Əsas səhifə Müsahibə Zaqatalada oturub ABŞ-la əməkdaşlıq edən azərbaycanlı

Zaqatalada oturub ABŞ-la əməkdaşlıq edən azərbaycanlı

1898
Paylaş

Qeyd edək ki, Ş.Rzayev  həmçinin, “Azərbaycan MySQL User Group” və “Azərbaycan Python User Group”un yaradıcısıdır. Sosial mühitdə texniki fəaliyyətlərindən dolayı, “2015 MySQL Contributor Award”a layiq görülüb. “OCP MySQL Administrator” və RHCSA sertifikatlarına sahibdir. Əvvəllər “Multibon”, “Web Dreams”, “Pasha Bank”, “APA Holding”də çalışıb.

Qeyd edək ki, Ş.Rzayev 1989-cu ilin 24 oktyabrında Bərdə rayonunun Kətəlparaq kəndində doğulub. 1992-ci ildə Bakıya köçüblər. İbtidai sinfi Bakıdakı 286 nömrəli orta məktəbdə bitirib, orta təhsilini isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. 2007-2011-ci illərdə İqtisad Universitetinin maliyyə fakültəsində təhsil alıb.

– İxtisasınız maliyyəçidir, amma bu gün çalışdığınız sektor İT-dir. Niyə İT?

– Üçüncü kursda oxuyanda rus saytlarının birində bir kod yazılışını gördüm. Nə olması ilə maraqlandım. Həmin vaxta qədər kompüterin ekranının şəklini çəkməyi belə bilmirdim. Sonra o kodla maraqlandım və gördüm ki, əsl mənlik işdir. 3-cü kursa qədər dərslərə önəm verirdim, qiymətlərim yaxşı idi, proqramlaşdırmaya meyillənəndən sonra artıq universitetin dərsləri mənim üçün formal xarakter aldı. Hiss etdim ki, səhv yerdəyəm, ruhum maliyyəçi deyil. Daha əvvəl belə bir şeyin olduğunu görsəydim, elə bu sahə üzrə təhsil alardım, ixtisasımla işim uyğun olardı. Amma həyat belə gətirdi, mən onun üstündə də çox durmadım. İnsan həvəsi olduğu işi görməlidir.

– Maliyyəni özünüz seçmişdiniz?

– Bəli, öz seçimim idi. Mənə kompüter gec – 18 yaşımda alınmışdı. Ondan daha əvvəl alınsaydı, bəlkə də həvəslənib məşğul olduğum sahənin ixtisasını seçərdim. Həm də həmin dövrdə ətrafımda İT, proqramlaşdırmanın nə olduğunu bilən, bunu mənə izah edən adam yox idi. Mən türk liseyini bitirmişəm, universitetə yüksək balla daxil olmuşdum. Maliyyəyə həvəsim olduğu üçün onu seçmişdim. Belə bir ixtisasla tanış olsaydım, bunu seçərdim.

– Bu sahədə təhsil almamağınız sizin üçün hər hansı boşluq yaratmadı?

– Mənəvi boşluğu daha çoxdur. Amma maddi tərəfdən yanaşsaq, üstünlüyü oldu. Bəzən universitetin bir ilə keçdiyi dərsi mən məcbur olub bir-iki aya öyrənmişəm. Universitetin qazandırdığı üstünlük odur ki, hər gün orda olursunuz, əlinizdə çoxlu ədəbiyyat və yanınızda başa düşmədiyiniz nəsə olanda, soruşacağınız müəllimlər olur. Həm də ki, mərhələ-mərhələ irəliləyirsiniz. Çatışmazlıq, nəyi, necə öyrənəcəyinlə bağlı əlində bir planın olmamağıdır. Mən araşdıra-araşdıra qarşıma çıxan hər şeyi öyrəndim, axırda irəliləmək üçün bir yol seçdim. O yolu seçənə qədər demək olar ki, hər şey haqda oxuyurdum. Müvafiq təhsil alsaydım, mənə konkret nə lazım olduğunu bilərdim.

