbii ki, idxal olunan mallar xarici valyuta ilə alınır. İndi özünüz düşünün, dollar 0,78 AZN olan da biletin qiyməti maksimal 7 manat, popkorn isə 2 manat idi, indi isə dollar 1,70-dir, lakin qiymətlər hələ də dəyişməyib. Bu da kinoteatrın gəlirlərinin azalmasının göstəricisidir. Ona görə də “CinemaPlus” kinoteatrlar şəbəkəsi artıq yerli istehsal olan filmlərə qiymət artımı edib. Səbəb isə yerli film istehsalçılarına dəstək olmaqdır. Xarici filmlərə gəlincə, qiymət siyasətində dəyişiklik olmasa, yeni ildən sonra onların nümayişlərinin məhdudlaşması riski var. Böyük ehtimalla, xarici filmlərə də biletin qiymətlərində cüzi dəyişiklik baş verəcək. Lakin narahat olmaq lazım deyil. Hətta qiymət artımı baş verdikdə belə, kinoteatr ən ucuz istirahət məkanı kimi öz yerini saxlayacaq. Onu da qeyd edim ki, yerli filmlərə biletlərin qiyməti artsa da, tamaşaçı dinamikasına mənfi təsir göstərməyib, əksinə, tamaşaçı sayı gündən-günə artır.

– Azərbaycanda kinematoqrafiya sahəsinin dirçəlməsi və inkişafında nə kimi addımlar atılır, nə işlər görülür?

– Son zamanlar özünüz də, yəqin ki, görürsünüz, yerli film istehsalı sektorunda xeyli inkişaf və irəliləyiş var. Demək olar ki, hər 1-2 aydan bir yeni film çıxır. Yeni aktyorlar, rejissorlar tanıyırıq və bu da çox sevindirici haldır. Dövlət özü də yeni filmlərin çəkilişlərinə, yeni avadanlıqların alınmasına dəstək verir. Azərbaycan Respublikası prezidentinin 18 yanvar 2016-cı il tarixli, 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrinin siyahısına kinematoqrafiya fəaliyyətinin (kinofilmlərin yaradılması, nümayişi, yayımı, istifadəsi, təbliği, mühafizəsi) daxil edilib.

Müəllif hüquqlarını pozan (pirat) kontentlərə qarşı ciddi mübarizə aparırıq. Bu cür hallar kinoteatrın fəaliyyətinə çox neqativ təsir göstərir. Yerli və xarici filmlərin internet resurslarına düşməməsinə çalışırıq.

– “CinemaPlus” 2 il ərzində bu qədər uğura imza atıbsa, gələcəkdə nə kimi planları var? Məqsədiniz nədir?

– Biz “CinemaPlus” brendini yaradanda qarşımıza çox məqsədlər qoymuşduq, lakin biri ən əsas idi: “CinemaPlus” hər bir insanın həyatında kiçik də olsa, yer tutmalıdır. Yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq. Və bu, o demək deyil ki, yalnız film nümayiş etdirməklə. Əsla… Göstərdiyi xidmətlə. İnanın, biz bunu edə bildik. Son iki il ərzində “CinemaPlus” həm dünyanın ən maraqlı futbol qarşılaşmalarının nümayişinə başladı, həm Azərbaycanda keçirilən ən irimiqyaslı forumları ərazi, səs və digər xidmətlərlə təmin etdi, həm Azərbaycanda fəaliyyət göstərən yüzlərlə iri şirkətləri minlərlə xüsusi dəvətnamələr, hədiyyə kartları ilə təmin etdi. Bu isə artıq “CinemaPlus”un sadəcə kino nümayişi üçün meydança yox, hər bir insanın burada öz sevinc və istirahət payını tapa biləcəyi məkana çevrilməsinin ən birinci göstəricisidir.

Gələcək məqsədimiz isə dəyişməz olaraq qalır: Tamaşaçının zövqünü daim inkişaf etdirmək, keyfiyyətli, eyni zamanda, əlçatan istirahət üçün maksimum şərait yaratmaq və insanların həyatında kiçik payımızı daha da artırmaqdır. Sürətlə inkişaf edən Azərbaycanın mədəni həyatında rolumuzun olması bizim üçün ən böyük qürur mənbəyidir. Bu yolda inamla addımlamağa davam edəcəyik.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...