– Sahəniz üzrə sosial cəhətdən aktivsiniz. Bəs bu iş şəbəkəsini necə qurdunuz?

– Mənə görə, hər kəs özünə hörməti qazandığı və paylaşdığı biliyi ilə əldə edir. Bizim ixtisasda hər hansı görünməz əl yoxdur. Kodu ya yaza bilirsən, ya da yox. Bu mənada “Facebook”da  öz sahəmlə bağlı aktiv paylaşımlar etməyə başladım. MySQL məlumat bazası idarəetmə sisteminin adıdır. O sistemi öyrənəndən sonra öz dilimizdə bu sahədə bloq üçün yazılar yazdım. Buna hobbi olaraq başlamışdım. “Facebook”da qrup açdım, sonra aktivliyimiz çoxaldığı üçün o qrupu rəsmi olaraq da tanıtdıra bildim. Məqalələr yazıb paylaşırdım, verilən suallara düzgün cavab verildiyini görürdülər. Belə-belə, zamanla özünə digərlərinin arasında yer edirsən, bir müddət keçəndən sonra o digərlərini də keçirsən və sən artıq kiməsə yol açırsan. Həyatın qanunu hər işdə belədir.

– Həm də Azərbaycanda İT sahəsində “open source” texnologiyalarını təbliğ edirsiniz.

– Buna “açıq qaynaq kod” deyirlər. “Open source” məntiqində sizin çox bilməyinizə deyil, çox paylaşmağınıza diqqət edirlər. Öyrəndiklərinizi paylaşırsınız. Mənə maraqlı olan bir yeniliyi tapıb öyrənən kimi, onun haqda məqalə yazıram.

– Yazıb paylaşmaq da vaxt alır. Bu, işə ayıracağınız zamandan kəsməyə gətirib çıxarmır?

– Bizdə rəhbərlik iş vaxtı işçisinin məqalə yazdığını görsə, ya danlayar, ya da deyər ki, bekarçılıqdan yazır. Amma xarici ekspertlər buna başqa cür yanaşırlar, sosial məsuliyyətiniz varsa, onlar üçün daha dəyərlisiniz. Yəni işəgötürmə tələblərində buna önəm verirlər. Bir də, yazdığınız kodları açıq şəkildə paylaşmağınız məsələsi də onlar üçün vacibdir. İstənilən insan o kodu götürüb öyrənə bilir. Təbii ki, burda çalışdığın şirkətin icazəsi olmalıdır. Hazırda çalışdığım şirkət özü “open source” ilə məşğuldur. Onun yazdığı bütün kodlar açıq olduğu üçün bizim yazdığımız kodları paylaşmağımız problem deyil. Amma yerli bazarda belə bir şey yoxdur.

– Bir az da hazırda çalışdığınız şirkət haqqında danışaq…

– “Percona LLC”nin baş ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşir. İşçilərinin hamısı – ABŞ vətəndaşlarından başqa – müstəqil kontraktla çalışırlar. Ofisdə oturmaq tələbi yoxdur, öz ölkəndə oturub, o şirkət üçün işləyirsən. Dünyanın bir çox qlobal şirkətlərində bu cür mexanizmlə çalışan işçilər var. Bizim şirkətdə çalışanlarla bir illik müqavilə bağlanır, ilin tamamında yenilənir. Əgər yeniləməyəcəklərsə, üç ay əvvəldən məlumat verirlər. Dolğun işləyirsinizsə, yeniləyirlər. Maaş həmin ölkəyə nəzərən yüksək olur.

– Maaş da yüksək verilirsə, niyə evdən işlədirlər?

– Əgər o şirkət məni hazırda Amerikaya aparsa, yerdəyişmə paketi versə, gərək indikindən 4-5 dəfə artıq maaş versin, sığortalasın, kirayəmizlə məşğul olsun, təhlükəsizliyi təmin etsin və s. Bir də xaricdən işçi gətirmək üçün dövlətdən iş icazəsi almalıdır. O isə əlavə xərc və prosedurlardır. Ona görə standart olaraq belə qəbul edirlər ki, işçilər öz ölkələrində oturub onlar üçün işləsinlər.

– İş mühiti necədir? Rəhbərlə əlaqəniz varmı?

– Müqayisə edim, universitetdə oxuyanda rektor dəhlizə çıxanda bizi siniflərə qovurdular. Halbuki rektor tələbələrlə ünsiyyətdə olmalıdır. Azərbaycanda bir çox yerdə rəhbər məcburi hörmət olunan və qorxulu bir şəxsdir. Bizdə devalvasiya olanda mən işlədiyim şirkətin rəhbəri yazmışdı ki, yaxşılıqdı, hər hansı problemin yoxdur? Məsələn, mən məqalə yazıram, onun bundan heç xəbəri olmaya da bilər. Məqaləni oxuyandan sonra mesaj yazır ki, yazını oxudum, əladır. Görmədiyimiz şeylərdir (gülür).

– Nə qədər vaxtdır ordan çalışırsınız?

– 2015-ci ilin oktyabrından…

– Maraqlıdır, Zaqatalada oturub dollarla maaş almaq necə hissdir?

– Çox gözəl hissdir (gülür).

– Niyə Bakı yox, Zaqatala?

– Əgər işiniz Bakıda deyilsə, qazancınız ordan asılı deyilsə, Bakıda qalmağa bir səbəb görmürəm. Həm tıxac, həm ətrafdakı stress insana təsir edir. Üstəgəl, qida da rayondakı kimi təbii deyil. Burda balın, qaymağın keyfiyyəti ilə yanaşı, qiyməti də münasibdir. Rayonda olmağın mənəvi üstünlüyü də var. Kitab yazmağa da vaxt ayırıram. Bakıda buna imkan edə bilmirdim, fikrim çox yayınırdı. Bizim iş incəsənət kimidir, gərək diqqətini yayındırmayasan. Rayonda yaşamaq daha yaxşıdır, hamıya da məsləhət görürəm. Zaqatalanı seçməyimə gəlincə, bir qohumumuzun iş təyinatı bura olmuşdu, burda yaşayırdı. Mən onları ziyarətə gəlmişdim, gördüm ki, qonaq kimi gəlmək yox, elə burda yaşamaq da olar.

– Bakıya tez-tez gəlirsiniz?

– İş olandan-olana gəlirəm. Məcbur qalmadığım müddətdə gəlmirəm.

– Dediniz ki, kitab yazırsınız. Nə vaxta hazır olar?

– Yazdığım hər bir hissəni paylaşıram, yəni onu da “open source” eləmişəm. Hər kəs girib oxuya bilər, kitab yazmaqdan hər hansı maddi maraq güdmürəm.

– Adətən, çox adam evdən işləməyə üstünlük vermir ki, vaxt bölgüsü apara bilmir. Evdə iş rejiminiz varmı?

– 2 və 3-cü günlər səhər saat 9-da “Hangout”da iclas olur. Həmin vaxt orda iştirak etmək lazımdır. Digər vaxtlarda səhər tezdən durmaqla bağlı tələb yoxdur. Neçə saat işlədiyinə yox, necə işlədiyinə baxırlar. Hər həftənin birinci günü həftəlik raportları veririk, orda bilinir ki, bu adam bu həftə işləyib, yoxsa yatıb. O raport da, məndə çox vaxt dolğun olur, ona görə heç vaxt problem yaranmır. Tutaq ki, sənin 2-ci gün işin çıxır, yaxud ürəyindən işləmək keçmir, onu 6-cı günlə kompensasiya edib, bir gün işləməyə də bilərsən. Evdə işləməyin insanın fikrini yayındırması ilə razılaşmıram. Təbii ki, evdəsinizsə, çörək lazım olursa, gedib siz almalı olacaqsınız. Amma evdə öz otağın, internetin, yaxşı şəraitin varsa, burda həm kitabınızı oxuyursunuz, həm də işləyirsiniz. Lazım olanda fasilə verirsiniz. Burda bir-iki saat piyada gəzməyə də vaxt ayırıram.

– Daim evdə işləmək maraqsız olmur?

– Əslində, harda işləyəcəyim mənim öz istəyimə bağlıdır. Bakıda olanda, evdə işləmək istəməyəndə “kovorkinq mərkəzi”nə də gedirdim, bir il BBF-in ofisindən istifadə etmişəm. Səhər çıxıb, axşam gəlmişəm. Evdə işləmək istəməyəndə kompüteri götürüb sakit bir kafedə də oturub çalışmaq olar. Heç nə problem və bəhanə ola bilməz.

– Belə başa düşdüm ki, hələ işinizi dəyişmək fikriniz yoxdur…

– Əgər çalışdığın yerdə sənə qiymət verilirsə, maddi tərəfdən də qane edirsə, niyə dəyişək? Maaşı daha çox olan, yeni pəncərələr açan şirkət olsa, dəyişərəm. Ümumən dəyişmək fikrim var, lakin hələ bəzi şeyləri öyrənməliyəm.

– İT sahəsinə yeni gələnlərə sözünüz varmı?

– Ən çox aldığım mesaj o olur ki, hansı istiqamətə yönəlim? Bəzən hər kəs öz çalışdığı istiqaməti deyir, amma proqramlaşdırmanın fərqli sahələri var və ora da yönəltmək olar. Daha dolğun, üst təbəqə sayılan sahələr var ki, Azərbaycanda onu öyrənmirlər, çünki burda həmin istiqamətlərə uyğun iş yoxdur. Amma bu o demək deyil ki, özümüzü Azərbaycanla çərçivələməliyik. Dünyadakı tendensiyanı araşdırsınlar. 5-6 aylıq əziyyətdən sonra nəticə alınır. Onlayn işlər çoxdur. Sadəcə, nəyisə öyrənib, onun arxasınca getmək lazımdır. “Open source” məhsullara dəyər versinlər. “Yaşım çoxdur, tez-bazar nəyi öyrənib pul qazana bilərəm” sualı ən pis təsir edən suallardan biridir. Bu məntiqlə yanaşanda, insan uğurlu ola bilmir. Pulu yox, həvəsi fikirləşmək lazımdır. Bəhanə gətirmək lazım deyil ki, mənim istiqamətim fərqlidir. O bəhanə kimdə keçsə də, məndə keçmir. Digər bir nüans odur ki, yenilikləri daha gözəl, paylaşaraq öyrənməliyik. Bir də sual verirlər ki, kompüter mühəndisliyi ilə bağlı ölkədə, yoxsa xaricdə təhsil alaq? Sözsüz, ki xaricdə. Böyük şirkətlər dünyaca məşhur universitetlərdə xüsusi istedadlı insanları tapmağa çalışırlar. O universitetlərdə olmaqla hardasa min addım irəlidə olursunuz. Müvafiq olmayan təhsil alırsınızsa, artıq o min addımı atmaq öz üzərinə düşür. Bir də “Tvitter” hesabına fikir vermək lazımdır. Bütün şirkətlər, ekspertlər əsas fikirlərini orda paylaşırlar. Mənə iş təklifi ordan gəlmişdi.

– Seçdiyiniz yolda uğurlu olmaq üçün hansısa metodunuz varmı?

– Nəyi öyrənirəmsə, onu yazıram, paylaşıram. Daim əlaqədə oluram, yeni insanları tanıyıram. Amerikalılarla bizim beyin fərqimiz nə ola bilər ki? Gendə xüsusi fərq görmürəm. Çox çalışıb, daha yaxşı mütəxəssis olmağı bacarıblar. Əgər bu xüsusi bir istedad olsaydı,  məndə 10 yaşımda özünü göstərərdi, göstərməyibsə, deməli, çalışmaqdan asılıdır.

©kaspi qəzeti

Paylaş